Azərbaycanın, digər sahələrlə yanaşı, hərbi müstəvidə də Ermənistandan kifayət qədər böyük üstünlüyə malik olduğu birmənalı həqiqətdir. Özü də bu üstünlük təkcə ordunun maddi-texniki təminatı ilə məhdudlaşmır. Ordunun şəxsi heyətlə təmin edilməsi sahsində də Ermənistan böyük fərqlə Azərbaycana uduzur.
Araşdırmalar göstərir ki, Ermənistanda orduya çağırışçı problemi gedərək daha da kəskinləşir. Bunun əsas səbəblərindən biri isə ölkəni tərk edənlərin sayının artmasıdır. Ölkə parlamentində də açıq vurğulanır ki, miqrasiya hazırda Ermənistan üçün ən kəskin problemlərdən birinə çevrilib və təkcə son bir ildə Ermənistanı 60 min insan tərk edib. Deputatlar miqrasiya tempinin sürətlənməsinin Ermənistana böyük fəlakətlər gətirəcəyini də bəyan edir. Ümumi rəqəmlərə diqqət çəkən Erməni Milli Konqresi fraksiyasının katibi Aram Manukyan deyir ki, 2015-ci ildə ölkədən gedən vətəndaşların 57 mini, 2016-cı ildə isə 60 mini Ermənistana geri qayıtmayıb. Ümumilikdə, son beş ildə Ermənistanı tərk edənlərin sayı 230 mini keçib. Bu statistika ölkədəki Şrak və Zvartnots aeroportlarından alınan hesabat əsasında hazırlanıb. Kütləvi miqrasiyanın qarşısını almaq üçün hələ bir neçə il əvvəl proqram hazırlanıb. Bu proqramda sərhəd mühafizəsinin gücləndirilməsi, nizamsız miqrasiyanın idarə olunması, xaricdəki ermənilərin geri dönüşü və digər məsələlər əksini tapıb. Ermənistan parlamentinin deputatları bildirirlər ki, bütün bunlara baxmayaraq, miqrasiyanın qarşısını almaq mümkün olmayıb. İşsizlik, yoxsulluq insanları ölkədən getməyə məcbur edir. Başqa bir səbəb isə ölkənin pis idarə olunması ilə bağlıdır.
Ermənistanın sabiq baş naziri Qrant Baqratyan isə iqtisadi vəziyyətin daha da ağırlaşacağını və bu fonda miqrasiyanın daha da artacağını bildirir: "Ermənistanda iqtisadi tənəzzül qarşıdakı illərdə də davam edəcək. Pul ehtiyatlarının, transfertlərin həcminin azalması nəticəsində ölkənin daha böyük problemlərlə üzləşəcəyi proqnozlaşdırılır. Hakimiyyətin səriştəsizliyi üzündən Ermənistanda əhalinin sosial vəziyyəti gündən-günə çətinləşir. Artıq ölkə məhv olmaq həddindədir".
Sabiq baş nazir Ermənistan iqtisadiyyatında yeni ildə də dirçəliş gözlənilmədiyini deyib. Bildirib ki, hökumət tərəfindən bütün faktlar formal olaraq kağız üzərində göstərilir. Daxildə isə tamam başqa ab-hava hökm sürür: "Hazırda Ermənistan iqtisadi cəhətdən geriləmə cədvəli üzrə MDB dövlətləri arasında son pillələrdə qərarlaşıb. Qiymətli kağızları sabit saxlamaq məqsədilə xaricdən vəsait alınır. Bu belə problemləri azaltmır. Əksinə, əhali əziyyət çəkir, məhrumiyyətlərlə üzləşir, borclar isə artır. Çünki Ermənistanın pul ehtiyatları hər il azalır. Bununla yanaşı, transfertlərin həcmi də bir neçə dəfə aşağı düşüb". Qrant Baqratyan hesab edir ki, bütün bunlar ölkənin tənəzzülü ilə nəticələnəcək. İrəvan geosiyasi klubunun şərhçisi Aleksandr Qayents də bildirir ki, Ermənistanın bütün sahələrdə iflasa uğraması miqrasiya tempini də sürətləndirib. Onun fikrincə, bu gedişlə miqrasiya Ermənistanda hələ uzun illər bir nömrəli problem olaraq qalacaq: "Müstəqillik illərində Ermənistanı 2 milyona yaxın insan tərk edib. Hazırda ölkədə faktiki olaraq 1 milyon 127 min nəfər qeydiyyatdadır". "Joxovurd" qəzeti yazır ki, Ermənistanın iflasına səbəb olan cinayətkar rejim əhalinin yaşayış səviyyəsini minimuma endirib: "Aparılan qeyri-konstruktiv siyasət nəticəsində bütün beynəlxalq enerji, neft-qaz layihələrindən kənarda qalan Ermənistan indi yalnız ianələrə ümid bəsləyir. Əyalət sakinləri deyir ki, dünyadakı maliyyə böhranı səbəbindən xaricdə yaşayan yaxınlarından da yardımlar kəsilib. Bu faktı statistika xidməti də təsdiqləyir. Məlumata əsasən, Ermənistana pul transfertlərinin həcmi üç ildir azalan temp üzrə davam edir". Beləliklə, miqrasiya problemi Ermənistanda kəskinləşir və bu, qeyd olunduğu kimi, orduya çağrışçıların da sayını azaldır.
Digər tərəfdən orduda baş verən özbaşınalıqlar fonunda burada xidmətdən yayınmaq istəyənlərin sayında da artım qeydə alınır. Rəsmi statistikaya əsasən, təkcə ötən bir il ərzində Ermənistan ordusunda 33 qətl, 21 intihar halı qeydə alınıb. "Joxovurd" qəzeti ordudakı insidentlərdən yazaraq bildirir ki, baş verən insidentlərin əsas səbəbi sistemdə hökm sürən özbaşınalıqdır: "Hərbi hissələrdə əsgərlər tez-tez zorakılığa məruz qalır. Bu isə əksər hallarda qətl və intiharlarla nəticələnir. Sonuncu insident zamanı əsgər Haykaz Babeyan bölük komandiri Mesrop Aşotyan və təminat manqasının komandiri gizir Masis Sarkisyan tərəfindən döyülərək ciddi bədən xəsarəti alıb. Fiziki təzyiqlərə məruz qalan əsgər giziri və digər əsgər yoldaşlarını güllələyib. Hərbi hissə komandanlığı hadisəni gizlətmək və məsuliyyətdən yayınmaq məqsədilə baş vermiş faktı ictimaiyyətə bədbəxt hadisə kimi təqdim edib". Statistikaya əsasən, Ermənistan ordusunda bu kimi hallar son bir ildə daha çox müşahidə olunub. Ötən ilin sonlarında növbətçilik qaydalarının kobud surətdə pozulması nəticəsində əsgər Vardan Arakelyan kiçik çavuş tərəfindən açılan atəşdən yerində ölüb. Bu hadisədən əvvəl isə qarovul xidmətində olarkən iki hərbçi arasında qarşıdurma olub. Başından güllə yarası alan əsgərlərdən biri hələ də İrəvandakı mərkəzi hərbi hospitalın reanimasiya şöbəsində müalicə alır. Belə vəziyyət isə erməni ordusunun durumunu daha da ağırlaşdırır.
Nahid SALAYEV