Rusiyanın Qarabağ münaqişəsi ilə bağlı son dövrlərdə həyata keçirdiyi siyasət Ermənistanda daha böyük narazılıqla qarşılanır. Düşmən ölkədə hesab olunur ki, Moskva Azərbaycanla əməkdaşlığa daha çox önəm verir və Ermənistan arxa plana keçir. Hadisələrin bu səpkidə inkişafı isə Qarabağ münaqişəsinə də mütləq mənada təsirini göstərir.
Digər tərəfdən, Ermənistanın üzv olduğu bir sıra qurumlarda, xüsusən də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) əksər təmsilçilərin İrəvanın işğalçılıq siyasətini pisləməsi də düşmən tərəfin növbəti fiaskosu sayılır.
Ümumiyyətlə, son dövrlər KTMT-dən Ermənistanın narazılığı xeyli artıb. ABŞ-ın "Stratfor" analitik mərkəzi bunun səbəblərini şərh edərkən bildirmişdi ki, hələ ötən il dekabrına 26-da keçirilmiş sammit üzvlər arasında fikir ayrılığının nə qədər güclü olduğunu göstərdi. Həmin toplantı zamanı təşkilatın yeni rəhbəri ilə bağlı razılıq əldə olunmamışdı. Mərkəzəin araşdırmasında KTMT-nin son sammitlərində Qazaxıstan və Belarus nümayəndələrinin iştirak etmədiyi də vurğulanıb: "Onların iştirak etməməsi ehtimal ki, təsadüfi deyildi. Bəzi məlumatlara görə, Rusiya qurumda baş katiblik postunu Ermənistana vəd edib. Amma Qazaxıstan və Belarus Azərbaycanla sıx əlaqələrə malikdir və bu ölkələr KTMT-nin yeni baş katibi qismində erməni namizədi qəbul etməyə hazır deyil". Araşdırma müəllifləri həmçinin yaxın ayların bu blok üçün asan olmayacağını qeyd edir. Buna səbəblərdən biri kimi Dağlıq Qarabağ məsələsi göstərilir. Amma belə görünür ki, KTMT ilə bağlı Ermənistanı daha çətin günlər gözləyir. Söhbət, ümumiyyətlə, Ermənistanın bu qurumdan kənara atılmasından gedir. Erməni politoloq İqor Muradyan qeyd olunan xüsusda çox maraqlı fikirlər səsləndirir: "Rusiya Ermənistanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından və Avrasiya İqtisadi İttifaqından tamamilə çıxarmağa çalışır. Çünki Moskva anladı ki, Qarabağla bağlı oyunlar oynamağı dayandırmağın vaxtı çatıb və aşkar hədəfləri vurmaq lazımdır. Bu isə Qarabağda üçüncü müharibənin başlaması deməkdir. Ermənistanın Rusiya ittifaqlarından çıxarılması, yaxud sıxışdırılması da Moskvanın məsuliyyətdən tam azad olması istəyindən irəli gəlir". Onun sözlərinə görə, Ermənistanın ittifaqlardan çıxarılması və Moskvanın ermənilərə görə məsuliyyət daşımaması ilk növbədə Türkiyə ilə münasibətlərin inkişafına imkanlar yaradır: "Rusiya Türkiyə ilə yaxınlaşaraq, beynəlxalq arenada birgə hərəkət etmək istəyir. Qarabağda hansısa müharibənin baş verməsi digər tərəfdən ABŞ və NATO-nun Cənubi Qafqaza daxil olmasının qarşısını almağa da imkan verir və ruslar bu imkandan istifadə etməyə bilmir". Bütün bunlar Rusiyanın Qarabağ məsələsində artıq tamam fərqli siyasətə start verəcəyinin göstəricisi də sayıla bilər. Bu arada isə ermənilərin böyük hay-küylə təbliğ etməyə başladığı Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Qarabağ münaqişəsinin Azərbaycanın daxili işi olmadığına dair fikirləri ətrafında da maraqlı məqamlar üzə çıxıb. Rusiyalı tanınmış politoloq Sergey Markov "Moskva-Bakı" portalına açıqlamasında bildirib ki, media Rusiya xarici siyasət idarəsi başçısının Dağlıq Qarabağla bağlı sözlərini bir qədər yanlış anlayıb: "Azərbaycan özü Dağlıq Qarabağ probleminin həlli üçün beynəlxalq birliyi, beynəlxalq strukturları, o cümlədən Rusiyanın da daxil olduğu ATƏT-in Minsk Qrupunu vasitəçi qismində dəvət edib. Vasitəçilərin dəvət olunması tamamilə düzgün qərar olub, nədən ki, Dağlıq Qarabağa dair məsələlər beynəlxalq prinsiplər çərçivəsində həll olunur. Biz hamımız gözəl bilirik ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir". Onun sözlərinə görə, Rusiya Azərbaycan-Ermənistan nizamlanması çərçivəsində nə edirsə, hər iki tərəfin razılığı ilə edir. Bu xüsusda Markov hesab edir ki, Rusiya XİN başçısının sözlərini Moskvanın Azərbaycanın öz daxili işləri ilə məşğul olmasına qadağa kimi, Dağlıq Qarabağ konfliktini daxili işlər müstəvisindən çıxarmaq kimi təqdim etmək yanlışdır. Rusiyalı ekspertə görə, Lavrov Qarabağ məsələsinin Minsk Qrupu müstəvisində həlli məsələsinin başqa ölkələr üçün, ən azından, Minsk Qrupu həmsədrləri kimi Rusiya, ABŞ və Fransa üçün də problemə çevrildiyini nəzərdə tutub: "Rusiyanın mövqeyi əvvəlki kimi qalır. Bu mövqe ondan ibarətdir ki, Azərbaycan və Ermənistan münaqişə ilə bağlı kompromisə gəlməlidir. Özü də prezident Vladimir Putinin dediyi kimi, konfliktin nizamlanması nəticəsində tərəflərdən heç biri özünü nə məğlub, nə də qalib hiss etməməlidir. Kompromis hər iki ölkənin həyati maraqları nəzərə alınmaqla tapılmalıdır, güzəştlərə hər iki tərəf getməlidir". Ekspert qeyd edir ki, Moskva münaqişənin həllinə Türkiyəni də cəlb edəcək, çünki nizamlanma baş tutacağı halda, Ankara Ermənistanla sərhədləri açmalı olacaq. Bütün bunlar isə Ermənistanda narazılıqla qarşılanır və burada hesab edilir ki, Moskva həqiqətən də Azərbaycanla əməkdaşlığa İrəvanla müqayisədə daha çox önəm verir.
Nahid SALAYEV