"Kasprşikin dəyişdirilməsi onun təmsil etdiyi qurumdan təkidlə tələb olunmalıdır"
Azərbaycan ATƏM-in (1 yanvar 1995-ci ildən ATƏT) üzvlüyünə 1992-ci ilin 30 yanvarında qəbul olunub. Qeyd etmək lazımdır ki, ATƏM Azərbaycanın daxil olduğu ilk Avropa təşkilatı olub.
1992-ci ilin fevral ayından başlayaraq Ermənistan-Azərbaycan münaqişəsi ATƏM-in prinsiplərinə uyğun olaraq üzv dövlətlərin daha çox diqqət obyektinə çevrildi. Bu məqsədlə fevralın ortalarında ATƏM-in ilk xüsusi missiyası Azərbaycanda oldu.
1992-ci il fevralın 27-28-də ATƏM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin (YVŞK) iclasında ilk dəfə olaraq Ermənistan-Azərbaycan münaqişəsilə bağlı müzakirələr aparıldı. Dağlıq Qarabağın Azərbaycan Respublikasına mənsub olmasını təsdiq edən sənəddə, sərhədlərin dəyişdirilməməsi şərti ilə, münaqişənin sülh yolu ilə həllinə çağırış öz əksini tapdı.
28 avqust 1995-ci ildə ATƏT-in fəaliyyətdə olan sədrinin ATƏT-in Minsk Konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi vəzifəsi təsis olunub. 1 yanvar 1997-ci ildən bu vəzifəni səfir Anjey Kasprşik (Polşa) icra edir.
Bu 20 illik fəaliyyəti dövründə A.Kasprşik heç bir uğuru ilə yadda qalmayıb. Onu bu ötən 20 ildə "əvəzolunmaz" edən hansı amildir?
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı qəzetimizə açıqlamasında bildirdi ki, onlar da dəfələrlə Kasprşik barədə mövqelərini açıqlayıb: "Diplomat statusunda fəaliyyət göstərən bu adamı deyilən vəzifəyə bu dərəcədə bağlayan nədirsə, biz bilirik. Əvvəla dünyanın heç bir yerində belə bir praktika yoxdur ki, bir diplomat 20 il eyni postda xidmət etsin. Özü də ortada heç bir nəticəsi olmayan, uğursuz fəaliyyətdən söhbət gedir. Biz dəfələrlə bəyan etmişik ki, Kasprşikin fəaliyyətində ermənipərəstlik xüsusilə görünür. O, Minsk Qrupunun həmsədrlərinin iştirakı olmadan tez-tez qondarma rejimin qərar tutduğu ərazilərə səfər edir. Həmin qondarma qurumu təmsil edən müxtəlif şəxslərlə görüşür. Sonra da fəxrlə nəticəsiz görüşlər barədə mediaya açıqlama verir. Burada bir məqsəd var: qondarma qurumun mövcudluğunun təbliği. Kasprşik niyə Dağlıq Qarabağdakı qondarma rejim rəhbərlərilə keçirdiyi görüşlər barədə ətraflı məlumat vermir? Çünki deyiləsi sözü yoxdur. Mənə elə gəlir ki, Azərbaycanın səlahiyyətli qurumları bu məsələni həll etməlidir. Kasprşikin dəyişdirilməsi onun təmsil etdiyi qurumdan təkidlə tələb olunmalıdır".
Məhəmmədəli QƏRİBLİ