"Artıq cəbhədə də vəziyyət onun manipulyasiya edə biləcəyi həddə deyil"
İşğalçı Ermənistan hər zaman cəbhə xəttində təxribatlar törədir və öz işğalçı siyasətini davam edirir. Azərbaycana qarşı 20 ildən artıqdır işğalçılıq siyasəti həyata keçirən Ermənistan beynəlxalq qurumların heç bir tələbinə məhəl qoymur. Ermənistan prezidenti Sarkisyan öz hakimiyyətini saxlamaq üçün daim Azərbaycana qarşı təxribatlardan istifadə edir.
Bu ilin 2 aprel tarixində Ermənistan parlament seçkiləri keçirəcək. Artıq görünən budur ki, Sarkisyan hakimiyyətdə qalmaq üçün yenə də Dağlıq Qarabağ faktorundan istifadə etməyə çalışır. Cəbhə xəttində yeni təxribatların törədilməsinin intensiv hal alması buna əyani sübutdur.
Parlament seçkilərinə kimi Ermənistanın cəbhədəki təxribatları hansı həddə çata bilər?
Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini Xəzər Teyyublunun sözlərinə görə, Ermənistanın cəbhədki təxribatları daim olub: "Bundan daha çox daxili idarə etmək üçün istifadə edilir. Sarkisyan bu sahənin peşəkarı sayıla bilər. Parlament seçkilərinə az müddət qalıb. Bilir ki, onun reytinqi çox aşağıdır. Alternativ qüvvə olanların əksəriyyəti isə ənənəvi siyasətdən əl çəkilməsini istəyir. Buna görə də müharibə ritorikasının artırılması çıxış yolu sayılıb. Çünki Sarkisyanın hakimiyyət triumfu da müharibə faktoruna bağlıdır. Onun bundan başqa təbliğat mexanizmi ola bilməz. Amma bir faktı da dərk edir ki, artıq cəbhədə də vəziyyət onun manipulyasiya edə biləcəyi həddə deyil. Bu səbəbdən də xırda atəşkəs pozuntuları ilə kifayətlənəcək. Çünki bir qədər artıq davranış Azərbaycan Ordusunun onlara 2-4 apreli xatırlatması bahasına başa gələ bilər. Düşünürəm ki, Sarkisyan cəbhədə xırda insidentlərin yaradılmasından o tərəfə getməyəcək".
Məhəmmədəli QƏRİBLİ