"Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi şərti və işğal olunmuş ərazilərin sülh yolu ilə azad olunması tələbi hər zaman qüvvədə qalır". APA-nın Moskva bürosunun məlumatına görə, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib.
O bildirib ki, münaqişənin həlli ilə bağlı bir sıra sənədlər mövcuddur.
Nazir həmçinin ötən ilin aprelində təmas xəttində baş verən toqquşmalara da toxunub: "Ötən ilin aprelində baş vermiş qanlı hadisə dərin narahatlıq yaradır. Rusiya həmin vaxt qan tökülməsinin qarşısının alınmasında vacib rol oynayıb. Vyanada, daha sonra Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentləri insidentlərin araşdırması mexanizminin işə düşməsi və təmas xəttində ATƏT müşahidəçilərin artırılması barədə razılığa gəldi. 2011-ci ildə də insidentlərin araşdırılması məsələsi Həştərxan görüşündə müzakirə edilmişdi. Bu tədbirlər çox vacibdir. İnsidentlərin araşdırılması və ATƏT müşahidəçilərinin sayının artırılmasına dair razılıq ona görə reallaşa bilmir ki, bununla bağlı ATƏT-də konsensus yoxdur. Bunu təşkilatın üzlərindən də maraqlanmaq olar".
“Biz istənilən jurnalist və şəxsin dünyanın istənilən yerində hər hansı yeri ziyarət etməsini kriminallaşdırılmasının və cinayət məsuliyyətinə cəlb edilməsinin əleyhinəyik”. Bunu da S.Lavrov Moskvada keçirdiyi mətbuat konfransında bloger Aleksandr Lapşinin Azərbaycanın sorğusu əsasında Belarusda saxlanması məsələsinə münasibət bildirərkən deyib.
O həmçinin həmin şəxsin üçüncü ölkəyə ekstradisiyasının əleyhinə olduğunu bildirib: “Biz bu məsələ ilə əlaqədar diplomatik fəaliyyət apardıq. Lapşin eyni zamanda İsrail vətəndaşıdır. İsrail diplomatları da onunla təmasdadırlar. Bütün tədbirləri görəcəyik ki, bu məsələ həll olunsun. Təbii ki, bu, Rusiya vətəndaşının bütün hüquqlarının qorunması şərti ilə ediləcək. Biz israillilərlə birlikdə sıx əlaqədə işləyirik”.
Qeyd edək ki, A. Lapşin Azərbaycan tərəfinin sorğusu əsasında Minskdə saxlanılıb. Onun adı 2013-cü ildə Azərbaycan Xarici İşlər Nazirliyinin “qara siyahısı”na daxil olunub. Buna səbəb blogerin digər əcnəbilərlə Dağlıq Qarabağa qanunsuz səfər etməsidir. 2015-ci ildə Lapşin Ukrayna pasportu ilə Azərbaycan ərazisinə Gürcüstandan keçib. Pasportda Aleksandr adı Ukrayna dilinə uyğun Oleksandr yazıldığı üçün Lapşin Azərbaycana maneəsiz daxil ola bilib. Azərbaycan tərəfi “Dövlət sərhədinin pozulması haqqında” qanunu pozduğu üçün blogeri beynəlxalq axtarışa verib.