Məlum olduğu kimi, Gürcüstan hökuməti "Qazprom"un Ermənistana satdığı təbii qazın ölkə ərazisindən nəqlinə görə nağd pul ödəmək barədə təklifini qəbul edib. Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze bildirib ki, hazırkı vəziyyətdə "Qazprom eksport"un təklif etdiyi variant Gürcüstan üçün ən əlverişlisidir.
Nazir qazın nəqlinə görə "Qazprom"un ödəyəcəyi məbləği açıqlamasa da, rəqəmin qənaətbəxş olduğunu bildirib. Amma bu məsələ ilə bağlı gürcü müxalifətinin hökumətə qarşı etirazları davam edir.
Daha bir maraqlı məqam isə ondan ibarətdir ki, ölkə prezidenti Georgi Marqvelaşvili də müxalifətlə eyni mövqeni bölüşür. Gürcüstan prezidentinin adından danışan onun mətbuat katibi Eka Mişveladze qeyd edir ki, "Qazprom"la Tiflis arasında imzalanan müqavilə ölkəyə zərər vurur: "Bu müqavilənin imzalanmasıyla ölkənin enerji sektoru pisləşib, Gürcüstanın iqtisadi və siyasi maraqları zərər görüb. Yekunda biz müxtəlif istiqamətlərdə pisləşmiş vəziyyət əldə etmişik ki, bu da gələcəkdə çoxlu problemlərə səbəb ola bilər. Prezident parlamenti özünün konstitusion öhdəliklərini yerinə yetirməyə çağırır. Parlament nəzarət funksiyasını artırmalı, həmçinin risqləri və təhdidləri azaltmaq üçün plan təklif etməlidir".
Belə vəziyyət həm də ondan qaynaqlanır ki, prezidentin hökumətlə münasibətləri yaxşı deyil. G.Marqvelaşvili ilə xüsusilə keçmiş baş nazir, milyarder Bidzina İvanişvili arasında münasibətlər kəskin vəziyyətdədir. İvanişvilinin hökumətin fəaliyyətini tam nəzarətdə saxlaması dövlət başçısının etirazına səbəb olur. İndi də "Qazprom"la Tiflis arasında müqavilə hökumətlə prezident arasında gərginliyi daha da artırır. Müxalifət də hökumətin mövqeyinə qarşıdır. Qeyd edək ki, bununla bağlı Tiflisdə yerləşən hökumət binası qarşısında "Qazprom"a yox deyək!" şüarı altında yeni aksiya keçirilib. "Azadlığı müdafiə" platforması tərəfindən təşkil olunan aksiyanın iştirakçıları hökumətin "Qazprom"la razılaşmasını ciddi tənqid edib, hökumətdən müqavilənin bütün şərtlərinin tezliklə ictimaiyyətə açıqlanmasını tələb ediblər. Aksiyada qeyd olunub ki, yeni müqavilə Gürcüstanın təhlükəsizliyinə təhdiddir və ölkəni məğlubiyyətə aparır.
Tədbir təşkilatçılarından biri olan "Gürcüstanı müdafiə et" İctimai Birliyinin liderlərindən Tamar Çerqoleişvili hökumətin "Qazprom"la imzaladığı müqaviləyə etiraz etmək üçün bir araya gəldiklərini bildirib: "Qazprom" Ermənistana satdığı qazı yalnız Gürcüstan ərazisindən nəql edirdi. Başqa yolu yox idi. Gürcüstan tranzit ölkədir və bundan 200 milyon kubmetr qaz əldə edirdi. İndi isə bunun yarısının pulunu alacaq. Bəs qalan 100 milyon kubmetr necə olacaq. Başa düşə bilmirik ki, niyə Gürcüstan hökuməti bizim üçün əlverişli olan müqaviləni bizi asılı vəziyyətə salan müqavilə ilə əvəzləyir? Bizim birinci tələbimiz budur ki, danışıqlar şəffaf keçirilsin, bütün detallar cəmiyyətə açıqlansın. İkinci tələbimiz isə odur ki, hökumət bizim - Gürcüstan xalqının maraqlarına xidmət etsin. Biz buna görə hökumətə pul ödəyirik".
