İran bu gün Ermənistanla əlaqələrinin inkişafı istiqamətində müəyyən addımlar atsa da, tərəflər arasında iqtisadi müstəvidə münasibətlər hələ də istənilən səviyyədə deyil. Bunun əsas səbəblərindən biri Ermənistan iqtisadiyyatının olduqca bərbad durumda olmasıdır.
Ümumiyyətlə, İran və Ermənistan iqtisadiyyatı arasında bu gün kifayət qədər böyük fərq var və bu hal ölkələrin birgə layihəsinin həyata keçməsinə ciddi əngəl sayılır. Məsələn, İrandan Ermənistana dəmir yolunun çəkilməsi məhz sonuncunun ağır iqtisadi durumu üzündən həyata keçmir. Hələ 8 il əvvəl Serj Sarkisyan bəyan etmişdi ki, dəmir yolu 2008-ci ildə tikiləcək. Lakin ötən 8 ildə bu istiqamətdə heç bir iş görülməyib və bu da təsadüfi deyil. Sarkisyanın bəyanatına cavab olaraq o vaxt Rusiya "Dəmir Yolları" şirkətinin prezidenti olan Vladimir Yakunin bildirdi ki, İrandan Ermənistana dəmir yolunun çəkilməsi səmərəsiz və perspektivsiz işdir. V.Yakuninin bu məsələyə münasibət bildirməsi təəccüblü deyildi. Ona görə ki, Ermənistanın dəmir yolları Rusiyaya satıldığından, iki ölkə arasında dəmir yolunun çəkilməsi qərarı İrəvanda yox, Moskvada verilə bilər. Digər tərəfdən, Ermənistan Rusiya ilə ümumi sərhədə malik deyil və dənizlərə çıxışı yoxdur. Rusiya diqqəti daha səmərəli olan "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinə və onun əsasını təşkil edən Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun çəkilməsinə yönəldib. Çünki bu yol Azərbaycan dəmir yolları vasitəsilə Rusiyaya, oradan isə Avropaya uzanacaq. Görünür, bütün bunlar nəzərə alındıqdan sonra Ermənistanda İranla dəmir yolu xəttinin layihələndirilməsi və tikilməsi ilə məşğul olacaq şirkət ləğv edilib. Hökumətin bu günlərdəki iclasında nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri Vaqan Martirosyan qeyd edib: "Dəmir yolu tikintisi müdiriyyəti" Qapalı Səhmdar Cəmiyyətinin ləğvi nəticəsində 13 ştat ixtisar ediləcək və 35 milyon drama yaxın vəsaitə qənaət olunacaq". Təxminən bir ay öncə jurnalistlərlə görüşündə Ermənistanın nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri Vahan Martirosyan demişdi ki, Ermənistan-İran dəmiryolu tikintisində hansısa inkişaf yoxdur, hələ ki, yalnız potensial sərmayədarlarla müzakirə aparılır: "Təxmini hesablamalara görə, tikinti üçün 3.2 milyard dollara yaxın vəsait lazımdır. Ancaq bu dəqiq deyil, çünki hələ son layihə hazır deyil". İndi isə aydın olur ki, Sarkisyanın vədindən səkkiz il keçsə də, hətta dəmir yolunun layihəsi belə hazır deyil.
Uzunluğu 305 kilometr olacaq dəmir yolu Siunik əyalətində dağların arasından keçməli idi. Ermənistan-İran dəmir yolu Sarkisyanın hələ prezident seçilməzdən əvvəl təklif etdiyi üç iri layihədən biri idi. Bir neçə ay sonra hətta yeni atom stansiyasının tikintisi də başlamalı idi, Dünya Bankı isə bunu maliyyələşdirəcəkdi. Bu təşəbbüslərin heç biri reallaşmadı. Son zamanlar isə, hətta hakimiyyətin yüksək dairələri belə, yaxın gələcəkdə İran-Ermənistan dəmir yolunun tikintisinin mümkün olacağına dair şübhələrini gizlətmirlər. İqtisadi şərhçi Hayk Gevorkyanın fikrincə, Ermənistan-İran dəmir yolu iqtisadi cəhətdən əlverişsizdir, rentabelli deyil. Buna görə də yaxın onilliklərdə onun tikintisi, çətin ki, mümkün olsun: "İnvestoru bu vəsaiti qoymağa cəlb etmək üçün yükdaşıma, sərnişin dövriyyəsi yüksək deyil. Hökumətin sərmayədarın 22 ilə qoyduğunu götürəcəyi, sonra gəlirlə çalışacağı ilə bağlı hesablaması da inandırıcı görünmür".
Digər ekspertlər də bildirir ki, İran-Ermənistan dəmir yolunun çəkilişi iqtisadi baxımdan da əlverişli deyil. Ermənistanın ixrac potensialı sıfır səviyyəsindədir. Bu ölkə İran malları üçün bazar olsa da, böyük və gəlirli bazar hesab edilə bilməz. Ermənistanda iqtisadi vəziyyət bərbad haldadır, əhalinin alıcılıq qabiliyyəti həddən artıq aşağıdır. Digər tərəfdən, bu ölkədəki strateji sahələr başqa dövlətlərin əlindədir. Onu da qeyd edək ki, İranın qeyri-neft sektorunda ixracın əsasını təşkil edən mallar, məsələn, subtropik meyvələr, püstə, badam, qoz, yer fındığı, düyü, xurma və digərləri dad və keyfiyyət baxımından yüksək səviyyəli olduğu üçün qiymətləri bahadır. Ermənistanda isə yoxsulluq hökm sürdüyü üçün əhalinin belə malları almaq imkanı məhduddur. Bu günlərdə "Theiranproject.com" saytı İranın ixrac potensialı haqqında məqalə yayıb. İranın Baş Dövlət Gömrük İdarəsinin məlumatına görə, 2016-cı ilin 9 ayı ərzində İrandan məhsul idxal edən ölkələr arasında birinci yerdə İtaliya dayanır. Bu ölkə İrandan 464 milyon 276 min 573 dollar məbləğində məhsul idxal edib. İkinci yerdə isə Azərbaycandır. Ölkəmiz 9 ay ərzində İrandan 302 milyon 128 min 355 dollar həcmində məhsul idxal edib. Almaniya və İspaniyadan sonra 5-ci yerdə Ermənistandır. Bu ölkə İrandan cəmi 160 milyondan bir qədər artıq məhsul idxal edib. Halbuki, əvvəlki illərdə İrandan məhsul idxalına görə Ermənistan İtaliyadan sonra ikinci yerdə idi. Bu vəziyyət Ermənistan iqtisadiyyatının dərin böhran içində olduğunu göstərməklə yanaşı, əhalisinin alıcılıq qabiliyyətinin də olmadığını ortaya qoyur. Belə vəziyyətdə İrandan Ermənistana dəmir yolunun çəkilişi, əslində, heç Tehrana da sərf etmir. İrandan Ermənistana ikinci qaz kəmərinin çəkilişi barədə də eyni sözləri demək olar. Bütün bunlar onu göstərir ki, İranla Ermənistan arasında iqtisadi əməkdaşlıq yenə çox dar bir çərçivəni əhatə edəcək. Halbuki, İran Azərbaycanla "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi kimi vacib layihə həyata keçirir və bu fonda iki ölkə arasında ticarət dövriyyəsinin bir neçə milyard dollara çatması gözlənir.
Nahid SALAYEV