Cəbhə zonasından son günlərdə alınan məlumatlar göstərir ki, burada düşmən təxribatlarına görə vəziyyət gedərək gərginləşir. Ümumiyyətlə, prosesin gedişini yaxından izləyən ekspertlər diqqəti bir məqama yönəldir ki, son vaxtlar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesində intensivlik artdığı üçün ermənilər çoxsaylı təxribat xarakterli əməllərə əl atır. Məsələn, onlardan biri ötən il dekabrın 29-da baş verib. Lakin bu dəfə də təxribatın qarşısı alınıb.
Xatırladaq ki, həmin təxribatın qarşısının alınması zamanı Azərbaycanın bir əsgəri şəhid olub. Bu təxribatdan sonra Tovuz istiqamətində şəhid olan əsgərimizin meyiti naməlum səbəblərdən Ermənistan tərəfdədir və ermənilər hələ də onu qaytarmayıb. Amma təxribatlar təkcə bununla bitmir. Son günlər düşmən, demək olar ki, atəşkəsi gedərək daha intensiv şəkildə pozur. Özü də hər dəfə getdikcə daha dağıdıcı silahlar işə salınır. Məsələn, erməni silahlı bölmələri yanvarın 17-də səhər saatlarında Silahlı Qüvvələrimizin bölmələrinin dövlət sərhədinin Tovuz rayonu sahəsindəki mövqelərini "Şmel" reaktiv odsaçanından atəşə tutub. Müdafiə Nazirliyi bir daha bildirir ki, erməni tərəfi bu cür təxribatları davam etdirərsə, düşmənə vurulacaq zərbə daha ağır və sərt olacaq. Bütün bunların isə cəbhədə vəziyyətin daha da gərginləşməsinə və irimiqyaslı əməliyyatlara gətirib çıxaracağı istisna edilmir. Amma məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, ermənilər cəbhədə Azərbaycandan çox zəif olduqlarını bildikləri halda belə təxribatlara gedir və hər dəfə də itkilərə məruz qalır. Bunun ən yaxşı təsdiqi isə ötən ilin aprelində özünü göstərib. Hərbi ekspert, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə bu xüsusda bildirir: "Azərbaycan Silahlı Qüvvələri aprel döyüşlərində işğalçı Ermənistan ordusuna sarsıdıcı zərbələr endirib erməniləri qaçmağa məcbur edərək, həm işğal altında olan torpaqlarımızın bir hissəsini azad etdi, həm də düşmənin döyüş ruhunu sarsıtdı. Bununla da Azərbaycan xalqı torpaqlarımızın işğal altında qalması ilə heç vaxt barışmayacağını bir daha dünyaya bəyan etməklə yanaşı, sübut etdi ki, ərazilərimizi hərb yolu ilə azad etməyə tam qadirdir". Ə.Qənizadə bildirib ki, aprel döyüşlərindən bir müddət sonra aldığı şokdan qismən özünə gələn erməni silahlı birləşmələri yenidən mütəmadi olaraq atəşkəs rejimini pozmağa davam edir: "Bununla onlar öz xalqının və dünya ictimaiyyətinin rəyini dəyişməyə çalışır, sübut etmək istəyirlər ki, guya orduları hansısa gücə sahibdir. Amma bu heç də belə deyil. İşğalçılıq siyasəti yürütməkdə davam edən Ermənistanın ordusunun döyüş ruhu elə sarsıdılıb ki, hətta ölkənin bəzi deputatları da bu münaqişəyə yeni prizmadan yanaşılmasını parlamentdən tələb edirlər. Belə ki, həmin ərəfədə vitse-spiker Ermine Naqdalyan Ermənistan parlamentində çıxışında da bunu etiraf etmişdi: "Hazırda nəzarətimizdə olan torpaqları nə zamansa azad etməli və oradan çəkilməliyik. Ya torpaqları qaytarmalıyıq, ya da qan töküb aldığımız torpaqları qanımızı töküb alacaqlar". Ermənistan ordusunun cəbhə xəttində iri çaplı ağır silahlardan da istifadə etməklə vəziyyəti yenidən gərginləşdirməsi, atəşkəs rejimini pozması, təxribatlar törətməsi ona gətirib çıxaracaq ki, Azərbaycan aprel döyüşlərinə bənzər addımlar atmaqla cavab tədbirləri görəcək. Ermənilər tam aydınlığı ilə dərk etməlidirlər ki, artıq onların təxribatları cavabsız qalmayacaq. Əksinə, ordumuzun cavab zərbələri daha sarsıdıcı olacaq. Bunun üçün ordumuz lazımi qədər gücə, qüdrətə sahibdir və Azərbaycan ordusu cəbhə xəttində kifayət qədər üstünlüyə malikdir".
Ümumiyyətlə, digər ekspertlər də bildirir ki, Ermənistan öz təxribatçı əməllərindən əl çəkməsə, baş verə biləcək hər hansı insidentin nəticələrinə görə bütün məsuliyyət işğalçı ölkənin üzərinə düşəcək. Münaqişənin həlli sülh yolu ilə alınmasa, ordumuz ərazi bütövlüyünü müharibə yolu ilə də təmin etməyə tam hazırdır. Elə bu səbəbdən yeni hərbi əməliyyatlara görə məsuliyyət daşıyan əsas tərəf, aydındır ki, ermənilər olacaq. Ekspertlər bildirir ki, bu fonda yeni müharibə, ötən ilin aprelindən fərqli olaraq, daha genişmiqyasıl olacaq və Azərbaycan bu dəfə daha böyük əraziləri azad edəcək. Rusiya Qloballaşma və sosial hərəkatlar İnstitutunun beynəlxalq siyasətin təhlili mərkəzinin rəhbəri Mixail Neyjmakov da bu fonda cari il ərzində münaqişə ətrafında yaranmış vəziyyətdə dəyişiklik olacağını vurğulayır: "Bir çoxlarının 2017-ci ildə Dağlıq Qarabağ münaqişəsində ciddi irəliləyişlərin olacağına ümidləri var, amma hələlik münaqişə Ermənistan parlament seçkilərinədək və dövlət orqanlarında bütün dəyişikliklərin yerinə yetirilməsinədək bu məsələdə heç bir ciddi addım atmayacaq. Amma ondan sonra vəziyyət dəyişəcək". Ekspert qeyd edib ki, parlament seçkiləri keçirilənədək Qarabağda münaqişənin eskalasiya təhlükəsi İrəvan üçün daha həssas nəticələrə səbəb ola bilər. Amma bu durumda cəbhədə artan gərginlik də yeni hərbi əməliyyatlara və daha şiddətli döyüşlərə yol aça bilər.
Nahid SALAYEV