SSRİ-nin çöküşündən sonra yaranan və hələ də həllini tapa bilməyən əsas problemlərdən biri də Xəzər dənizinin hüquqi statusu ilə bağlıdır. Bir daha xatırladaq ki, bu məsələdən daha çox əziyyət çəkən Azərbaycan tərəfidir.
Çünki bu hal dənizdə sərhədlərin tam müəyyən edilməsinə maneə yaratmaqla yanaşı, həm də müəyyən yataqların işlənməsinin qarşısını alır. Digər tərəfdən yaranmış durum Azərbaycan üçün də vacib əhəmiyyət kəsb edən "Transxəzər" kimi kəmərin çəkilişinin qarşısını alır. Bu arada isə bəlli olub ki, Xəzər dənizinin hüquqi statusu barədə Konvensiyanın hazırlanması üzrə xüsusi işçi qrupun növbəti iclasının yanvarın üçüncü ongünlüyündə keçirilməsi planlaşdırılır. İclasın gündəliyində Konvensiya layihəsinin hazırlanması ilə bağlı bu günədək razılaşdırılmamış sualların müzakirəsi yer alıb. İlkin məlumata görə, iclas Aşqabadda keçirilə bilər. İclas çərçivəsində, həmçinin, Xəzəryanı dövlətlərin XİN rəhbərlərinin növbəti iclasına hazırlıq məsələləri müzakirə olunacaq. Qeyd edək ki, daha əvvəl Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Xəzərin statusu barədə Konvensiya ilə bağlı məsələlərin böyük əksəriyyətinin razılaşdırıldığını bildirmişdi. Amma razılaşdırılan məsələlər dənizin hüquqi status probleminin tam çözümünə imkan vermir. Bu həm də, yuxarıda qeyd olunduğu kimi, Xəzərdə daha geniş iqtisadi əməkdaşlığın qarşısını alır. Məsələn, Rusiya və İran üzündən "Transxəzər"in çəkilişi hələ də həyata keçmir. Halbuki, Moskvanın bu istiqamətdə həyata keçirdiyi siyasət indi Rusiyanın özündə də sərt tənqid hədəfinə çevrilir. Burada gedərək daha açıq fikirlər səslənir ki, Rusiya Xəzəri hərbləşdirmək əvəzinə dənizdə digər sahilyanı ölkələrlə iqtisadi əməkdaşlığı inkişaf etdirsə, daha çox mənfəət əldə etmiş olar. Rusiyanın "gazeta.ru" saytı yazır ki, Rusiyanı idarə edənlərin Xəzər dənizinə marağı uzun müddət hər şeydən əvvəl Şimali Qafqazda sabitliyi təmin etmək istəyi ilə bağlı olub. Amma qeyd edilir ki, Xəzər donanmasının Çeçenistan və Dağıstanda döyüş hərəkətlərində iştirak dərəcəsi ilə Suriyada döyüş əməliyyatlarına cəlb edilməsini müqayisə etmək çox çətindir: "Rusiya Xəzər dənizinin akvatoriyasından Suriyadakı döyüşçülərin mövqelərinə raketlərlə sarsıdıcı zərbələr vurub. Hazırda Rusiyanın Xəzər donanması 60-dan çox hərbi gəmi və kater, həmçinin təxminən 20 min şəxsi heyətdən ibarətdir. Rusiya bu baxımdan Xəzəryanı ölkələrin bütün qalan hərbi donanmalarını üstələyir. Keçmiş vaxtlarda Xəzər dənizi Rusiyanın hərbi və iqtisadi ekspansiyasının əsas istiqamətlərindən biri idi. Məhz burada Rusiyanın hərbi donanması yaranırdı və məhz Xəzər dənizinin sərvətləri Rusiyanı planetin aparıcı energetika dövləti etdi". Daha sonra tarixə ekskursiya edilərək xatırlanır