"Bu işdə Azərbaycandakı tolerantlıq və multikultural mühit bir etalon kimi bütün islam dünyasına transfer edilə bilər"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2017-ci ili ölkəmizdə "İslam həmrəyliyi ili" elan edib. Dövlət başçısı bunu Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
Qeyd edək ki, bundan əvvəlki illər də ölkədə hansısa sahənin adı ilə bağlı olub. "Sənayə", "İKT" "Turizm", "Multikulturalizm" və digər istiqamətlər üzrə illərin elan olunması sübut etdi ki, məhz həmin sahələrə böyük diqqət ayrılıb və bizi qane edən nəticə hasil olub.
2017-ci ilin ölkəmizdə "İslam həmrəyliyi ili" elan olunması ölkəmiz üçün nə kimi əhəmiyyət daşıyır?
Ekspert Arzu Nağıyevin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan üçün ən prioritet istiqamətdir və islam həmrəyliyi burada vacib meyar ola bilər: "Burada əsas məsələ IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi və ölkəmizin belə bir tədbirə ev sahibliyi etməsidir. Eyni zamanda Avropa Oyunlarından sonra bu tədbirin Azərbaycanda keçirilməsi tolerantlıq və multikultural dəyərlərin sübutu kimi başa düşülməlidir.
Eyni zamanda İslam Hərbi Alyansı adlanan qurumda 34 islam dövlətinin yaratdığı bir hərbi blokda Azərbaycan öz təmsilçiliyi ilə terrora qarşı mübarizədə iştirakını təmin edə bilər. Azərbaycan Respublikasının İslam Əməkdaşlıq Təşkilatına üzv olması və münasibətlərinin müsbət məcrada inkişafı dövlətin xarici siyasəti üçün mühüm əhəmiyyət kəsb edir".
A.Nağıyevin sözlərinə görə, islam aləmində həmrəylik ən vacib amildir: "Ölkə başçısı Nazirlər Kabinetinin iclasında vurğuladı ki, islam aləmi üçün ən böyük təhlükə elə islam aləmindən gəlir. Cənab Prezident məhz bir sıra müsəlman dövlətlərinin ərazilərində yaradılaraq vasitə kimi istifadə edilən terror təşkilatlarının həyata keçirdikləri terrorun, təxribatların məhz radikal islam adı altında törədildiyini nəzərdə tutur. Məhz bunun qarşısının alınması üçün və islam adından istifadə etməklə törədilən qanunsuzluqları aradan qaldırmaq məqsədilə həmrəylik ən vacib amil kimi götürülməlidir. Bu işdə Azərbaycandakı tolerantlıq və multikultural mühit bir etalon kimi bütün islam dünyasına transfer edilə bilər".
Məhəmmədəli QƏRİBLİ