ABŞ-ın yeni prezidenti Donald Tramp ilk mətbuat konfransı keçirib. Baki-xeber.com xəbər verir ki, Tramp, Nyu-Yorkda keçirdiyi mətbuat konfransında Rusiyanın prezident seçkilərinə müdaxiləsi, şəxsi həyatı və maliyyə vəziyyətilə bağlı həssas məlumatlara sahib olduğuna dair iddialar və şirkətlərinin gələcəyilə bağlı sualları cavablandırıb.
250 jurnalistin iştirakı ilə keçən mətbuat konfransı zamanı o, biznesini və Trump Organization şirkətinin idarəçiliyini oğullarına təhvil verdiyini deyib: "İki oğlum şirkətləri idarə edəcək və heç bir mövzunu mənimlə müzakirə etməyəcəklər".
Tramp, mətbuat konfransında vergi hesabatları ilə bağlı məlumatlarını nə vaxt açıqlayacağı sualına sərt reaksiya verib. Bildirib ki, vergi hesabatları araşdırılır və buna görə də açıqlamayacaq: "Mənim vergi hesabatlarım yalnız jurnalistlər maraqlandırır".
Tramp Dubaydan ona 2 milyard dollarlıq iş təklifini də geri çevirdiyini söyləyib.
Vəkili Şeri Dillon da, Trampın dövlət işlərilə öz şirkətlərinin işlərini bir-birindən ayıracağını, özünün və qızı İvankanın şirkətdəki bütün vəzifələrindən ayrılacağını qeyd edib. Dillon, Trump şirkətlərinin ABŞ xaricində yeni anlaşmalar aparmayacağını, ölkə daxilindəki anlaşmalarına da çox ciddi nəzarət edilcəyini deyib. Onun sözlərinə görə, yeni iş anlaşmalarından Tramp, ancaq qəzet və televiziyalardan xəbər tutacaq.
O, Putinin onun namizədliyini dəstəklədiyi halda belə, o, gələn həftə hakimiyyətə gəldikdə dünya səhnəsində Rusiya lideri ilə əlaqələrdə demokrat Hillari Klintondan daha sərt mövqe tutacağına işarə edib: “Siz səmimi olaraq Hillari Klintonun Putinə qarşı məndən daha sərt mövqe tuta biləcəyinə inanırsınızmı? Kimsə həqiqətən buna inanırmı”.
Tramp Rusiya ilə hər hansı maliyyə marağının olduğunu rədd edərək deyib: “Mənim Rusiya ilə sövdələşmələrim yoxdur, heç bir sövdə olmayacaq, Rusiya ilə heç bir kredit yoxdur”.
Rusiya ilə yaxşı əlaqələr qurmağa çalışacağını ifadə edən Tramp, münasibətlərin yaxşılaşdırılmasını müsbət amil kimi qiymətləndirir. Tramp İŞİD-i indiki ABŞ rəhbərliyinin yaratdığını və Rusiyanın İŞİD-lə mübarizədə ABŞ-a dəstək olacağını söyləyib: “Rusiya bizə İŞİD-lə mübarizədə kömək edə bilər. Əgər Putinin Trampdan xoşu gəlirsə, bu nöqsan yox, üstünlükdür. Ümid edirəm ki, biz dost olacağıq, buna şanslarımız az deyil...
Rusiya mənim zamanımda əvvəlki hakimiyyətlə müqayisədə ölkəmizə daha çox hörmət edəcək. Daha yaxşı anlaşacağımızı düşünürəm. Əgər anlaşa bilməsək də problem deyil. Rusiya, Çin, Yaponiya, Meksika, bütün bu ölkələr bizə daha əvvəlki rəhbərliklərdən daha çox hörmət edəcək”.
ABŞ qurumlarına kiberhücumlara gəlincə Tramp deyib ki, "Bunun arxasında Rusiyanın olduğunu düşünürəm. Amma başqa insanlar və ölkələrin də bizə kiberhücumlar etdiyini düşünürəm".
Tramp Rusiyanın onu etibardan salmaq üçün informasiya topladığı və onun kampaniya rəsmilərinin Rusiya kəşfiyyatı ilə əlaqəsi olduğuna dair məlumatların yayılmasını qınayıb. O, Rusiyanın seçkilərdə ona kömək etdiyinə dair yalan xəbərlərin rəqibləri tərəfindən yayıldığını deyib. İddiaları "uydurma xəbər" və "düşməncə" olduğunu ifadə edən Tramp, "Bu axmaqlıq bəlkə də, kim bilir kəşfiyyat qurumları tərəfindən sızdırıldı, əgər belədirsə onlar özlərinə böyük ləkə vuracaqlar" – deyə bildirib.
Mətbuat konfransında CNN jurnalistinin suallarını rədd edən Tramp, "Lütfən səssiz olun, kobudluq edirsiniz" deyə bildirib. O, jurnalistin "Burada bizə qarşı bəzi iddialar səsləndirilir, ancaq mənə söz vermirsiniz", sözlərinə cavab olaraq "Siz yalan xəbər yayan bir qurumsunuz. Sizə sual haqqı vermirəm" deyib.
BBC müxbiri isə Trampa "Xəbər qurumumuza hücum edirsiz" deyib. O isə buna "qurumunuz bərbad vəziyyətdədir" deyərək reaksiya verib.
TAHİR