Əflatun Amaşov: "Azərbaycan-Rusiya münasibətlərinin hazırkı mərhələsində jurnalistin Sergey Lavrova ünvanladığı sual ola bilsin ki, uğurlu deyildi"
Elçin Mirzəbəyli: "Anar Həsənov peşəkar jurnalistdir və sualı da çox dəqiq verib"
"Lider TV"nin Rusiya müxbiri Anar Həsənov işdən çıxarılıb. Jurnalist işdən çıxarıldığını təsdiqləsə də, ətraflı danışmaq istəməyib: "Bəli, mən artıq "Lider" telekanalında işləmirəm". Jurnalist başqa heç bir açıqlama vermək istəmədiyini bildirib.
Qeyd edək ki, A.Həsənovun Rusiyanın xarici işlər naziri Lavrova ünvanladığı suala verilən cavabdan Azərbaycan ictimaiyyəti haqlı narazı qalıb. Bir neçə gündür bu istiqamətdə KİV-də müzakirələr aparılır. Bu prosesin ardınca jurnalistin işdən çıxarılması birmənalı qarşılanmayıb. Məsələyə fərqli rakursdan yanaşanlar var. Sırf professionallıq nöqteyi-nəzərindən A.Həsənovun Lavrova ünvanladığı sualı düzgün saymaq olarmı?
Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovun fikrincə, Azərbaycan-Rusiya münasibətlərinin hazırkı mərhələsində Azərbaycan jurnalistinin Rusiyanın xarici işlər naziri Sergey Lavrova ünvanladığı sual ola bilsin ki, uğurlu deyildi: "Söhbət Dağlıq Qarabağ münaqişəsindən gedirsə, zənnimcə, daha vacib məqamlara diqqət yetirmək lazım idi. Məsələn, 2016-cı ilin "aprel müharibəsi"ndən sonra Lavrovun şəxsində Rusiya yeni sülh planı irəli sürmüşdü. Nizamlanma prosesindəki son və deyərdim ki, daha real mərhələ məhz bu plan idi. Ancaq biz gördük ki, plan icra olunmadı. Ermənistan məsələyə əhəmiyyət vermədi. Rusiya isə sözünün üstündə durmadı. Lavrovdan bunun səbəbini soruşmaq olardı. Nəzərə alaq ki, Rusiyanın yüksək vəzifə tutan nümayəndəsinə birbaşa sual vermək şansı hər zaman ələ düşmür. Şansdan maksimum yararlanmaq lazım idi.
İkincisi, jurnalistin işdən çıxarılması "Lider TV" rəhbərliyinin müstəsna səlahiyyətində olan məsələdir. Əlbəttə, o, istedadlıdırsa, səmərəli fəaliyyəti ilə seçilirsə, potensialından digər vəzifələrdə də istifadə etmək olardı.
Üçüncüsü, bəzi adamlar bildirir ki, A.Həsənov jurnalist peşəsinə uyğun olmayan dəst-xətt seçirmiş. Müxtəlif təmənnalı işlər görürmüş. Mən bu yanaşmanı məqbul saymıram. Əgər belə işləri olubsa, ona qarşı tədbir vaxtında həyata keçirilməli idi. O adamlar da gərək həmin vaxt dilə gələydilər, fikirlərini bildirəydilər. Hər bir halda, işçisini işdə saxlayıb, yaxud uzaqlaşdırmaq, bir daha deyim, "Lider TV" rəhbərliyinin səlahiyyətində olan məsələdir".
"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli isə fərqli düşünür. Onun sözlərinə görə, A.Həsənov peşəkar jurnalistdir və sualı da çox dəqiq verib: "Sual Lavrovu qıcıqlandırıb, onun diplomatik maskasını yırtıb və düşündüyünü, gerçək yanaşmasını ifadə etməyə sövq edib. Çox güman ki, Lavrov bu sualdan xoşlanmayıb və buna görə də suala qəzəbli cavab verib. Rus imperializminin neonasist təmsilçiləri bizi heç vaxt arzuladığımız statusda qəbul etməyəcək. Dəfələrlə demişəm: zorla olmur! 5 barmağınızı bala batırıb ikibaşlı qartalın ağzını dada gətirmək istəsəniz də, o yenə əlinizi dişləyəcək. Qartal ət yeyir, bal yox...".
Məhəmmədəli QƏRİBLİ