Ötən ilin sonunda Ermənistan hakimiyyətində həyata keçirilən kadr dəyişikliklərinin bu ölkədə hansısa yeniliyə səbəb olmayacağına dair verilən proqnozlar özünü doğruldur. Bu hal isə Ermənistan prezidenti Serj Sarkisyanı daha çətin vəziyyətdə qoyur. Çünki çoxsaylı
nazir dəyişikləri ölkədə sosial-iqtisadi vəziyyətdə hansısa müsbət yeniliyə gətirib çıxarmayıb. Elə bu səbəbdən Serj Sarkisyan baş nazir Karen Karapetyanın fəaliyyətindən narazılığını bildirib. Ermənistanın "Jamanak" nəşri yazır ki, Serj Sarkisyan onun təyinatını prezident olduğu dövrdə ən ciddi səhvlərindən biri kimi dəyərləndirib: "Bundan sonra Karen Karapetyana son 5 il ərzində Ermənistan ərazisində fasiləsiz yaşayış barədə ərizənin verilməməsi məsələsini aktuallaşdırmaq və istənilən yolla baş nazirin hakim Respublika Partiyasının deputatlığa namizədlər siyahısına düşməsinə və parlament deputatı seçilməsinə maneə törətmək qərara alınıb. Bizdə olan məlumata görə, ərizənin verilməsinin hüquqi əsasları ilə son ana qədər keçmiş ədliyyə naziri, hazırda Prezident Aparatının rəhbəri David Arutyunyan məşğul olub. Amma ona da bu prosesi dayandırmaq göstərişi verilib". Bu fonda da Karen Karapetyana son 5 ildə ölkə ərazisində yaşamasına dair arayışın təqdim olunması onun problemini həll edə bilmir. "Jamanak" qəzeti bildirir ki, arayış həm də baş nazirin adının aprelin 2-nə təyin olunan parlament seçkilərində namizədlərin proporsional siyahısına daxil edilməsi üçün lazımdır: "Karen Karapetyan hakim partiyanın seçkiöncəsi kampaniyasına görə məsuliyyəti öz üzərinə götürməyə hazır olduğunu bildirib. Amma belə görünür ki, Karen Karapetyanın adının partiyanın proporsional siyahısına daxil edilməməsi haqqında razılıq əldə olunub. Hazırda siyahıya müdafiə naziri Viqen Sarkisyan, İrəvan meri Taron Markaryan və ədliyyə naziri Arpine Ovannisyanın adının daxil edilməsi müzakirə olunur. Bu halda Serj Sarkisyan Respublika Partiyasının seçki qərargahına rəhbərlik edə bilər". Bu vəziyyətdə o, həm də Karapetyanı baş nazir vəzifəsindən uzaqlaşdırmaq imkanı qazanır. Konstitusiyaya edilən son dəyişikliklərdən sonra ölkəni idarə edən əsas şəxs baş nazir olacaq. Serj Sarkisyan da məhz baş nazir kimi ölkənin idarəçiliyini davam etdirməyi düşünür. Bu fonda isə Karapetyana qarşı narazılıqlar getdikcə artır, onun iqtisadi siyasəti tənqid olunur. Məsələn, "Çiçəklənən Ermənistan" Partiyasının parlament fraksiyasının rəhbəri Naira Zohrabyan deyir ki, Ermənistan iqtisadiyyatı çox ağır vəziyyətdədir. Onun sözlərinə görə, Ermənistanda tərəqqinin qeydə alındığı bir sahənin belə adını çəkmək çətindir: "Ola bilsin, çox ağır vəziyyətdə olan ölkə iqtisadiyyatında irəliləyiş əldə etmək üçün kifayət qədər vaxt keçməyib. Amma indiyə qədər hansısa nikbin ipucu olmalıydı. Təəssüf ki, ictimai mühitdə həmin bu nikbinlik yoxdur"."Erməni intibahı" Partiyasının liderlərindən olan Eqina Bişaryan da eyni mövqedədir: "2016-cı il geriyə addım idi. Ermənistan hökuməti ölkəyə nəfəs almaq imkanı vermək üçün otuzdan artıq kredit götürüb. Təbii ki, 2017-ci il bundan yaxşı olmayacaq, əksinə, bu ilə biz böyük yüklə daxil oluruq. Bu o deməkdir ki, bu il geriyə addım nöqteyi-nəzərindən ötən ildən də geri qalmayacaq". Bişaryan xatırladıb ki, Ermənistan parlamentinin son iclasında büdcə kəsirini tamamlayacaq 180 milyon ABŞ dolları dəyərində üç kredit sazişinin layihələri qəbul edilib: "Biz millət olaraq dərin quyunun içindəyik. Ermənistan hökumətinin vədlərinə baxmayaraq, hər hansı bir ciddi dəyişikliyin baş verəcəyinə inanmıram. Mən bu vəziyyətdən çıxış üçün heç bir zəmin görmürəm". "Transparensy İnternational" beynəlxalq şəffaflıq təşkilatının İrəvan ofisi də vəziyyətin yaxşı olmadığını, yeni hökumətin də korrupsiya probleminin öhdəsindən gəlmədiyini bəyan edir. Qeyd olunur ki, büdcənin 30 faizi dövlət satınalmalarına, yəni ayrı-ayrı dövlət strukturlarının öz ehtiyacları üçün sifariş verdiyi mal və xidmətlərə xərclənir. Ancaq araşdırmalar göstərir ki, bu sifarişlər, bir qayda olaraq, eyni şirkətlərə verilir, özü də heç bir tender keçirilmədən. "Transparency İnternational" təşkilatının dövlət satınalmaları üzrə eksperti Artak Manukyan bildirir: "Bizim müşahidələr göstərir ki, bazar bölünüb. 168 şirkət satınalmalar bazarının 90 faizinə sahibdir. Bazarda yeni oyunçu peyda olsa, o yalnız 10 min dramlıq qələm alma sifarişlərini və başqa belə əhəmiyyətsiz sifarişləri almaq üçün ortaya çıxa bilər". Hesabata əsasən, dövlət satınalmaları sahəsində ciddi korrupsiya hökm sürür və məmurlar dövlət ehtiyacları üçün sifarişləri öz adamlarının adlarına açılmış şirkətlərə sifariş verərək pulların bir hissəsini sonradan geri alırlar. Bütün bunlar iqtisadiyyata cavabdeh olan Karen Karapetyandan narazılığı artırır və görünür, ölkə prezidenti də hadisələrin məhz bu səpkidə inkişafında maraqlıdır.
Nahid SALAYEV