Cari il ərzində Ermənistanda iqtidar daxilində yaşanan oliqarxlararası savaşın daha açıq müstəviyə keçməsi, bunun da hakimiyyət böhranına yol açmasına dair verilən proqnozların sayı artır. Elə bu səbəbdən bu ilin aprelində Ermənistanda baş tutacaq parlament seçkilərinin heç də dinc şəraitdə keçməyəcəyi gözlənir.
Hazırda əsas qarşıdurma ölkə prezidenti ilə baş nazir arasında yaşanır. Məlumatlara görə, bununla bağlı olaraq Ermənistanda yeni yaradılan hökumət dəyişdirilir. Ölkənin baş naziri Karen Karapetyanın isə prezident tərəfindən istefaya göndəriləcəyi vurğulanır. Serj Sarkisyan onun fəaliyyətindən narazı qaldığını gedərək daha çox bəyan edir. "Joxovurd" qəzeti yazır ki, hakimiyyət Ermənistanda vəziyyəti qaydaya salmaq əvəzinə belə şoular göstərməyə artıq vərdiş edib: "Bütün bunlar Sarkisyanın hökumət postunda möhkəmlənməsinə hesablanıb. Çünki aprel ayında keçiriləcək parlament seçkilərinə və gələn ilin aprelində prezidentin səlahiyyətlərinin başa çatacağı müddətədək hakimiyyət daha loyal baş nazirin olmasını istəyir. Karapetyan isə vəzifəyə gətirildiyi gündən Sarkisyan rejimini parçalamaqla məşğuldur. Bu da cinayətkar rejimi ciddi narahat etməyə başlayıb. Siyasi ekspertlərin fikrincə, bu rejimin Ermənistanda edəcəyi istənilən dəyişiklik xalqın rifahına yox, hakimiyyətin özünə xidmət edir. Amma bunun da limiti başa çatmaq üzrədir. Ona görə də 2017-ci il Sarkisyan rejimi üçün ciddi sınaq ili olacaq".
"Jamanak" qəzeti isə yazır ki, Serj Sarkisyan müdafiə naziri Vigen Sarkisyanı ölkənin baş naziri postuna gətirmək niyyətindədir. Bildirilir ki, 2017-ci ilin aprel ayında keçiriləcək parlament seçkilərinə və 2018-ci ilin aprelində Sarkisyanın səlahiyyətlərinin başa çatacağı müddətə qədər hakimiyyət daha loyal baş nazirin olmasını istəyir. Məhz buna görə, aprelin 2-də keçiriləcək parlament seçkilərində hakim partiyanın siyahısına müdafiə naziri Vigen Sarkisyan rəhbərlik edəcək: "İndi Ermənistanda müdafiə naziri Vigen Sarkisyanın baş nazir vəzifəsinə gətirilməsi üçün ictimai rəy formalaşdırılır. Serj Sarkisyan üçün 2017-ci ilin aprel ayından 2018-ci ilin aprel ayının 9-da bu vəzifəyə ən yaxşı və mümkün namizəd ölkənin müdafiə naziri Vigen Sarkisyandır. Bu məqsədlə ictimaiyyətin belə böyük dəyişikliklərə hazır olması üçün ciddi səylər göstərilir. Məhz bu səbəbdən Vigen Sarkisyanın adı hakim Respublika Partiyasının namizədlər siyahısında əvvəldə gələcək".
Nəşrin yazdığına görə, prezident səlahiyyətlərinin müddətinin bitməsinə, yəni 2018-ci ilin aprel ayına qədər partiyanın müxtəlif yürüşlər və ictimai tədbirlər keçirmək planları da var:"Həmin tədbirlər zamanı iştirakçılar Serj Sarkisyana hökumətə rəhbərlik etməsi, yəni ölkənin baş naziri olması üçün "yalvaracaq". V.Sarkisyan 2018-ci il aprel ayının 9-dək öz vəzifəsindən imtina edəcək və prezident səlahiyyətlərinin müddəti başa çatdıqdan sonra Serj Sarkisyan baş nazir vəzifəsinə keçəcək. Bu halda Karen Karapetyan özü üçün müvafiq vəzifə tapa bilməsə, bu proqramı pozmaqdan ötrü əlindən gələni etməli və ya böyük məvacibli "qazanc" üçün Rusiyaya qayıtmalıdır".
Qeyd edək ki, bundan əvvəl Serj Sarkisyan Karen Karapetyanı baş nazir təyin etməklə böyük səhvə yol verdiyini etiraf edib. Digər tərəfdən, yuxarıda qeyd olunduğu kimi, Karapetyan Sarkisyan rejimini parçalamaqla məşğuldur. Bu isə illərlə Sarkisyanın klanında olan məmurları ciddi narahat etməyə başlayıb. İndiki vəziyyətdə də Karapetyan Sarkisyana ciddi müqavimət göstərir və o, Rusiyadakı erməni lobbisindən də geniş dəstək alır. Yeri gəlmişkən qeyd edək ki, Karapetyan yanvarın 24-də Moskvaya səfər edəcək. Burada o, rəsmi görüşlərdən əlavə, erməni lobbisi ilə də görüşəcək, həmçinin Sarkisyana qarşı Moskvanı dəstəyini almağa çalışacaq. Bu arada erməni mətbuatı Rusiyanın Ermənistan hökumətinə 300 milyon dollar həcmində investisiya ayıracağı barədə xəbərlər yayıb. Xəbərlərdə o da bildirilir ki, Rusiya bu siyasi qərarı Karapetyan hökumətinə dəstək məqsədilə qəbul edib. İddia olunur ki, bununla baş nazirin həm hakimiyyət dairələri, həm də ictimaiyyət arasındakı nüfuzu arta bilər. Belə vəziyyət isə Sarkisyana sərf etmədiyindən, o, Karapetyana qarış hücum kampaniyasını da artırır. "Joxovurd" qəzeti bu fonda daha bir maraqlı məlumat yayıb. Qeyd olunur ki, baş nazirlə artan gərginlik fonunda Serj Sarkisyana sui-qəsd cəhdi olub:"Bizə çatan məlumata görə, insidentdən sonra prezident iqamətgahının mühafizəsi gücləndirilib". Dövlət Mühafizə Xidmətinin rəisi Qraçya Arutyunyan ancaq onu deyib ki, mühafizə xidməti işini tam həcmdə görür: "Bu kiminsə xoşuna gəlməyə bilər, ancaq biz sadəcə işimizi görürük". Qəzet yazır ki, Serj Sarkisyanın yanvarın 5-də heç kimin gözləmədiyi halda məzuniyyətə getməsi də bu sui-qəsd cəhdi ilə bağlı ola bilər. Çünki Ermənistan rəhbərliyi hər il ənənəvi olaraq yanvarın 6-da Eçmiədzində yeni il münasibətilə dini mərasimdə iştirak edirdi. Bu il isə Sarkisyan ənənəni pozub. Onun qəfil məzuniyyətə çıxmasının səbəbinin səhhətilə bağlı olduğu ehtimal edilirdi, ancaq qəzet yazır ki, ola bilsin, Sarkisyan bu yolla potensial təhlükədən xilas olmaq istəyib. Qəsdin arxasında isə baş nazirin dayanması istisna olunmur.
Nahid SALAYEV