Məhərrəm Zülfüqarlı: "O üzdən, demokratiyadan, insan haqlarından danışan dövlətlərin səmimiyyətinə çoxları inanmır"
Elmi araşdırmalar beynəlxalq terrorizmin tərkib hissəsi olan erməni terrorunun tarixinin 100 ildən çox olduğunu göstərir. Dünyada baş verən və bilavasitə ermənilər tərəfindən törədilən terror hadisələri ilə bağlı böyük güclərin yanaşması birmənalı deyil. Biz yaxın 100 ilin tarixinə nəzər salsaq, Fransa kimi dünyanın bir çox inkişaf etmiş ölkələrində törədilən terror hadisələrində erməni izinin olduğunun şahidi olarıq.
Ermənistanın bir dövlət kimi ərsəyə gəlməsində terror əməliyyatlarının çox böyük "rolu" var. Hər birimizin tanıdığımız erməni lobbisi anlayışı ASALA kimi terror təşklatının varisi kimi qəbul edilir. Lakin bəzi dövlətlər bu kimi məlumatları məxfi saxlayaraq, sanki xristian dünyasını bu ləkədən qorumağa çalışır. Bu proses bu gün də davam etməkdədir.
Yaxın keçmişə nəzər salaq. Ermənilər tərəfindən 1977-ci ildə Rusiyada törədilən qanlı terror aktından sonra hər şey göz qabağında idi. Əvvəllər ermənilər dünya ölkələrində fəaliyyət göstərən türk diplomatlarına qarşı terror hadisəsi, eyni zamanda azərbaycanlılara qarşı soyqırım törətməklə öz xislətlərini ortaya qoyurdularsa, indi bunu daha geniş coğrafiyada həyata keçirirlər.
"Erməni terroru" termini ilk dəfə XX əsrin ortalarında ABŞ Departamentinin hesabatında qeyd olunur. XX əsrin əvvəllərində isə məşhur erməni terrorçusu Andronikin rəhbərliyi ilə Azərbaycana qarşı irimiqyaslı terror, soyqırım hərəkatına başladılar. Bakı Sovetinə rəhbərlik edən Şaumyan isə bu siyasəti daha da genişləndirməyə başladı.
Məlumatlara görə, XX əsrdə ermənilər 800 terror törədib və bunun nəticəsində ümumən 8 milyon insan həyatını itirib. Ancaq hələ də dünya bunun real qiymətini verməyib. Bunun səbəbi nə ilə bağlıdır?
Məsələyə münasibət bildirən tarix elmləri üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlı bunu bir sıra faktorlarla əlaqələndirdi: "XX əsrdə ermənilərin törətdiyi terror aktlarına dünya birliyi ona görə lazımi qiymət vermir ki, bunun arxasında müəyyən maraqlar dayanır. Hər hansı bir cinayətə, terrora reaksiya yoxdursa, deməli, bunun səbəbini axtarmaq lazımdır. Erməni terrorunun törətdiyi vəhşətlər göz qabağındadır. Ancaq buna reaksiya verilmir. Bu o deməkdir ki, bunun arxasında dayanan dairələr bundan bəhrələnir. Erməni terrorunun arxasında müəyyən maraqlar dayandığı üçün hər zaman bunu görməzdən gəliblər. Bu onu göstərir ki, ermənilər icraçıdır. O üzdən, demokratiyadan, insan haqlarından danışan dövlətlərin səmimiyyətinə çoxları inanmır. Ona görə ki, onlar məqsədyönlü şəkildə erməni terroruna göz yumur. Reallıq bundan ibarətdir. O üzdən, indiyə qədər erməni terroru lazımi qiymətini almayıb".
Vidadi ORDAHALLI