Hələ ötən ildən ABŞ-da Donald Trampın prezident olmasını əngəlləmək üçün genişmiqyaslı işlər aparılsa da, onun rəqibləri buna nail ola bilmədi. Nə seçkilərin gedişində, nə Seçicilər Kollegiyasında, nə də Konqresdə Trampın prezident postuna gedən yolunun qarşısının alınması istiqamətində edilən cəhdlər hansısa fayda vermədi.
Artıq yanvarın 20-dən sonra Tramp ABŞ prezidenti kimi fəaliyyətə başlayır. Amma görünən odur ki, Trampın rəqibləri də fəaliyyətlərini dayandırmır. Söhbət Trampın prezident kimi fəaliyyətə başlamasından sonra impiçmentindən gedir ki, artıq bu istiqamətdə ABŞ mediası, Trampın rəqibləri fəaliyyətə keçib.
Başlıca arqument qismində isə Trampın 2013-ci ildə dünya gözəllik müsabiqəsində iştirak etmək üçün Moskvaya getməsi və burada əxlaqsız qadınlarla əlaqə yaratmasına dair iddialar götürülür. Öncə "Buzzfeed" xəbər saytı tərəfindən yayımlanan 35 səhifəlik sənəddə Rusiyanın Trampı təsiri altına almaq üçün illərdir iqtisadi və siyasi iş apardığı qeyd olunur. Bildirilir ki, bu dövr ərzində rus kəşfiyyatı ABŞ-ın əmlak milyarderi Trampın şəxsiyyəti, iqtisadi vəziyyəti, şəxsi ambisiya və özəl həyatı barədə ətraflı məlumat toplayıb. 2016-ci ildəki seçki kampaniyası dövründə isə Rusiya rəsmiləri ilə Trampın qrupu arasında dəfələrlə görüşlər keçirildiyi bildirilir. Sözügedən görüşlərdə iki tərəfin xeyrinə ola biləcək məlumatların mübadilə edildiyi iddiası irəli sürülür. Elə bu fonda da yayılan xəbərlər əsasında impiçment qaydasında Trampın vəzifədən uzaqlaşdırılmasına hazırlıq gedir.
Tramp özü və Moskva isə iddiaları qətiyyətlə rədd edir. Rusiya prezidenti Vladimir Putin ABŞ-ın hakimiyyətdən getməkdə olan administrasiyasını Donald Tramp haqda saxta informasiya yaymaqla onu gözdən salmağa çalışmaqda ittiham edib. Moskvada keçirilən mətbuat konfransında danışan Putin deyib ki, keçən həftə Trampla əlaqədar təsdiq edilməmiş dosyenin açıqlanması Obama administrasiyasının, Trampın qəti qələbə çalmasına baxmayaraq, onun legitimliyinin şübhə altına alınması cəhdlərinin bir hissəsidir. Putin Trampın Moskvadakı bir mehmanxanada əxlaqsız qadınlarla birlikdə olmasına dair dosyedəki iddiaları saxta adlandırıb. O əlavə edib ki, bu iddiaları irəli sürənlər fahişələrdən betərdir: "Müəyyən qüvvələr Birləşmiş Ştatlarda yeni seçilmiş prezident Donald Trampın legitimliyini zədələmək, "Maydan" təşkil etməklə onu hakimiyyətdən uzaqlaşdırmaq cəhdləri göstərir. Belə təəssürat yaranır ki, onlar Kiyevdə məşq edəndən sonra Vaşinqtonun özündə də "Maydan" təşkil edib, bütün mümkün yollarla Trampı hakimiyyətə yaxın buraxmamağa çalışırlar. Bu mübarizənin gedişində ən azı iki məqsəd müşahidə olunur: birincisi, prezident seçkilərinin nəticələrini sual altına almaq, ikincisi, yeni seçilmiş prezidentin əl-ayağını bağlayıb ona seçki kampaniyası zamanı Amerika xalqına həm ölkənin daxili, həm də beynəlxalq arena ilə bağlı verdiyi vədləri yerinə yetirməyə imkan verməmək".
Tramp təsdiq edilməmiş informasiyanın yayılmasına görə onun Rusiya hökuməti ilə əlaqələri olduğunu irəli sürən kəşfiyyat orqanlarını günahlandırıb. Amerika kəşfiyyat orqanları isə iddia edir ki, Rusiya mövcud liberal demokratik qaydanı pozmaq üçün çoxdan çalışır və onun 2016-cı il ABŞ-dakı prezident seçkilərinə müdaxiləsi bütöv əməliyyatlar sırasından yalnız biri olmaqla, əvvəlkilərlə müqayisədə keyfiyyətcə yenidir: "Rusiya prezidenti Vladimir Putin 2016-cı ildə tapşırıq verib ki, ABŞ-da prezident seçkilərinə təsir edilsin. Rusiyanın məqsədi ABŞ-dakı demokratik prosesə olan ictimai inamı dağıtmaq, dövlət katibi Hillari Klintonu qaralamaq, onun seçki kampaniyasına və mümkün prezidentliyinə zərər vurmaq olub. Biz onu da bəyan edirik ki, Putin və Rusiya hökuməti yeni seçilmiş prezident Donald Trampa açıq üstünlük verir". Mərkəzi Kəşfiyyat İdarəsi və Federal Təhqiqat Bürosu əminliklə bildirib ki, Putin və Rusiya hökumətinin seçki prosesinə müdaxilə etməkdə məqsədi Donald Trampın prezident seçilməsini təmin etmək olub. "Nyu York Tayms" qəzeti isə yazır ki, belə vəziyyətdə Tramp barəsində, çox güman, bir il ərzində ya impiçment elan ediləcək, ya da o, istefa verəcək. Rusiyalı ekspert Slava Rabinoviç də iddia edir ki, Tramp prezidentlik müddətinin sonuna qədər öz kreslosunda qalmayacaq. O, Trampı ABŞ vitse-prezidenti Mayk Pensin əvəz edəcəyini bildirib: "Növbəti ABŞ prezidenti Mayk Pens olacaq. O bu vəzifəyə 2020-ci ildən bir qədər əvvəl gətiriləcək. Ona görə ki, Trampa qarşı prezidentlik müddəti başa çatmamış impiçment elan edilə bilər. Bunun üçün isə kifayət qədər arqument var". Trampdan fərqli olaraq, ABŞ-ın növbəti vitse-prezidenti Mayk Pens ictimai xidmət göstərmiş siyasətçidir. O, 6 dəfə konqresmen və İndiana ştatının qubernatoru olub. Corc Vaşinqton Universitetindən Qeri Nordlinger bildirir: "Donald Trampın seçilməsinə şübhə ilə yanaşan Respublikaçılar Partiyasının mühafizəkar qanadı bilir ki, onlar Pensə etibar edə bilər. O, təcrübəli siyasətçidir, Konqresdə yetərli zaman keçirib və İndiana qubernatoru olub. Fikrimcə, Pens administrasiya adından Konqres üzvləri ilə sövdələşmələr aparmaq üçün böyük dəyər ola bilər".
Tahir TAĞIYEV