Görkəmli Azərbaycan şairi Nəsiminin yaradıcılığı ədəbiyyat tariximizdə yeni bir mərhələ təşkil edir. Ana dilində qiymətli bədii-fəlsəfi şeirlər yazan şair yüksək təfəkkürü və zəkası ilə sənətin zirvəsinə yüksəlib.
Şairin həyatı gərgin mübarizələrlə keçib. Orta əsrlərdə yazılan "Künüzüz-zəhəb" adlı əsərdə onun adı Əliən-Nəsimi kimi verilir. "Vəsiyyətnamə" adlı əsərində isə o, Seyid Əli deyə xatırlanır. İmadəddin Nəsiminin ləqəbidir.
Seyid Əli İmadəddin Nəsimi 1369-cu ildə Azərbaycanın qədim şeir-sənət mərkəzlərindən biri olan Şamaxı şəhərində anadan olub. Onun atası Seyid Məhəmməd zəmanəsinin tanınan adamlarından idi. XVI əsr türk təzkirəsi Qəstəmonili Lətifinin "Təzkirətüş-şüəra," Alinin "Künhül-əxbat" əsərlərində göstərilir ki, şairin Yulidəmu (Dağınıq saçlı) ləqəbilə məşhur olan Şah Xəndan adlı qardaşı olub və o da incə zövqlü şair kimi tanınırmış.
Nəsimi çox gənc yaşlarından mükəmməl təhsil alıb, fars və ərəb dillərini, məntiqi, riyaziyyatı, təbabəti, nücumu öyrənib. O, dövrünün görkəmli ariflərindən təhsil aldıqdan sonra hurufi Nəiminin xidmətinə girib, onun tərbiyə və təlimlərindən bəhrələnib. Nəsimi ilk şeirlərini "Hüseyni" təxəllüsü ilə yazıb. Hürufilik təriqətinin banisi olan Fəzlullah Nəimi 1394-cü ildə Şirvana gəlib və Nəsimi ilə görüşüb. Onun hürufi görüşləri Nəsiminin yaradıcılığına və dünyagörüşünə dərin təsir göstərib. Nəsimi hurufiliyin banisi Fəzlullah Nəiminin görüşlərini mənimsəyərək, bu təriqətin fikirlərini təbliğ edən şeirlər yazmağa başlayıb və bu vaxtdan etibarən Nəiminin təxəllüsü ilə həmahəng səslənən Nəsimi təxəllüsünü qəbul edib.
Nəsimi lirik şairdir. Yaradıcılığa aşiqanə şeirlərlə başlayan Nəsimi sonralar dövrün siyasi, ictimai və əxlaqi mövzularında əsərlər yazıb, Azərbaycan ədəbiyyatı tarixində ana dilində yaranan fəlsəfi qəzəlin banisi olub. O, həyat, cəmiyyət haqqında açıq deyilməsi qorxulu olan tənqidi fikirlərini aşiqanə misralar və ya təbiət təsvirləri içərisində söyləyib. Nəsimi Azərbaycan şeirinin şəkli xüsusiyyətlərinin təkmilləşməsində çox mühüm rol oynayıb, əruz vəznini Azərbaycan dilinin xüsusiyyətlərinə uyğunlaşdırmağa çalışıb. Onun rübailəri bədii quruluş və məzmun baxımından çox qiymətlidir. Nəsiminin rübailərində hürufiliyin müddəaları, şairin fəlsəfi görüşləri, həyat və kainat haqqında düşüncələri yığcam bir dildə ifadə olunub.
Nəsiminin əsərləri hələ sağlığında Azərbaycan, Yaxın Şərq, İraq, Kiçik Asiya və Suriyada, eləcə də Orta Asiyada və uyğurlar içərisində geniş şöhrət tapıb. Nəsiminin ana dilində yazdığı əsərlər Azərbaycan şeirinin inkişafına, bütün türk ədəbiyyatına təsir edib. O, orta əsrlərin əsas elmlərini, Şərqin üç böyük dili olan türk, fars və ərəb dillərini bu dillərdə bədii əsər yarada biləcək səviyyədə öyrənib.
