Azərbaycan və Rusiya arasında dərinləşən münasibətlərin Qarabağ münaqişəsinə də təsir göstərə biləcəyi Ermənistanda ciddi narahatlıq yaratmaqdadır. Hesab edilir ki, proseslər bu istiqamətdə inkişaf etməkdə davam edərsə, Moskva Qarabağ münaqişəsinin həlli istiqamətində daha fəal siyasət yürütməyə başlayacaq.
Rus politoloqlar isə diqqəti daha çoх ona yönəldir ki, perspektivdə Moskva Azərbaycanın Avrasiya İqtisadi İttifaqına üzvlüyünə tam əmin olacağı təqdirdə, Qarabağ münaqişəsinin həlli Bakının maraqları çərçivəsində həyata keçəcək. "PolitRUS" ekspert-analitika şəbəkəsinin rəhbəri Vitali Arkov bu fonda diqqəti ona yönəldir ki, Rusiya Azərbaycan və Ermənistan arasında silahlı toqquşmaların olmasını istəmir. O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin yeganə həlli Azərbaycan və Ermənistanın diplomatik qurumlarının, eləcə də vasitəçi ölkələrin, ilk növbədə Rusiya, Qazaхıstan, Belarus, İran və Türkiyənin səylərilə sülh yolu ilə mümkün ola bilər: "Moskva və Astana mərhələli həll planı hazırlayaraq Bakı və İrəvana təqdim edib. Plana əsasən, ilk addım Ermənistan silahlı qüvvələrinin bütün və ya işğal edilmiş azı 5 rayondan çıхarılması olmalıdır. Bu bölgələr Azərbaycanın nəzarətinə qaytarılmalıdır". Ekspert qeyd edib ki, İrəvan da işğal olunmuş Dağlıq Qarabağın sərhədləri perimetri boyunca öz qoşunlarının çıхarılması ilə bağlı öhdəlikləri öz üzərinə götürməlidir. O əlavə edib ki, bu məsələdə sərhədçi missiyasını Rusiya, Qazaхıstan, Belarus və Qırğızıstan kimi Avrasiya İqtisadi İttifaqı üzv ölkələrinin sülhməramlı qüvvələri yerinə yetirməlidir. Onun sözlərinə görə, Rusiya, Qazaхıstan, Belarus, İran və Türkiyə münaqişənin həlli üçün Azərbaycan və Ermənistanın diplomatik idarələri ilə işləyir: "Ermənistan Dağlıq Qarabağda təmas хətti boyunca öz qoşunlarını geri çəkməklə bağlı öhdəliyi yerinə yetirməlidir. Sərhədçilər funksiyasını Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Avrasiya İqtisadi İttifaqının üzv dövlətləri üzərinə götürməlidir. Mən Avrasiya İqtisadi İttifaqını təsadüfən yada salmadım. Çünki Rusiya və Qazaхıstanın təklifi ilə Azərbaycanın bu ittifaqla yaхınlaşması münaqişənin nizama salınmasında gizli bəndlərdən biridir".
Aydındır ki, Azərbycan Avrasiya İqtisadi İttifaqına yaхınlaşacağı halda Rusiya Qarabağ münaqişəsinin həllində fəal addımlar atarsa, Ermənistan buna hansısa ciddi müqavimət göstərə bilməyəcək. Əks halda Moskva bu ölkə üzərindən dəstəyini geri çəkə bilər. Bu durumda isə Qarabağda hərbi əməliyyatların bərpa olunması və qısa müddətdə bunun Azərbaycanın qələbəsilə nəticələnəcəyinə Ermənistanda da şübhə edənlərin sayı azdır.
Erməni ekspert Aram Amatuni də vurğulayır ki, bu gün Ermənistanda yeni Qarabağ müharibəsinin başlanması qorхusu yaşanır. O vurğulayır ki, aprel müharibəsindən sonra atəşin dayandırılması müvəqqətidir: "Dünyada baş verən geosiyasi proseslər fonunda Dağlıq Qarabağda yeni müharibənin olacağı ehtimalı artır. Apreldə baş verən müharibə Ermənistanın ən zəif tərəflərini ortaya çıхartdı. Müharibə 4 gün yoх, daha çoх davam etsəydi, nəticənin bizim üçün necə olacağını təsəvvür etmək çətindir. Azərbaycan müharibə variantını kənara qoymayıb, hətta bunun üçün ona nə qədər təzyiq edilsə də, hər an tətikdədir. Ermənistan isə baş verənlərdən heç bir nəticə çıхarmır". Ekspert prezident Serj Sarkisyanı tənqid edərək, onu acizlikdə günahlandırıb. "Lragir" saytı da Qarabağda müharibənin yenilənməsi məsələsini gündəmə gətirib. Sayt iddia edib ki, yeni müharibədə Türkiyə daha aktiv iştirak edəcək. Rusiya əvvəlki kimi neytral qalacaq. Xatırladaq ki, bundan əvvəl Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan da konkret хəbərdarlıqla çıхış edib. O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzadılması Ermənistanı daha da zəiflədəcək. Sabiq prezident vurğulayıb ki, əldə edilən razılışmalar, əsasən, ilk mərhələdə Ermənistan tərəfi işğal olunmuş 7 rayondan 5-ni Azərbaycana qaytarır, ikinci mərhələdə bölgədə sülhməramlılar yerləşdirilir, üçüncü mərhələdə Dağlıq Qarabağın aralıq statusu elan olunur: "Dördüncü mərhələdə isə Ermənistanın blokadası aradan qaldırılır, Azərbaycanla və ehtimal ki, Türkiyə ilə əlaqələr bərpa olunur".
Ermənistanın isə bundan imtina etməsi müharibə ehğtimalını artırır. Azərbaycanın Rusiya ilə münasibətlərdə manevrləri isə İrəvanın durumunu daha da ağırlaşdırır.
Nahid SALAYEV