Azərbaycanın enerji resurslarının dünya bazarlarına nəql olunmasında əsas tranzit ölkələrdən biri olan qonşu Gürcüstan Rusiyanın "Qazprom" şirkəti ilə yeni problemlər yaşayır. Bunun səbəbi Gürcüstan ərazisindən Ermənistana ötürülən təbii qazın tranzit haqqı ilə bağlıdır. Belə ki, tranzit haqqının hansı qaydada ödənilməsi ilə bağlı tərəflər arasında ciddi anlaşılmazlıqlar qeydə alınır.
Qeyd edək ki, "Qazprom" Gürcüstan ərazisindən keçməklə Ermənistana nəql etdiyi təbii qazın 10 faizi həcmində Gürcüstana "mavi yanacaq" verirdi. Bu müqavilənin müddəti 2016-cı il dekabrın 31-də başa çatıb. Hazırda Ermənistana təbii qazın nəqli əvvəlki qaydada davam edir. Artıq "Qazprom"la Gürcüstan tərəfi arasında iki dəfə danışıqlar nəticəsiz başa çatıb. "Qazprom" Ermənistana satdığı qazın Gürcüstan ərazisindən nəqlinə görə gürcü tərəfinə pul kompensasiyasının ödənilməsini təklif edir. Gürcüstan isə əvvəlki kimi Ermənistana ötürülən "mavi yanacağ"ın ümumi həcminin 10 faizini tələb edir. İndiyə qədər bu istiqamətdə aparılan danışıqlar hansısa nəticə verməyib.
Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze tərəflər arasında danışıqların davam edəcəyini bildirib. O deyib ki, ölkəsinin mövqeyi dəyişməz qalacaq: "Rusiya tranzit haqqı olaraq Gürcüstana verdiyi 10% təbii qazı pulla əvəzləmək istəyir. Gürcüstan isə ölkə ərazisindən nəql olunan təbii qazın tranzit haqqı kimi pul istəmir və təbii qazın 10%-ni istəyir". Amma hadisələrin gedişi göstərir ki, "Qazprom" mövqeyində qətiyyən dəyişiklik etmək istəmir. Bu fonda tərəflər arasında ziddiyyətin getdikcə daha da dərinləşməsi istisna olunmur. Gürcüstan baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Qaxariya da bildirib ki, ölkəsi mövqeyində dəyişiklik etməyə hazırlaşmır. Onun sözlərinə görə, məqsəd təbii qaz və enerji bazarını şaxələndirmək, bu zaman Gürcüstanın maraqlarını yüksək səviyyədə qorumaqdır:"Artıq bir neçə dəfə Gürcüstanın təbii qaz təminatında müəyyən problemlər yaşanıb və risqlə üzləşmişik. Bunun təkrar olunmaması üçün bütün tərəflərlə danışmalıyıq. Daxili bazarımızın şaxələndirilməsinə nail olmalıyıq". Nazir "Qazprom"un Ermənistana verdiyi təbii qazın Gürcüstan ərazisindən nəqlinə görə Gürcüstana pul ödəməsi məsələsilə bağlı deyib: "Qarşıya qoyulan məqsədə nail olunması, bazarın şaxələndirilməsi və Gürcüstan iqtisadiyyatının inkişafı naminə hər şey mümkündür". Amma energetika naziri Kaxa Kaladze vurğulayıb ki, ölkəsi növbəti danışıqlarda da öz mövqeyində qalacaq: "Gürcüstanla Azərbaycan arasında imzalanmış müqaviləyə əsasən SOCAR-dan təbii qaz alınır. Amma bu, ölkənin "mavi yanacağ"a olan tələbatını tam ödəmir. Hazırda Gürcüstanda əhalinin təbii qaza olan tələbatında problem yoxdur. Amma vəziyyət dəyişə bilər".
İqtisadçı ekspertlər hesab edir ki, Gürcüstan öz ərazisindən qazın nəqlinə görə pul almaqla ərazisinin bir hissəsini "mavi yanacaq"sız qoya bilər. Ona görə də hökumət bu məsələdə güzəştə gedə bilməz. Dünya bazarında qiymətlər dəyişir və "Qazprom"un ödədiyi pulla SOCAR və ya digər beynəlxalq şirkətdən qaz almaq mümkün olmayacaq. Ekspertlərin fikrincə, bu vəziyyətdə Gürcüstanın köməyinə yalnız Azərbaycan gələ bilər. Çünki ölkədə təbii qaz hasilatı artmağa başlayır və bu, gürcü tərəfinə əlavə qaz satışına imkan verir. Digər tərəfdən, belə vəziyyət Gürcüstanın Neft-Qaz Korporasiyasının səhmlərinin 25 faizinin satışında mühüm rol oynaya bilər. Hazırda bu səhmlərə iki əsas iddialı tərəf var. Bunlardan biri Gürjüstanın anlaşa bilmədiyi "Qazprom", digəri isə SOCAR-dır. İndiki vəziyyətdə SOCAR-ın bu səhmləri almaq şansları getdikcə artır. Qeyd edək ki, Neft-Qaz Korporasiyasının səhmlərinin 25%-nin satışa çıxarılacağının elan edilməsi Ermənistan tərəfinin ciddi narahatlığına səbəb olub. Ermənistanın narahatlığını dərinləşdirən məqamlardan biri də odur ki, qonşu ölkənin vətəndaş cəmiyyəti Gürcüstanın dövlət şirkətinin səhmlərinin Rusiya nəhənginə satılmasının yolverilməz olduğuna işarə edir. Belə olan halda potensial alıcı qismində yalnız SOCAR çıxış edə bilər.
Ekspert Giya Xuxaşvili isə bildirir ki, hansısa şirkət tərəfindən korporasiyanın səhmlərinin 25%-nin alınması ona şirkətin fəaliyyətinə nəzarət etmək imkanı vermir: "SOCAR beynəlxalq səviyyədə tanınan şirkətdir və öz reputasiyasına böyük önəm verir. Söhbət beynəlxalq öhdəliklər çərçivəsində fəaliyyət göstərən şirkətdən gedir. Ermənistanın təşvişini anlayıram, lakin onları əmin etmək istəyirəm ki, səhmlərin satışı Ermənistana qaz nəqlinə təsir etməyəcək". Amma ermənilər bu mövqeni bölüşmür və Azərbaycanın, səhmləri alacağı təqdirdə, onların qazla təminatı üzərində nəzarəti ələ keçirəcəyini bəyan edirlər.
Nahid SALAYEV