Elşən Mustafayev: "Tarixi faktlar da sübut edir ki, ərazilərimizin işğal olunmasında rusların ermənilərə böyük köməyi dəyib"
Xarici işlər naziri Elmar Məmmədyarov müsahibəsində Rusiya xarici işlər naziri Sergey Lavrovun bəzi mübahisəli Qarabağ açıqlamalarına aydınlıq gətirib:
"Aprel döyüşləri və ötən il dekabrın 29-da Ermənistan-Azərbaycan sərhədində baş vermiş insident bir daha göstərdi ki, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu regionda gərginliyin əsas mənbəyidir. ATƏT-in Minsk Qrupunun həmsədrləri dövlət başçıları səviyyəsində status-kvonun qəbuledilməz və qeyri-davamlı olduğunu dəfələrlə bəyan ediblər. Ötən il aprelin 5-də Moskvada Ermənistan və Azərbaycan silahlı qüvvələrinin baş qərargah rəisləri səviyyəsində atəşkəsin əldə olunması üçün Rusiyanın göstərdiyi səyləri yüksək qiymətləndiririk.
Amma aprel döyüşləri bir daha göstərdi ki, Rusiya ATƏT-in Minsk Qrupunun həmsədr dövləti, həm də qonşu dövlət olaraq münaqişənin tezliklə həll edilməsi üçün səylərini daha da artırmalıdır. Tam şəkildə əminəm ki, əgər Rusiya bütün ciddiliyi ilə məşğul olarsa, status-kvo dəyişəcək, regionda sabitlik təmin ediləcək və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması təmin olunacaq".
Bu açıqlaması ilə Məmmədyarov faktiki olaraq qeyd edir ki, Moskva istəsə, Dağlıq Qarabağ münaqişəsini tezliklə həll edə bilər. Doğrudanmı Dağlıq Qarabağ probleminin həlli Rusiyanın əlindədir?
Ekspert Elşən Mustafayev qəzetimizə açıqlamasında bildirdi ki, Lavrovun son açıqlaması Rusiyanın konfliktə yanaşmada əsl sifətini ortaya qoydu: "Düşünmürəm ki, Lavrov həmin ifadələri çaşaraq deyib və dediklərini nə vaxtsa təkzib edəcək. Söhbət böyük bir ölkənin təcrübəli və birinci diplomatı ranqında olan şəxsinin fikirlərindən gedir. Rusiya bu konfliktin həllinə çox yaxın olan ölkədir. Bir az da çılpaqlığı ilə desək, açarı əlində olan ölkədir. Məmmədyarov bu ifadəni bir qədər diplomatik şəkildə işlədib. Rusiya bərabər hüquqlarla beynəlxalq vasitəçilik missiyalarında təmsil olunsa da, bilməliyik ki, onun problemə təsir imkanları digərlərilə müqayisə oluna bilməz. Tarixi faktlar da sübut edir ki, ərazilərimizin işğal olunmasında rusların ermənilərə böyük köməyi dəyib. Ən azından, Xocalı faciəsini xatırlamaq yetərlidir. Bəli, Moskva istəsə, bu konflikti tez bir zamanda həll edə bilər".
Məhəmmədəli QƏRİBLİ