Mehman Muradlı: "Burada jurnalist fəaliyyətinin kriminallaşdırılmasından söhbət gedə bilməz"
"Biz istənilən jurnalist və şəxsin hər hansı yeri ziyarət etməsinin kriminallaşdırılmasının əleyhinəyik. Biz, həmçinin, Rusiya vətəndaşının üçüncü ölkəyə ekstradisiyasına qarşıyıq". Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada keçirdiyi mətbuat konfransında bloger Aleksandr Lapşinin Azərbaycanın sorğusu əsasında Belarusda saxlanması məsələsinə münasibət bildirərkən deyib.
"Bizim Belarusla istənilən şəxsin ekstradisiyası sahəsində vahid siyasətimiz mövcuddur və bu məsələ ilə əlaqədar diplomatik fəaliyyət aparmışıq. Lapşin, həmçinin, İsrail vətəndaşıdır. İsrail diplomatları da onunla təmasdadır. Bütün tədbirləri görəcəyik ki, məsələ həll olunsun. Təbii ki, bu, Rusiya vətəndaşının bütün hüquqlarının qorunması şərti ilə ediləcək".
Xatırladaq ki, Rusiya, İsrail və Ukrayna vətəndaşı olan bloger Aleksandr Lapşin Azərbaycan sərhədlərini pozduğu və işğal olunmuş Azərbaycan torpaqlarına icazəsiz səfər etdiyi üçün Azərbaycan hökumətinin müraciəti əsasında Minskdə saxlanıb. Hazırda onun Azərbaycana ekstradisiyası məsələsi həll olunur.
Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb.
Maraqlıdır ki, Lavrov məsələyə sırf jurnalist hüquqları aspektindən yanaşıb. Əslində isə məsələnin mahiyyətində tamamilə başqa detal durur. Azərbaycan tərəfi istənilən jurnalistin qaynar nöqtələrə getməsinə qarşı deyil və bunun üçün yalnız icazənin alınmasını istəyir.
Lapşin məsələsinə yanaşmada Lavrovun məntiqi nə dərəcədə doğrudur?
Hüquqşünas Mehman Muradlı qəzetimizə açıqlamasında bildirdi ki, Lavrovun verdiyi açıqlamaların hər biri Azərbaycanın maraqlarına ziddir: "Lapşin məsələsindən xüsusi narahatlıq keçirdiyi nəzərə çarpır. Maraqlıdır ki, bilə-bilə məsələni jurnalist hüquqları prizmasına yönəltmək istəyir. Belə təəssürat yaradılır ki, guya Azərbaycan hakimiyyəti qaynar nöqtələrə jurnalistlərin səfərində maraqlı deyil. Təbii ki, bu yanlışdır. Çünki Lapşinin səfər etdiyi yerlər Azərbaycan ərazisi olsa da, bizin nəzarətimizdə deyil. Buna baxmayaraq, həmin ərazilərə bizim icazəmiz olmadan səfər etmək dövlət sərhədini qanunsuz keçmək anlamına gəlir. Bu da istənilən beynəlxalq hüquq normalarında cinayət kimi xarakterizə olunur. Eyni zamanda, Lapşinin əməllərində dövlət əleyhinə açıq çağırışlar da mövcuddur. Bu səbəbdən də onun Azərbaycan qanunları qarşısında cavab verməsi hüququn tələbidir. Burada jurnalist fəaliyyətinin kriminallaşdırılmasından söhbət gedə bilməz".
Məhəmmədəli QƏRİBLİ