Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranan son vəziyyətin təhlili konfliktin sülh yolu ilə çözülmə ehtimalının hələ də aşağı səviyyədə olduğunu göstərir. Buna səbəb Ermənistanın danışıqlar prosesindən yayınması, qeyri-konstruktiv mövqeyindən əl çəkməməsidir. Təbii ki, hadisələrin bu məcrada inkişafı problemin hərbi müstəvidə həllinə dair proqnozları da artırır. Özü də bu gedişlə müharibənin baş verəcəyi gün elə də uzaqda deyil.
Nüfuzlu politoloq, Karnegi İnstitutunun araşdırmaçısı Tomas de Vaal bu ilin yaz aylarında müharibənin baş verəcəyini ehtimal edir. O, regionda təsir imkanları böyük olan Kremlin də müharibənin qarşısını ala bilməyəcəyini vurğulayır. Ekspertin zənnincə, əslində, Qarabağ məsələsində Rusiyanın rolu çox şişirdilib və bu ölkənin münaqişəni idarə etmək qabiliyyətinə malik olmasının bir illüziya olduğunu deyir.
Tomas de Vaal Ermənistanda Rusiyaya qarşı artan mənfi ictimai rəyi və Rusiyanın Azərbaycana tarixi müdaxilələrini xatırladaraq, hər iki ölkədə Rusiyaya şübhə və etibarsızlıqla yanaşdıqlarını vurğulayıb. O yalnız Azərbaycan və Ermənistanın münaqişənin sülh yolu ilə həlli üçün imkana malik olduqlarını düşünür. Lakin görünən odur ki, Ermənistan bu imkanlardan istifadə etmək istəmir. Ermənistanda sülhə yönəlik danışıqlar üçün ictimai dəstəyin olmadığını deyən Tomas de Vaal hərbi əməliyyatların yenidən başlanmasını təhlükəli hal adlandırır. Müharibə və ya aprel ayında baş vermiş hərbi əməliyyatlara bənzər toqquşmalar baş verdiyi halda, Tomas de Vaal bunun vəziyyəti daha da gərginləşdirəcəyini deyir.
Ermənistandakı Regional Tədqiqatlar Mərkəzinin direktoru Riçard Kirakosyan da hesab edir ki, yaz aylarında hərbi əməliyyatların başvermə ehtimalı artıb. O, yaz aylarında gərginliyin artma ehtimalını havanın isinməsi ilə hərbi əməliyyatlar üçün daha münasib şəraitlər yaranmasından və yeni silah sistemlərinin əldə edilməsindən asılı olduğunu bildirib. Ermənistanın "lragir" saytı da yazır ki, Dağlıq Qarabağda yeni müharibəyə hazırlıq aparılır. Qeyd olunur ki, Azərbaycan ərazilərin azad olunması üçün güc yoluna əl ata bilər: "Ermənistan hadisələrin bu cür inkişaf ssenarisinə hazırlaşır. Diplomatik dildə bəyan edilib ki, istənilən güc tətbiqi danışıqların ləğv olunmasına və sıfırdan başlamasına səbəb ola bilər". Amma Ermənistanda o da açıq etiraf edilir ki, yeni müharibədə Azərbaycanı daha böyük uğurlar gözləyir. Çünki ölkə hərb sahəsində də Ermənistandan çox üstündür. Digər tərəfdən, Azərbaycan Ermənistana nisbətdə hərb sahəsində daha genişmiqyaslı işlər görüb, ordusunun maddi-texniki bazasını əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Yeri gəlmişkən qeyd edək ki, bu xüsusda Prezident İlham Əliyev Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində "N" hərbi hissəsinin yeni inşa edilmiş hərbi şəhərciyinin açılışında çox maraqlı fikirlər səsləndirib: "Ordu quruculuğu prosesi Azərbaycanda dövlət siyasətidir... Bizim ordumuz güclü ordular sırasındadır. Son illər ərzində ordumuzun maddi-texniki təminatı böyük dərəcədə inkişaf edib. Bu gün təminat-təchizat baxımından yüksək səviyyəyə malik olan Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər. Biz son illər ərzində bir çox ölkələrdən ən müasir texnika, silah-sursat almışıq ki, bu texnika və silahlar bu gün bizim ordu potensialımızı gücləndirir. Bir neçə ölkədən alınmış onlarla döyüş təyyarəsi, 100-dən çox hərbi və hərbi nəqliyyat vertalyotu, hava hücumuna qarşı müxtəlif müasir sistemlər bizim müdafiə gücümüzü artırır. Müxtəlif ölkələrdən alınmış ən müasir tanklar, zirehli maşınlar, artilleriya qurğuları da düşmənin istənilən hədəfini yüksək dəqiqliklə və böyük dağıdıcı qüvvəsi ilə məhv edə bilər. Ən müasir pilotsuz uçuş aparatları, həm kəşfiyyat, həm döyüş üçün digər texnikalar alınır və bu proses bu gün də davam edir".
Dövlət başçısı vurğulayıb ki, ordu quruculuğu kompleks şəkildə öz həllini tapır: "Həm hərbçilərin xidmət, məişət şəraiti, döyüş texnikası ilə təminat, eyni zamanda, ordumuzun döyüş qabiliyyəti böyük dərəcədə artmışdır. Ordumuzda ruh yüksəkliyi var, vətənpərvərlik hissləri çox yüksək səviyyədədir. Ordumuzun döyüş qabiliyyəti bu gün dünya ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilir". Aydındır ki, Azərbaycan Ordusunun gücünü Ermənistanda da yaxış bilirlər və burada da çoxları etiraf edir ki, yeni hərbi toqquşmalar İrəvana daha böyük məğlubiyyətlər gətirəcək.
Tahir TAĞIYEV