"Rəsmilərdən ibarət bir formatın təsisi layihə ilə bağlı işləri sürətləndirər"
Məlum olduğu kimi, Prezident İlham Əliyev Dünya İqtisadi Forumunun "İpək Yolunun səmərəsi" adlı interaktiv iclasında iştirak edib. Dövlət başçısı iclasda çıxış edib və sualları cavablandırıb. İnteraktiv iclasda Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, Gürcüstanın baş naziri Georgi Kvirikaşvili, Monqolustan prezidenti Saxiaqiyn Elbeqdorj və digər ölkələrin nümayəndələri iştirak edib.
Tədbirin aparıcısı "İpək Yolu" layihəsinin icrası zamanı səmərəli təşəbbüslərə özəl sektorun investisiyalarının cəlb olunmasının əhəmiyyətindən danışıb, bu niyyəti reallaşdırmaq, mövcud layihələrə özəl sektor kapitalını daha çox cəlb etmək üçün nəyin lazım olması ilə maraqlanıb.
Prezident İlham Əliyevin həmin mövzuya aid suala cavabı belə olub: "Azərbaycanda bütün əsas nəqliyyat infrastruktur layihələri dövlət büdcəsindən və Dövlət Neft Fondundan maliyyələşdirilmişdir. Çünki, birincisi, özəl sektorun investisiya yatırmaq üçün kifayət qədər vəsaiti yox idi və ikincisi, bu, strateji və uzunmüddətli investisiya idi. Bu investisiyalar uzun illər ərzində özünü doğruldacaq və gəlir gətirəcək. Buna görə dəmir yolu infrastrukturu, Xəzər gəmiçiliyi, hava yolları, yollar, İpək Yolu - hər şey dövlət vəsaiti hesabına edilir. Lakin bu, özəl sektor üçün də imkanlar yaradır.
Mən Bakıda yeni limanın tikintisini qeyd etdim. Bizim artıq azad zona kimi bir neçə min hektar torpaq ərazimiz var və bu, dəniz limanının yaxınlığında yerləşir. Bütün yerli və xarici şirkətlər bu layihədə iştirak etməyə və istehsal prosesinə qoşulmağa dəvət olunurlar. Eyni zamanda, Azərbaycanın müxtəlif bölgələrində xüsusi sənaye zonaları təşkil etmək üçün biz xüsusi infrastruktur yaradırıq və orada su, qaz, elektrik enerjisi, yollar, dəmir yolu olduqda özəl sektor artıq investor qismində iştirak edir. Bundan sonra onlar bu işlərə cəlb olunurlar. Beləliklə, biz özəl sektora yaxşı şərait yaratmağa və onlar üçün çox ağır olan maliyyə yükü qoymamağa və infrastruktur yaratmaqla özəl sektoru stimullaşdırmağa çalışırıq.
Bu gün bir çox ölkələr "İpək Yolu"nun müxtəlif seqmentlərinə diqqət yetirir. Biz bilirik ki, "İpək Yolu" qlobal layihədir. Ona görə də mənim təklifim "İpək Yolu" üzərində yerləşən, "İpək Yolu"na qoşulmaq istəyən, lakin ola bilsin ona yaxın olmayan bütün ölkələrin nazirlərinin görüşünün təşkil edilməsi, layihənin yenidən nəzərdən keçirilməsi və nə vaxt, nəyi etmək lazım olması - qrafik, hədəflər, həyata keçirilmə ilə bağlı konkret qərarların qəbul edilməsi və bütün ölkələr arasında əlaqələndirmə qurumunun yaradılması, ildə bir dəfə görüşün keçirilməsi və layihənin icrasına nəzarət olunmasından ibarətdir".
İlham Əliyevin "İpək Yolu" layihəsinə üzv olan və maraq göstərən ölkələrin nazirlərinin görüşünün təşkil edilməsi və bununla bağlı əlaqələndirmə qurumunun yaradılması təklifi, sözsüz, yeni mahiyyət kimi diqqət cəlb edir.
İqtisadçı Günel Fərhadqızı qəzetimizə bildirdi ki, ölkə başçısının məlum təklifini çox ciddi dəyərləndirmək lazımdır: "Cənab İlham Əliyevin Davos Forumunun saytında dərc edilən məqaləsində də çox maraqlı bir detal vardı. Ölkə başçısı qeyd edirdi ki, Azərbaycan daxil olduğu beynəlxalq layihələrdəki öhdəliklərinə aid işlərin böyük hissəsini bitirib. Bu, Azərbaycanın həmin layihələrə necə məsuliyyətlə yanaşdığını ortaya qoyur. "İpək Yolu" da həmin qəbilə aid oluna bilər. Təəssüf ki, bu cəlbedici və əhəmiyyətli layihə ilə də bağlı vəziyyət eynidir. Azərbaycan, demək olar ki, üzərinə düşən nə varsa həll edib. Ancaq başqa ölkələrlə bağlı vəziyyət fərqlidir. Bu cür böyük layihələrlə bağlı yaranan problemləri özəl sektor həll etmək qabiliyyətində və gücündə deyil. Bunun üçün də marağı olan ölkələrin dövlət qurumlarından ibarət koordinasiya şurasının yaradılması yaxşı olar. İlham Əliyev doğru qeyd edib ki, yalnız bundan sonra bəzi problemlərin həlli tezləşə bilər. Belə layihələrin cəlbediciliyini bilib ora üzv olmaqla iş bitmir. Gərək öz üzərinə düşən öhdəlikləri də yüksək səviyyədə həll edəsən. Rəsmilərdən ibarət bir formatın təsisi layihə ilə bağlı işləri sürətləndirər".
Məhəmmədəli QƏRİBLİ