Şairin əsərlərinin təhlili göstərir ki, Nəsimi o dövrün ən yaxşı universitetlərinin tələbinə cavab verəcək bir dərəcədə kamil təhsil ala bilib. O, klassik Şərq və qədim yunan fəlsəfəsini, habelə ədəbiyyatını dərindən mənimsəmiş, tibb, astronomiya və astrologiya, riyaziyyat və məntiq elmlərinə dərindən yiyələnmişdi. O, dilləri elə yaxşı öyrənmişdi ki, Azərbaycan, fars və ərəb dillərində eyni dərəcədə gözəl şeirlər yaza bilirdi. Onun azərbaycanca şeirlərinin dili həm zənginliyi, həm də xalq nitqinə yaxınlığı ilə seçilir, atalar sözləri, zərb-məsəllər, hikmətli sözlər burada çoxluq təşkil edir. Nəsiminin rübailəri Azərbaycan xalq şeiri nümunələri olan bayatılara çox yaxındır. Nəsimi Azərbaycan dilində böyük divan yaradıb. Onun Azərbaycan dilində yazdığı şeirlər doğma dilin tarix səhnəsinə çıxmasını, elm və mədəniyyət vasitəsi kimi möhkəmlənməsini təmin edib. Nəsimi Azərbaycan ədəbi dilini canlı xalq dili hesabına zənginləşdirib, şeiri bədii ifadə vasitələri, janr, vəzn və ahəng cəhətdən inkişaf etdirib. O, ərəb və fars dillərində də şeir yazıb.
Şairin əsərləri təsdiq edir ki, o, xüsusilə fəlsəfə, məntiq, kəlam, fiqh, riyaziyyat, tarix, təbiət elmlərinə yaxından bələd olub, Şərqin məşhur mütəfəkkirləri olan Zərdüşt, Fərabi, İbn Rüşd, İbn Sina, Eynəlqüzzat Miyanəci, Ömər Xəyyam və başqalarının əsərlərini sevə-sevə oxuyub. Həyatda gördüyü haqsızlıqlar, ədalətsizliklər, insanlarda müşahidə etdiyi qeyri-insani sifət və əməllər onu çox erkən yaşda araşdırmalar aparmağa, insanların özlərini və həyatlarını yaxşılaşdırmaq, mənalı etmək üçün yollar axtarmağa yönəldib.
Nəsimi elə bir elmi və fəlsəfi sistem axtarıb ki, onun köməyilə insanları yenidən tərbiyə edə bilsin, onlara özlərini yeni məzmunda dərk etməyi, insan adının uca, yüksək olduğunu anlamağı öyrətsin. Bunun üçün o, əvvəlcə sufizmə gəlib çıxır, məşhur sufi şeyxi Həllac Hüseyn ibn Mənsuru (858-922) özü üçün ideal bir nümunə seçir. Həllac Mənsur ömrü boyu Nəsimi üçün ən yüksək insan nümunəsi olaraq qalır. Öz əqidəsi, məsləki, inandığı həqiqətlər yolunda ölümdən qorxmayan, din xadimlərinin əli ilə xıncım-xıncım edilib işgəncə ilə öldürülən bu adam Nəsiminin səcdə etdiyi, öydüyü, dönə-dönə xatırladığı şəxs olub. Nəsiminin dünya görüşünün formalaşmasında Şərqin bir çox görkəmli sufi şeyxləri mühüm rol oynayıb. Nəsimi özü onlardan Kərxi, Şibli, Ədhəm, Cəlaləddin Rumi, Şəms Təbrizi, Fıridəddin Əftar və başqalarının adlarını xatırlayır. Sonralar hürufilik təriqətinin banisi Fəzlullah Nəiminin təlimini bütün varlığı ilə qəbul edən şair onun ən sadiq müridlərindən birinə çevrilir. 1394-cü ildə Nəiminin Əlincə qalasında faciəli şəkildə öldürülməsi, Azərbaycanda hürufilərin amansızlıqla təqib olunması, başqa hürufilər kimi, Nəsiminin də vətənini tərk etməsinə səbəb olur. O, Sultan I Murad dövründə gəlib bir müddət Anadoluda qalır. Bir çox şair və ədiblərlə görüşür, dostluq edir. Hakim təbəqələr hürufiləri burada da təqib edirdilər. Belə olduqda Nəsimi ərəb ölkələrinə üz tutur, İraqda, Suriyada olur. Şair ömrünün son illərini Hələb şəhərində yaşayır. Burada da şairin feodal zülmü və ehkamçı düşüncələrə qarşı yönələn şeirləri onların daha artıq qəzəbinə səbəb olur. Çox keçmir ki, həmin dairələr bu tarixi şəxsiyyətimizin həbs edilməsinə və böyük işgəncə ilə öldürülməsinə nail olur.
Nəsiminin qəbri Hələb şəhərindədir. Nəsimi nəslinə mənsub ailələrdən birinin evində, ailə qəbiristanlığında saxlanan bu məzar artıq orta əsrlərdən bəri bir ziyarətgah kimi qiymətləndirilir. Görünür, faciəli ölümündən sonra böyük şairi evdə dəfn edib və onu ailənin ən qiymətli yadigarı, namus və qeyrətinin ən bariz təcəssümü kimi qoruyub saxlamağı özlərinə borc biliblər.