ki, Bakı ərazisində neft hasilatının başlanması ilə Rusiya üçün Xəzərin qiyməti daha da artdı: "XX əsrin başlanğıcında Bakı neft rayonu ümumimperiya neft hasilatının 95 faizini verirdi. Xəzər həmin dövrdə həm də qiymətli balıq məhsullarının əsas təchizatçısı kimi çıxış edirdi. Sovet hakimiyyəti isə Xəzər üzərindəki inhisar hüququndan imtina etdi. Baxmayaraq ki, Xəzər bir sıra müqavilələrlə faktiki olaraq Rusiyanın daxili dənizinə çevrilmişdi. 1921, 1935 və 1940-cı illərdəki müddətsiz SSRİ-İran müqavilələri iki Xəzəryanı dövlətin Xəzərdə dəniz fəaliyyətinin həyata keçirilməsinə dair hüquqlarını bərabərləşdirdi. SSRİ-nin dağılmasından sonra Xəzəryanı ölkələr Xəzərin göl-dəniz statusunu müəyyən etmək və dəniz sərhədlərini çəkmək ehtiyacı hiss etdilər. Xəzərin statusu ilə barədə razılaşma indiyə kimi əldə edilməyib. Bununla bağlı yekun razılaşmanın 2016-cı ildə Astanada keçiriləcək 5-ci sammitdə imzalanacağı gözlənirdi, ancaq sonradan tədbir 2017-ci ilə keçirilib. Hazırda Bakı, Aktau, Türkmənbaşı və Bəndər-Ənzəli limanlarının yük dövriyyəsi milyonlarla tonla hesablanır. Nəticədə Xəzərdə yüklərin daşınmasının əsas marşrutları Azərbaycan-Qazaxıstan-Türkmənistan-İran dördbucağının perimetri üzrə uzanır. Eyni zamanda Azərbaycan və Türkmənistanda yeni liman terminalları yaradılır. Onların işə salınmasından sonra yüklərin həcmi dəfələrə artacaq. Rusiyada isə hər il Xəzər üzrə daşınmaların həcminin ixtisarı haqqında hesabat verirlər. 2015-ci il Xəzərdə bütün Rusiya limanlarının yük dövriyyəsi cəmi 6,68 milyon ton təşkil edib. Bu, Bakı limanı üzrə yükdaşımaların həcmindən daha azdır. Xəzərdə bütün sahilboyu dövlətlər liman güclərini inkişaf etdirərək "Yeni İpək Yolu" kimi daha aktiv millətlərarası logistik layihələrə qoşulur. Rusiya hələ ki, yalnız müşahidəçi rolunda çıxış edir. Rusiya Xarici İşlər Nazirliyinin saytında iddia edilir ki, Xəzər istiqamətində Rusiyanın maraqlarının geniş miqyası onun regionda hərtərəfli aktiv rolunu şərtləndirir. Hərçənd, Moskva Xəzər zonasında üstün rola iddia etmir. Və görünür, Kreml hələ ki, Xəzərdəki qonşulara iqtisadi təsir alətlərindən məhrum edilib. Rusiya neft və qazdan gələn gəlirlər hesabına regionda yalnız hərbi mövcudluğunu gücləndirir". Məhz bu addım da tənqid edilir və hesab edilir ki, Kreml əslində, burada hərbi gücünü artırmaqdansa, iqtisadi mövqelərinin güclənməsinə daha çox diqqət yetirməlidir. Belə olan halda Rusiya Xəzərdə maraqlarını daha yüksək səviyyədə təmin edə bilər. Digər tərəfdən bu hal Xəzərdə qarşılıqlı iqtisadi əməkdaşlığın daha da möhkəmlənməsinə rəvac vermək iqtidarındadır. Amma Rusiya rəhbərliyi hələ ki, dənizdə yalnız hərbi cəhətdən möhkəmlənməyə daha çox diqqət yetirməkdə davam edir.
Tahir TAĞIYEV