Gürcüstanla "Qazprom" arasında imzalanmış son müqavilə fonunda bir daha bəlli olur ki, Azərbaycan qonşusunu təbii qazla təmin edən əsas ölkə olaraq qalmaqda davam edəcək. Çünki qarşıdakı dövr ərzində gürcü tərəfinin qaz ala biləcəyi yeganə mənbə qismində məhz Azərbaycan çıxış edəcək.
Xatırladaq ki, bu günlərdə Gürcüstan hökuməti "Qazprom eksport"un Ermənistana satdığı təbii qazın Gürcüstan ərazisindən nəqlinə görə nağd pul ödəmək təklifini qəbul edib. Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze bildirib ki, hazırkı vəziyyətdə "Qazprom eksport"un təklifi Gürcüstan üçün ən əlverişli variantdır.
Nazirin sözlərinə görə, yeni müqavilə yaxın vaxtlarda imzalanacaq: "Əvvəlki müqavilənin müddəalarından yalnız təbii qazın Gürcüstan ərazisindən nəqlinə görə ödəmələrlə bağlı olan maddə dəyişdirilir. Digər maddələr isə qüvvəsində qalır". Qeyd edək ki, əvvəlki müqaviləyə əsasən, "Qazprom eksport" Ermənistana satdığı təbii qazın Gürcüstan ərazisindən nəqlinə görə bu ölkəyə ümumi həcmin 10 faizi həcmində "mavi yanacaq" verirdi. Bu ildən isə "Qazprom" ödənişin nağd ödəmələrlə həyata keçirilməsi barədə təklif irəli sürüb və gürcü tərəfi bunu qəbul edib. Gürcüstan baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Qeorqi Qaxariya da təsdiqləyib ki, bundan sonra Gürcüstan Rusiyadan Ermənistana satılan qazın nəqlinə görə "mavi yanacaq" deyil, nağd pul kompensasiyası alacaq: "Yeni müqaviləyə əsasən, Gürcüstan Rusiyadan təbii qazı bazar qiymətindən aşağı, 1000 kubmetri 185 dollara ala bilər. Bu qiymət də Gürcüstanın bizim strateji tərəfdaşımız və əsas qaz təminatçımız olan Azərbaycandan aldığımız qazın qiyməti ilə eynidir. Strateji tərəfdaşımız olan Azərbaycandan lazım olan həcmdə təbii qaz alsaq, bizim Rusiyadan əlavə "mavi yanacaq" almağımıza heç bir ehtiyac qalmayacaq. Bununla da söhbət bağlanmış olacaq". Nazirin sözlərinə görə, yeni müqavilə imzalamaqla Gürcüstan Rusiyadan əlavə qaz almaq barədə heç bir öhdəlik götürməyib. Qeyd edək ki, Gürcüstan 2007-ci ildən Rusiyadan təbii qaz almır. Həmin ildən Gürcüstanın əsas təbii qaz təminatçısı olan Azərbaycan bu ölkənin mavi yanacağa olan ehtiyacının təqribən 90 faizini ödəyir. Amma bu rəqəmin daha da artması gözlənir. Çünki gürcü tərəfi tranzit haqqı olaraq daha Rusiyadan Ermənistana uzanan kəmərdən keçən qazın 10 faizini götürə bilməz. Bu vəziyyətdə isə bütün ümidlər indilikdə Azərbaycanadır. Bir məqamı da qeyd edək ki, ölkə müxalifəti hökumətin "Qazprom" şirkəti ilə bağladığı müqaviləyə etirazlar etməkdə davam edir. Müxalifət və bəzi qeyri-hökumət təşkilatları bu sazişi ölkənin milli maraqlarına zidd sayır. Parlamentdəki müxalifət nümayəndələri energetika naziri Kaxa Kaladzeni danışıqlar zamanı lazımi prinsipiallıq və çeviklik nümayiş etdirməməkdə və Gürcüstana sərfəli olmadığı əvvəlcədən bəlli olan bir sənədə imza atmaqda suçlayır. Tənqidçilərin fikrincə, "Qazprom"la imzalanmış müqavilənin yeni şərtləri Gürcüstanı Rusiyanın nəhəng qaz inhisarçısından asılı vəziyyətə salır. Vahid Milli Hərəkat Partiyasının keçmiş üzvü, hazırda "Avropa Gürcüstanı" fraksiyasının nümayəndəsi olan Yelena Xoştariya məsələ barədə bunları deyib: "Rusiyanın ərazimizdən Ermənistana ötürdüyü qazın 10 faizini almaq kimi sərfəli və yüzdəyüz təminatlı bir şərti mübarizəsiz-filansız əldən vermişik. İndi artıq bizim mövqeyimiz zəifdir. Rusiya gələcəkdə istənilən vaxt bizə öz şərtlərini diqtə edə biləcək. Qısası, 10 ildir vaxtını heç bir problem yaşamadan uzatdığımız bir məsələdə Rusiyadan asılı vəziyyətə düşmüşük".
Hökumət nümayəndələri isə israrla bildirir ki, Tiflisin Moskvadan hər hansı asılılığının yaranmasından söhbət gedə bilməz. Onlar müqavilə detallarının ictimai müzakirəsinə də zərurət görmürlər. "Gürcüstan Arzusu" fraksiyasının sədri Mamuka Mdinaradze deyir: "Bu məsələdə ictimaiyyət onu maraqlandıran bütün suallara cavab alıb. Sadəcə, ana müxalifət partiyası diqqəti bugünlərdə yaşamış olduğu parçalanmadan yayındırmaq üçün "Qazprom"la müqavilənin detallarını ictimailəşdirmək tələbini irəli sürür. Bu səbəbdən onların tələbi qeyri-legitimdir". Energetika nazirinin müavini Mariam Valişvili isə bildirib ki, Gürcüstan Rusiya tərəfinin şərtindən imtina etsəydi, Moskva Ermənistana qazı İran vasitəsilə nəql edəcəkdi. Bu səbəbdən də Tiflisin təqdim olunan kontraktı imzalamaqdan başqa yolu qalmayıb.
Tahir TAĞIYEV