"Bu prosesə hansısa kənar qüvvənin qarışmaq səlahiyyəti yoxdur"
Qazaxıstanın Ermənistandakı səfiri Timur Urazayev "Ermənistan xəbərləri" portalına müsahibəsində Ermənistan prezidentinin dəfələrlə bildirdiyi narazılıqları nəzərə almaqla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyətinin effektivliyi barədə danışıb.
Məlum olduğu kimi, Serj Sarkisyan "Azərbaycan tərəfindən Ermənistanın sərhədlərində atəşkəs rejiminin pozulması" ilə bağlı KTMT iştirakçı ölkələrinin mövqeyindən hiddətlənmişdi.
Bu suala Qazaxıstan səfiri sərt cavab verib: "Ermənistanla Azərbaycan sərhədindəki problemlər Ermənistanın özündən çox Dağlıq Qarabağ ətrafında problemlə bağlıdır".
Bundan sonra diplomat erməni jurnalistlər üçün maarifləndirici məlumat verib: "Birincisi, KTMT Nizamnaməsində açıq-aydın yazılıb ki, iştirakçı ölkələr təşkilata daxil olmayan üçüncü dövlət tərəfindən xarici təcavüzün qarşısının alınması üçün bir-birinə zəruri köməyi göstərirlər. Tavuş vilayətindəki sərhədin bir hissəsi Ermənistanın nəzarətində olan rayonlarla (Azərbaycan rayonları) həmsərhəddir. Biz həm Qazaxıstanda, həm Rusiyada, həm də digər KTMT ölkələrində əvvəlcədən dəqiq və açıq mövqe tutmuşduq - söhbət hər hansı ərazi problemlərindən asılı olmadan üçüncü dövlətin xarici təcavüzündən gedirsə, bu bir şeydir, Dağlıq Qarabağa aiddirsə, tamam başqa şeydir".
Timur Urazayevin fikrincə, Qazaxıstanın mövqeyi ədalətlidir. "Dağlıq Qarabağ problemini biz KTMT Nizamnaməsi çərçivəsində həll olunan vəzifələrin siyahısına daxil etmirik. Biz Qarabağ məsələsinin yalnız sülh yolu ilə həllinə tərəfdarıq, hərbi həll yolu mümkün deyil", - diplomat qeyd edib.
Qazaxıstanın Ermənistanı bu şəkildə məyus etməsinə necə yanaşmaq olar?
Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini Xəzər Teyyublunun sözlərinə görə, Qazaxıstanın son illər ərzində Dağlıq Qarabağ məsələsilə bağlı nümayiş etdirdiyi mövqe bizi tam qane edə bilər: "Xüsusilə də Ermənistanın daha çox öyündüyü və üzv olduğu KTMT qurumu çərçivəsində baş verənləri bu xüsusda qeyd etməliyik. Etnik və dini baxımdan bizə yaxın olan bu ölkə əslində tam ədalətli bir mövqe ortaya qoyur. Bu məsələdə Qazaxıstanı hansısa faktora görə təəssübkeşlik etməkdə günahlandırmaq olmaz. Düzdür, biz Qazaxıstanın onları qane etməyən mövqeyinə görə Ermənistandan belə tənələrin vurğulandığının şahidi oluruq. Ancaq onlar tam haqlı olaraq bildirirlər ki, KTMT-nin Azərbaycanın sərhədləri daxilində hansısa prosesə müdaxilə etmək səlahiyyəti yoхdur. Qazaхıstanın Ermənistandakı səfiri son açıqlaması ilə işğalçı ölkəni bir daha məyus etdi. Ermənistanın siyasəti məhz buna hesablanıb ki, onlar işğal etdikləri Azərbaycan ərazilərini qorumaq üçün KTMT-nin təminatını alsınlar. Bu isə mümkün deyil. Çünki Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün istənilən vaхt torpaqlarını hərbi yolla azad edə bilər. Bu prosesə hansısa kənar qüvvənin qarışmaq səlahiyyəti yoхdur. Biz Qazaхıstanın timsalında bir neçə dəfədir analoji obyektivliyin şahidi oluruq. Yaхşı olardı ki, digər ölkələr də problemə belə obyektiv yanaşsın".
Məhəmmədəli QƏRİBLİ