ABŞ-ın yeni prezidenti Donald Trampın fəaliyyətə başlamasından sonra rəsmi Vaşinqtonun Cənubi Qafqazda yürüdəcəyi siyasət də xüsusi maraq doğurur. Hesab edilir ki, D.Trampın fəaliyyəti dövründə ABŞ Qafqazda kifayət qədər fəal olacaq. Çünki ənənəvi olaraq Respublikaçılar Partiyasının hakimiyyətdə olduğu dövrdə ABŞ xarici siyasət məsələlərində daha aktiv olub və bura Qafqaz regionu da aiddir.
Aydındır ki, ABŞ-ın Qafqazda fəallaşması Qarabağ münaqişəsinə də bu və ya digər dərəcədə təsir edəcək. Özü də onu nəzərə alaq ki, əvvəlki dövrlərdən fərqli olaraq, erməni lobbisinin ABŞ administrasiyasına təsiri artıq minimal həddədir. Bu məqama diqqət yetirən Ermənistanın "1in.am" saytı da yazır ki, D.Tramp ABŞ-dakı erməni lobbisini qəbul etmir.
ABŞ-da "California Currier" qəzetinin redaktoru Arut Sasunyan da təsdiqləyib ki, erməni lobbisinin bu günə qədər Trampla görüşmək təşəbbüsləri nəticəsiz qalıb: "Buna görə də Trampın Ermənistanla bağlı planları müəmmalı olaraq qalır". "1in.am" yazır ki, ABŞ-dakı erməni təşkilatları Trampla görüşərək, onun Ermənistan və Dağlıq Qarabağla bağlı mövqeyini anlamaq istəyir: "Lakin onunla görüşmək cəhdləri alt-üst olur. Trampın inauqurasiyasından sonra onun erməni nümayəndələrini qəbul edəcəyi ehtimalı da kiçikdir. Belə demək mümkünsə, gələn kimi qapıları bağlayıb. Bizim yeganə ümidimiz odur ki, Trampın prezidentliyi dövründə Qarabağda sülh olacaq. Əks təqdirdə, Ermənistan üçün yaxşı gələcək görünmür".
Digər erməni ekspert, Qarabağ hərəkatının keçmiş liderlərindən biri İqor Muradyan da bu günlərdə etiraf edib ki, Trampın dövründə ABŞ Cənubi Qafqazda mövqelərini radikal dəyişəcək: "Kiməsə güzəştə gedəcək, kimisə radikallaşdıracaq, amma Ermənistan siyasi xəritədən silinəcək. Mümkündür ki, vassala çevrilmiş və ABŞ-ın yardımından yararlana bilməyən kiçik ölkələrin vəziyyəti dəyişəcək. Suverenliyini itirmiş Ermənistan da belələrindəndir. ABŞ Ermənistana necə yanaşmalıdır? Heç cür, Ermənistanın bütün şans və gözləntiləri tükənir. Onu daha çox müstəmləkələşmək, yoxsulluq, siyasi və hərbi köməksizlik gözləyir". Bir daha xatırladaq ki, ABŞ-ın erməni lobbisi ənənəvi olaraq Demokratlar Partiyasını dəstəkləyir. Onlar ötən ilin noyabrında da səslərini Hillari Klintona veriblər. Amma erməni lobbisinin gözləntiləri özünü doğrultmadı.
Rus ekspert Oleq Kuznetsov da bir müddət əvvəl belə bir açıqlama ilə çıxış etmişdi ki, erməni lobbisi Trampın seçilməsi ilə uduzacaq: "Hillari Klinton kimi siyasətçilər öz əlində maksimum resurslar toplamaq üçün məcbur idilər oliqarxlarla, korporasiyalar və diasporlarla danışıqlara və kompromislərə getsin, hakimiyyətdə olanda isə öz sponsorlarının maraqlarını ya nəzərə alsın, ya da həmin maraqların lobbiçiliyini etsinlər. ABŞ-dakı erməni lobbisinin hakimiyyətə təsiri məhz bununla müəyyən edilirdi. Ermənilər seçki fondlarına pul ödəyir, sonra isə özləri üçün imtiyazlar tələb edirdilər. D.Trampın seçilməsi ilə situasiya kardinal şəkildə dəyişib. Çünki Trampın özü milyarder, oliqarxdır. Ona görə də heç kimə heç nə borclu deyil. Demək, kimsənin fikrinə də qulaq asmağa borclu deyil. Bu mənada ölkədəki diaspor ona əsla heç bir təsirə malik deyil. Bu da, öz növbəsində, şəksiz ki, ABŞ-dakı erməni lobbisinin ciddi məğlubiyyətidir. Ona görə də əminliklə demək olar ki, yaxın dörd ildə ABŞ-ın xarici siyasətinə erməni lobbisinin təsiri sıfır olacaq. Çünki Tramp administrasiyasının onların qarşısında hər hansı korporativ öhdəliyi yoxdur. Bu mənada Trampın qələbəsi ABŞ-dakı erməni lobbisinin məğlubiyyətidir". Bütün bunları ABŞ-dakı erməni lobbisinin təmsilçiləri də etiraf edir. Elə bu səbəbdən də erməni lobbisi Trampın fəaliyyətini çox narahatlıqla izləyir.
Digər tərəfdən məlumdur ki, Tramp Rusiya ilə bağlı siyasətdə də fərqli yol izləyəcək. Gözlənir ki, o, Qafqazdakı problemlərin həllində Rusiya faktorundan istifadə edəcək. Bir məqamı da vurğulayaq ki, Barak Obamanın dövründə ABŞ da, digər həmsədr ölkələr kimi, Dağlıq Qarabağ probleminin həlli üçün faktiki olaraq heç bir iş görmədi. Yəni bu fəaliyyət diplomatik bəyanatlardan o tərəfə keçmədi. Amma Tramp hökumətinin fərqli bir siyasət yürüdəcəyi gözlənir və belə görünür ki, bu da ermənilərin ciddi narahatlığına yol açıb.
Nahid SALAYEV