Məlumat verildiyi kimi, bu ilin əvvəlindən etibarən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibinin vəzifəsini Valeri Semernikov icra edir. O, qurumda baş katibin müavini olub. Gözlənir ki, KTMT-nin apreldə keçiriləcək növbəti iclasında elə Valeri Semernikov baş katib vəzifəsinə təsdiq olunacaq. Bu isə Ermənistana vurulan növbəti zərbə sayılır.
Xatırladaq ki, 31 dekabr 2016-cı il tarixində KTMT baş katibi Nikolay Bordyujanın səlahiyyət müddəti başa çatıb. Bordyuja 2003-cü ildən KTMT baş katibi olub. Fəaliyyəti dövründə o daha çox ermənipərəst mövqe tutduğundan, bu şəxsin vəzifədə qalması İrəvan üçün sərfəli sayılırdı. Hətta o, Ermənistan-Azərbaycan sərhədində silahlı insidentlə bağlı yaydığı bəyanatında "Dağlıq Qarabağ Respublikası" ifadəsi belə işlətmişdi. Düzdür, sonradan bununla ağlı KTMT, eləcə də Rusiya Xarici İşlər Nazirliyi təkzib bəyanatı yaydılar, Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bildirdilər. Amma Bordyujanın bu mövqeyi onun səlahiyyətlərinin növbəti dəfə uzadılmasına imkan vermədi. Xatırladaq ki, Nazirlər Kabinetinin son iclasında da Prezident İlham Əliyev bu məsələyə toxundu. Aprel döyüşlərindən danışan Prezident bu xüsusda dedi: "Aprel döyüşləri bizim şanlı tariximizdir, böyük qələbəmizdir. Biz hərbçilərimizlə fəxr edirik. Bu döyüşlər zamanı Azərbaycan xalqı bir daha öz birliyini nümayiş etdirmişdir. Beləliklə, hesab edirəm ki, 2016-cı il münaqişənin həlli ilə bağlı çox önəmli il olmuşdur. Çünki qarşı tərəf - Ermənistan təşviş içində idi, vasitəçilərdən xahiş edirdi ki, tezliklə bu döyüşlər başa çatsın və onlar danışıqlar prosesinə qayıtmağa hazır olduqlarını bildirmişlər. Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, onlar müxtəlif beynəlxalq təşkilatlara, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etmişlər. Baxmayaraq ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bu məsələ ilə heç bir əlaqəsi yoxdur. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına bu vaxta qədər rəhbərlik etmiş şəxslər, sadəcə olaraq, böyük siyasi səhv buraxaraq ermənipərəst mövqe və qəbuledilməz fikirlər ifadə etmişlər. İndi biz hamımız onların aqibətinin necə olduğunu yaxşı bilirik". Beləliklə, Nikolay Bordyujanın baş katib vəzifəsindən getməsi, erməni hərbçinin onun yerinə seçilməsinə imkan verilməməsi Ermənistan üçün ikiqat fiasko sayılır. Apreldə də quruma erməni hərbçinin rəhbərlik etməsinə imkan verilməyəcəyi artıq dəqiq hal sayılır. Bunun səbəblərini ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin "kölgəsi" hesab olunan "Stratfor" araşdırma mərkəzi də açıqlayıb və bildirib ki, KTMT-də Qazaxıstan və Belarusun Ermənistana qarşı çıxması buna imkan vermir. Qeyd olunur ki, Astana və Minsk KTMT-yə erməninin baş katiblik etməsini istəmir: "Hərbi blokun üzvlərinin iki iclasda yeni baş katibi seçə bilməməsi daxildə fikir ayrılığının olduğunu göstərir. Hələ 2015-ci ildə təşkilat üzvləri razılaşdı ki, hər üç ildən bir baş katib dəyişəcək. Rusiya əlifbasının sıralamasına görə, ilk baş katib Ermənistandan seçilməli idi. Beləliklə, üzv ölkələr öncədən razılaşdılar ki, Nikolay Bordyujanı Ermənistan nümayəndəsi əvəz etməlidir. Oktyabrda KTMT-nin İrəvanda keçirilən iclasına Qazaxıstan prezidenti Nursultan Nazarbayev gəlmədi. Dekabrda Sankt-Peterburqda keçirilən iclasa isə Belarus prezidenti Aleksandr Lukaşenko gəlmədi. Bəzi məlumatlara görə, onun yoxluğu təsadüfi deyildi".
Araşdırmada qeyd olunur ki, Rusiya, görünür, Ermənistana KTMT-nin baş katibinin erməni olacağına söz verib: "Bununla Moskva aprel müharibəsində neytral mövqe tutmasının əvəzini ödəyir. Lakin Qazaxıstan və Belarusun Azərbaycanla sıx münasibətləri buna mane olur. Məhz Minsk və Astana hərbi bloka erməni baş katibin təyin olunmasına qarşı çıxır. Görünür, yaxın dövrlərdə də təşkilat daxilində fikir ayrılığı qalacaq. Bu fikir ayrılığı həm baş katib postu, həm də Dağlıq Qarabağın statusu ilə bağlı olacaq. Moskva bu fikir ayrılığını yumşaltmaq üçün bacardığı hər şeyi edəcək. Bunun üçün Rusiya baş katib postuna rus namizədi təklif edə bilər. Lakin fikir ayrılığına görə hərbi blok dağılmasa da, zəifləyəcək".
"Stratfor"un məqaləsini şərh edən rusiyalı hərbi ekspert Pavel Felqenqauer hesab edir ki, KTMT-də erməni baş katibin olmasına əsas maneə Qazaxıstandır: "Nursultan Nazarbayev İlham Əliyevlə çox yaxın münasibətlərə malikdir, eyni zamanda, iki ölkə arasında sıx əlaqələr var. Belarus prezidenti Aleksandr Lukaşenko da Azərbaycan Prezidenti ilə yaxşı münasibətlərə malikdir. Lakin Moskva üçün Lukaşenkonu inandırmaq daha asandır, nəinki Nazarbayevi. Bu baxımdan, təşkilata erməni baş katibin təyin olunması məsələsini yalnız Moskva həll edə bilər. Lakin Moskva bunun üçün Nazarbayevə təzyiq edəcəkmi? Bu açıq qalan sualdır. Çünki bu məsələ Rusiya üçün o qədər də prinsipial deyil. Ən yaxşı halda, Ermənistana nəsə başqa bir təklif ediləcək və KTMT-də yeni baş katib erməni olmayacaq".
Xatırladaq ki, KTMT 1992-ci ilin mayında yaradılıb. Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan KTMT-nin üzvüdür. Özbəkistan 2012-ci ilin iyununda KTMT-də fəaliyyətini dayandırdığını bəyan edib.
Nahid SALAYEV