Aqşin Əliyev: "Onların silahlı qüvvələrinin təmas xəttindəki davranışları da Sarkisyanın yalan danışdığını ortaya qoyur"
"Ermənistan Azərbaycanla silahlanma yarışına girişməməlidir, Azərbaycan tərəfinin aldığı və əsasən hücum üçün nəzərdə tutulan silahları əldə etməməlidir".
Ermənistan prezidenti Serj Sarkisyan bunu üç gün əvvəl etdiyi çıxışında deyib və bildirib ki, Azərbaycan hücuma hazırlaşırsa, onlar müdafiəni gücləndirəcək: "Bizdə hücum hərəkətlərinin hədəfləri yoxdur və əgər onlar təyyarələr əldə edirsə, biz hava hücumundan müdafiə vasitələri, əgər tanklar əldə edirsə, onda biz tank əleyhinə vasitələr əldə etməliyik. Amma bu o demək deyil ki, biz təyyarələr və ya tanklar əldə etməməliyik".
Ermənistan prezidenti, həmçinin, bildirib ki, bütün ön xətt videomüşahidə vasitələri və gecəgörmə cihazları ilə təchiz edilib: "Elə post yoxdur ki, orada gecəgörmə cihazları olmasın. Bundan başqa, bizim bütün ön xəttimiz videomüşahidə qurğuları ilə təchiz olunub".
Sarkisyan bu açıqlaması ilə nə demək istəyib?
Ekspert Aqşin Əliyev qəzetimizə bildirdi ki, bu açıqlamada da Sarkisyanın hiyləgərliyi özünü büruzə verir: "Əslində, onun mövqeyinin arxasında hansı amilin durduğu bizə bəllidir. Mövcud status-kvo onu qane etdiyi üçün onun qorunub saxlanmasını istəyir. Bilir ki, bu, Azərbaycan üçün məqbul variant deyil. Bu səbəbdən də indidən özünü sığortalamaq istəyir. Dünyaya özünü sülhsevər obrazda təqdim edir. İşğalçının sülhdən danışması adama qəribə gəlir. Sarkisyan anlayır ki, proses dalana dirənib. Çünki Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gedə biləcək bütün kompromis variantlarını açıqlayıb. Prezident İlham Əliyev Dağlıq Qarabağa verə biləcəyimiz ən yüksək statusun modelini də açıqlayıb. Sarkisyan bilir ki, bundan o tərəfi yoxdur. Tamamilə yalan danışır. Çünki Ermənistanın Rusiyadan aldığı və sevinərək ictimailəşdirdiyi silahlar daha çox hücum üçün yararlıdır. Onların silahlı qüvvələrinin təmas xəttindəki davranışları da Sarkisyanın yalan danışdığını ortaya qoyur. Cəbhədəki son hadisələr də göstərir ki, Sarkisyanın könlündən hücum keçsə belə, o, istəyinə nail ola bilməyəcək. Azərbaycan Ordusunun imkanları onları çox-çox geridə qoyur".
Məhəmmədəli QƏRİBLİ