Məlum olduğu kimi, Azərbaycan son illər ərzində tranzit potensialının reallaşdırılması istiqamətində bir çox mühüm layihələrin icrasına başlayıb. Onlardan biri də Bakı-Tiflis-Qars dəmir yoludur və cari ildə onun tikintisi başa çatmalıdır. Bu layihənin icrası Çindən Avropaya yüklərin çatdırılma müddətinin 25-30 gündən 12-15 günə endirilməsinə imkan verəcək. Elə bu səbəbdən Bakı-Tiflis-Qars dəmir yoluna beynəlxalq miqyasda da böyük maraq müşahidə olunur.
Qeyd edək ki, Bakı-Tiflis-Qarsın Gürcüstan hissəsində də işlər tam şəkildə tamamlanmaq üzrədir. Bu məqsədlə artıq bəzi sınaqların keçirilməsinə başlanıb. Belə ki, dəmir yolunun Gürcüstan ərazisində dizellə işləyən lokomotivlərin bir neçə dəfə sınağı baş tutub. Bütün yol boyunca lokomotivlər maneəsiz hərəkət edə bilir.
Bu günlərdə Axalkalaki stansiyasındakı təkər cütlərinin dəyişmə məntəqəsində yüklü vaqonun Türkiyə sərhədinə göndərilməsi sınağı da uğurla həyata keçirilib.
Xatırladaq ki, hələ 2007-ci ilin noyabrında Tetri-Skaro rayonunda yerləşən Marabda stansiyasında Bakı-Tiflis-Qarsın Gürcüstan hissəsinin tikintisi başlayıb. 2008-ci ilin iyulunda isə Qars şəhərində Bakı-Tiflis-Qars bağlantısının Türkiyə hissəsinin tikintisinə start verilib. Hazırda layihənin tam tamamlanması Türkiyədə gedən işlərdən asılıdır və Ankara bu il ərzində işləri tam başa çatdıracağını bildirib. Rəsmi Bakı əvvəldən bu layihəyə xüsusi maraq göstərir və elə bunun nəticəsidir ki, layihənin maliyyələşmə yükü əsasən Azərbaycanın üzərindədir. Belə ki, Gürcüstan ərazisində uzunluğu 153 kilometr olan Axalkalaki-Marabda dəmir yolu xəttinin rekonstruksiyasının maliyyələşdirilməsinə Azərbaycan 775 milyon dollar ayırıb. Layihə iqtisadi cəhətdən ölkəmizə böyük gəlir gətirəcək. Amma onun siyasi əhəmiyyəti də az deyil. Azərbaycan hökuməti Ermənistandan yan keçməsinə görə bu layihənin reallaşmasında əvvəldən çox maraqlı olduğunu açıq bəyan edib. Elə bu səbəbdən layihə həyata keçən zaman erməni lobbisi onun reallaşmasına əngəllər yaratmaq istədi. Amma nəticə uğursuz oldu və indi Ermənistan başa çatmaqda olan bu layihədən yararlanmaq niyyətinə düşüb. Ermənistanın nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri Vahan Martirosyan bildirir ki, Qars-Axalkalaki dəmir yolunun tikilməsindən sonra İrəvan Ermənistan və Türkiyə arasında bu xətlə daşınmaların gerçəkləşməsi üçün danışıqlara başlayacaq. O istisna etməyib ki, daşınmalarla, məsələn, Gürcüstan dəmir yolu şirkəti məşğul ola bilər: "Bu istiqamətdə danışıqlar aparılacaq. Nəticələr barədə sizi məlumatlandıracağıq. Ermənistanın başqa dövlətlərlə ticarət dövriyyəsinin artmasına yardım göstərə bilən istənilən saziş, razılaşma, əmin olun, müzakirə edilir". Qeyd edək ki, erməni tərəfi Gürcüstan üzərindən Türkiyə və başqa ölkələrlə ticarət aparır. Ermənistanın Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ilin yanvar-noyabr aylarında Türkiyə ilə Ermənistan arasında ticarət dövriyyəsi 145,4 milyon dollar olub. Bu, 2015-ci ilin eyni dövrü ilə müqayisədə 17 faiz çoxdur. Bu göstəricilərə görə Türkiyə Ermənistanın 7-ci ən iri ticarət tərəfdaşıdır. Özü də nəzərə alaq ki, erməni-türk ticarəti sərhədlərin bağlı olması fonunda gerçəkləşib. Ankara Qarabağ münaqişəsinə görə 1993-cü ilin aprelində Ermənistanla sərhədi bağlayıb. Amma Bakı-Tiflis-Qarsla Ermənistanın Türkiyə ilə ticarət aparması sadəcə Azərbaycanın mövqeyinə görə mümkün olmayacaq. Çünki Bakı-Tiflis-Qarsın reallaşmasında Azərbaycan faktiki olaraq əsas söz sahibidir. Bu da o deməkdir ki, Azərbaycan istəmədikcə, Ermənistanın Bakı-Tiflis-Qarsdan istifadəsi mümkün olmayacaq. Türkiyə və Gürcüstan Azərbaycanın razılığı olmadan Ermənistanın bu dəmir yolundan istifadə etməsinə heç vaxt razı olmayacaq. Ermənistanın isə Bakı-Tiflis-Qarsdan faydalanması üçün həyata keçirdiyi işğal siyasətinə son qoyması vacib və əsas şərtdir.
Gürcü ekspert Vladimir Papava da prosesləri bu səpkidə qiymətləndirir və qeyd edir ki, Bakı-Tiflis-Qars dəmir yolu çox vacib layihədir: "Halbuki, layihənin başlanğıcında beynəlxalq aləmdən dəstək gəlmədi. Bu, Azərbaycan, Gürcüstan və Türkiyənin birlikdə həyata keçirdiyi və çox böyük vəsait tələb edən strateji layihədir". Onun sözlərinə görə, Bakı-Tiflis-Qars dəmir yolu "İpək Yolu" layihəsinə daxil olan beynəlxalq layihələrdən biridir: "Əvvəllər "İpək Yolu"na əsasən boru kəmərləri və nəqliyyat dəhlizi layihələri daxil idi, indi isə bura dəmir yolu layihəsi daxil edilib. Bakı-Tiflis-Qars dəmir yolu regionumuzun Şərq və Qərblə inteqrasiyası üçün yeni imkanlar açır". Papava Bakı-Tiflis-Qars layihəsinin Azərbaycan, Gürcüstan və Türkiyənin iqtisadiyyatının inkişafına kömək edəcəyini bildirib: "Ölkələrimiz sabitlik gətirən innovasiyalı iqtisadi layihələrə geniş yer verməlidir".
Nahid SALAYEV