Aksiyanın digər iştirakçısı, Gürcüstan parlamentinin deputatı Qiqa Bakeriya "report" portalına deyib ki, tədbiri təşkil edənlər ölkənin gələcəyi üçün narahat olan insanlardır: "Hazırkı hökumət "Qazprom"la razılaşma imzalamaqla sübut etdi ki, hətta Şevardnadze hakimiyyətindən də zəifdir. Eduard Şevardnadze "Qazprom"a yox deyə bilmişdi. Bu hökumət isə "Qazprom"un qarşısında tab gətirə bilmədi. İndiki hökumətin imzaladığı bu müqavilə bizim milli maraqlarımıza ziddir. Keçən il də "Qazprom" belə bir təklif irəli sürmüşdü. O zaman hökumət iddia edirdi ki, Azərbaycandan lazım olan həcmdə qaz ala bilmirik, əlavə pul lazımdır. Amma bu tam yalan idi. Azərbaycan bizim strateji tərəfdaşımızdır və ən çətin məqamlarımızda bizə yardım edib. İndi isə iddia edirlər ki, guya "Qazprom" təbii qazı İran ərazisindən Ermənistana satmaq niyyətindədir. Bu da həqiqətə uyğun deyil. Sadəcə olaraq indiki hökumət "Qazprom" qarşısında təzyiqlərə tab gətirə bilmədi".
Parlamentin digər deputatı Otar Kaxidze isə deyib ki, hökumətin "Qazprom"la imzaladığı müqavilə Gürcüstanın dövlət maraqlarına tam ziddir və ölkəni yenidən kimdənsə asılı vəziyyətə salacaq: "Hər şey gizli saxlanır. Bizim strateji tərəfdaşımız olan Azərbaycanla imzalanan müqavilə barədə detallar açıqlanmışdı. Sual olunur, bəs nəyə görə "Qazprom"la müqavilənin şərtləri gizli saxlanır? Belə aydın olur ki, deməli, müqavilə bizim milli maraqlarımıza tam ziddir və xalqımızın gələcəyini təhlükə altında qoyur". Bundan öncə isə Gürcüstan baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Qeorqi Qaxariya da yalnız Azərbaycana güvəndiklərini bildirib: "Azərbaycandan lazımi qədər qaz almaq imkanımız var və bu da bizə başqa mənbədən mavi yanacaq almaq zərurəti yaratmır". Nazirin sözlərinə görə, yeni müqavilə imzalamaqla Gürcüstan Rusiyadan əlavə qaz almaq barədə heç bir öhdəlik götürməyib.
Energetika sahəsində tanınmış ekspert Giya Arabidze isə hesab edir ki, "Qazprom"la yeni müqavilə Gürcüstan üçün həqiqətən də nəyinsə dəyişməsinə səbəb ola bilər: "Amma bu bizim qaz təminatımızda fəlakətə səbəb olmayacaq. 2018-ci ildə "Şahdəniz" layihəsinin tam işləməsi, yeni qaz anbarının tikintisi Gürcüstana 2019-cu ildə "Qazprom"la daha ciddi və bizim üçün sərfəli danışıqlar aparmaq imkanı yaradacaq". İqtisadçı-ekspert Zurab Meradze isə vurğulayıb ki, Gürcüstanın güzəştə getməsinin kökündə Azərbaycan dayanır: "Azərbaycandan alınan qazın həcminin ilbəil artması, yeni enerji layihələrinin reallaşdırılması Gürcüstan hökumətinə belə bir addım atmağa imkan yaradıb". Qeyd edək ki, Gürcüstan 2007-ci ildən Rusiyadan təbii qaz almır. Həmin ildən Gürcüstanın əsas təbii qaz təminatçısı olan Azərbaycan bu ölkənin mavi yanacağa olan ehtiyacının təqribən 90 faizini ödəyir.
Tahir TAĞIYEV