Ərəb tarixçisi Abbas Əzzavi İraq tarixinə dair yazdığı bir əsərdə Nəsiminin şəxsiyyəti, fikir tarixindəki yeri, hürufilik hərəkatındakı mövqeyindən bəhs edərək belə yazır: "Nəsiminin təhlükəsi artmışdı, səsi ucalmış, ona uyanlar çoxalmışdı. Təriqətinin genişlənməsi qorxusu aləmi bürümüşdü. Şairlik gücü ilə təbliğat aparması mühakimə olunmasına yol açmışdı. Nəsimi ustadı Fəzlullahdan daha çox səs salmış, hürufilər arasında böyük mövqe qazanmışdı. Heç kimin etmədiyini o etmişdi. Nəsimi olmasaydı, hürufilik sönər, bitərdi, Fəzlullahın qorxub açmadığını bu açıqca ortaya atmaqdan çəkinməmişdi. Şeirləri xalq arasında oxunurdu. Gözəl bədii üslubu ilə dinləyiciləri sarsıdırdı. O, cəsur bir şair idi".
Hürufilərin Teymurləng tərəfindən ciddi təzyiqlərə məruz qaldığı bir vaxtda İmaməddin Nəsimi vətəndən didərgin düşərək İraq, Türkiyə, Suriyada yaşamağa məcbur olub. Hürufilik təlimi əsasında irəli sürdüyü panteist ideyalarına görə Hələb şəhərində vəhşicəsinə edam olunub.
Nəsiminin yaradıcılığı çox dolğun və mənalıdır. O, Azərbaycan və fars dillərində şeir divanları yaradıb. Nəsimi dünyəvi və fəlsəfi əsərlərində insanın mənəvi böyüklüyünü, onun gözəlliyini, sevincini və qeyri-adi könül çırpıntılarını vəsf edib. Nəsimiyə görə dünyanın ən dəyərli incisi, gövhəri insandır, insan olan yerdə daşa, torpağa gövhər demək o qədər də doğru deyildir! Ey "daşəvü türabə" deyən qiymətli gövhər, insan bu hüsnü-lütf ilə gövhər deyildirmi?!
Nəsimi insanın həyatda real, etik vəziyyətini, cəmiyyətdə yerini unutmayıb. Onun fikrincə, ürək sıxan üç şey var: Birincisi yaman qonşu, pis xasiyyətli dost, pis övrət. İkincisi, yalançılıq, qeybət, paxıllıq, ədavət. Üçüncüsü böhtan, ələ salma, kobud zarafat.
Şair yaşadığı dünyanı tikanlı bir bağa bənzədir və belə bir yerdə güllük axtarmağı mənasız bir iş sayır. Tikanlı dünya gül deyil, tikan bitirir, özü vəfasız olduğu üçün vəfalı insanlar yetirmir.
Şair insanın könül sərbəstliyinə, mənəvi azadlığı və səadətinə qarşı duranları div, şeytan adlandırırdı. Öz romantikası ilə yaşadığı həyatı araşdırıb, onun mənzərəsini yaradırdı. Ağıllı nəsihətlərində zülmü, şəri, cahilliyi, geriliyi pisləyir, şər üçün yaranmış əli kəsib atmağı tələb edirdi:
O əli kəsgil, buraxgil xeyri yoxdur, şəri çox,
Tutgil imdi ol əli kim, xeyir ilə ehsan edər.
Zalım oldun, zülm əkərsən yenə kəndi tarlaya,
Zalımın zülmü-şərindən tarlada üsyan bitər,
Şol ağaca bənzəmə kim, kəsib oda yaxalar.
Balta zəxmindən əmindir, onda kim, rümman bitər.
Nəsimi yaradıcılığının çıxış nöqtələrindən biri də məhəbbət mövzusu idi:
Ey eşqə günah deyən günahkar,
Tərk eyləməzəm mən ol günahı.
Nəsimi öz yaradıcılığı ilə Azərbaycan ədəbiyyatına qiymətli yeniliklər gətirib, milli poeziyanın inkişafında mühüm rol oynayıb. Onun əsərlərində Azərbaycan ədəbi dili, şeirin vəzni və ahəngi inkişaf edib.
Nəsimi şeiri altı yüz ildən artıqdır ki, sevilir, insanlara bədii zövq verir, sevgi və gözəllik duyğuları aşılayır.
YUNESKO-nun qərarı ilə Nəsiminin anadan olmasının 600 illiyi dünya miqyasında qeyd olunub, Azərbaycanda və Moskvada keçirilən yubiley təntənələrində dünyanın bir çox ölkələrindən gələn nümayəndələr iştirak edib.
Ruhu şad olsun!
Fazil QARAOĞLU professor