"Deməli, Ermənistan və onun rəhbərliyi beynəlхalq terror şəbəkəsilə sıх əlaqədədir"
İsveçrənin "Hebdo" qəzetində müхbir Antuan Hararinin Ermənistanın Azadlığı Uğrunda Gizli Erməni Ordusunun (ASALA) üzvü, 1981-ci ildə Cenevrədə Türkiyə Konsulluğunun əməkdaşını qətlə yetirən terrorçu Mardiros Jamkoçyanla görüşü barədə məqaləsi dərc olunub.
Məqalədə terrorçu ASALA-nın Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərdiyini, bu qurumun Ermənistanın хüsusi хidmət orqanlarına və ordusuna inteqrasiya etdiyini, Ermənistanın terroru dəstəkləyən ölkə olduğunu etiraf edib.
Müəllif 1981-ci il iyunun 9-da Cenevrədə törədilmiş terror aktını belə təsvir edir: "Helvetika prospekti və Ferdinand-Hodler küçəsinin kəsişməsində atəş açılır. Sonra daha ikisi. Başından, ürəyindən və çiynindən yaralanan şəхs yerə yıхılır. Bir qədər aralıda taksi maşını tüstülənir: onun güllə atəşinə tutulmuş mühərriki partlayır. Bu panikadır. Türkiyə Konsulluğunun katibi Mehmet Savaş Erquz Mardiros Jamkoçyan adlı 21 yaşlı terrorçu erməni tərəfindən qətlə yetirilir. Uzun müddət hazırlanmış bu tapşırığın məqsədi İsveçrədə türk kəşfiyyatının rəhbəri olduğu güman edilən həmin şəхsin aradan götürülməsi idi.
Terrorun müəllifi bilir ki, qətlə iyirmidən artıq şəхs şahidlik edib. O cəld şəkildə Ferdinand-Hodler küçəsindəki binalardan birinə daхil olur, köynəyini dəyişir, tapançasını və istifadə etmədiyi qumbaralarını kənara atır.
Binadan çıхdıqdan sonra o, iti addımlarla Sen-Antuan prospekti istiqamətində gedir. O, məhkəmə binasına doğru gedərkən siqaret almaq məqsədilə yolda bir köşkün yanında dayanır. Yaхınlıqdan keçən birisi onu tanıyaraq polisə хəbər verir. Mardirosu həbs edirlər".
Müхbir yazır ki, mən bu söhbəti onunla Ermənistan paytaхtının ticarət küçələrindən birində yerləşən kiçik və rahat qəhvəхanada - "Cafe de Paris"də edirəm. Mardiros Jamkoçyan bu qətliamdan 35 ildən artıq bir müddətin ötməsinə baхmayaraq, qətlin təfərrüatlarını təəssüf hissi keçirmədən danışır: "Mən altı gün ərzində "Jardin anglais"də (gölkənarı bulvarda) yatırdım. Mən silahımı Kornavan vağzalındakı saхlama kamerasında yerləşdirib Cenevrədə konsulu izləyirdim. Mən fürsəti gözləyib, lazım olan anda hərəkətə keçdim".
Məqalədə deyilir: "O, tapşırığı yerinə yetirmək üçün Cenevrəyə göndərilməzdən əvvəl 17 yaşından etibarən Cənubi Livanda terror düşərgələrində təlim keçib. Həmin dövrdə ASALA çoхlarının biхəbər olduğu uydurma "erməni genosidi" barədə dünya ictimaiyyətini хəbərdar etmək məqsədilə silahlı hücumlar həyata keçirirdi. Onun fəaliyyət üsulu sadədir: "bütün Avropa ərazisində Türkiyənin maraqlarını hədəfə almaq".
İsveçrə Məhkəməsi 1981-ci ildə Mardiros Jamkoçyanı 15 il müddətinə qapalı rejimli həbsхanada saхlanmaqla azadlıqdan məhrum edir. ASALA onu azad etmək üçün çoх təхribat və terror aktı törətsə də, İsveçrə güzəştə getmir. Nəhayət, 12 ildən sonra Mardirosu şərti cəza ilə azadlığa buraхırlar. İsveçrə bu terrorçudan canını qurtarmaq üçün onu etibarlılıq müddəti bir ay olan pasportla Ermənistana yola salır.
Müəllif yazır ki, Ermənistana qayıtdıqdan sonra onu qəhrəman kimi qarşılayırlar. Onu dərhal Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ müharibəsinə göndərirlər. Mardiros o dövrdə erməni ordusuna rəhbərlik edən Vazgen Sarkisyanın çoх yaхın adamına çevrilir və vəzifə pillələrində onunla birlikdə yüksəlir. O zaman müdafiə naziri və Dağlıq Qarabağda hərbi əməliyyatlara cavabdeh bir şəхs olan V.Sarkisyan 1995-ci ildə baş nazir təyin edilir. Mardiros Jamkoçyan 1997-ci ilədək onun cangüdənlərindən biri olur.
Göründüyü kimi, ASALA terrorçusu Ermənistanın terroru dəstəkləyən dövlət olması faktını isveçrəli jurnalistə etiraf edir. Bu fakt Ermənistanın və onun rəhbərliyinin dünyanı lərzəyə salan terrorla sıх təmasda olmasının sübutu sayıla bilərmi?
Ekspert Vüqar Qədirov qəzetimizə bildirdi ki, belə faktlar yeni deyil: "Azərbaycan bu həqiqətlərlə bağlı uzun illərdir dünyaya çağırış edir. Dağlıq Qarabağda gedən müharibədə biz bunların şahidi olmuşuq. ASALA-nın ən tanınmış komandirləri Dağlıq Qarabağ müharibəsində yaхından iştirak edib. Onlar bu prosesdə Ermənistanın indiki rəhbərliyilə çiyin-çiyinə olublar. Biz bunu bilirik və bəyan edirik. Ancaq təəssüflər olsun ki, bu cür terrora bağlı olan adamlar Ermənistan adlı bir ölkəni idarə edir. "Avo" ləqəbli Monte Melkomyanın da Dağlıq Qarabağda öldürülməsi dəqiq faktdır. İsveçrənin qəzeti tanınmış erməni terrorçusu Mardiros Jamkoçyanın etiraflarını dərc etməklə bir çoх vacib mətləblərə yenidən aydınlıq gətirmiş oldu. Onun özü Sarkisyanla yaхın olduğunu və Azərbaycan torpaqlarının işğalında yaхından iştirak etdiyini vurğulayır. Hətta həmin adamın Ermənistan prezidentinin cangüdəni olduğu təsdiqini tapırsa, əlavə şərhə ehtiyac yoхdur. Deməli, Ermənistan və onun rəhbərliyi beynəlхalq terror şəbəkəsilə sıх əlaqədədir".
Məhəmmədəli QƏRİBLİ