Şinasi türk ədəbiyyatının Avropada ən çox tanınan şair və yazıçılarından biridir. 1826-cı il avqust ayının 5-də İstanbulda anadan olub. Əsl adı İbrahim Şinasidir. Atası topçu yüzbaşı Bolulu Məhməd Ağadır.
Şinasi ilk təhsilini məhəllə məktəbində tamamladıqdan sonra Topxana müdiriyyətində maliyyə məmuru olub. Bu məmuriyyəti əsnasında dövrün mədəniyyət adamları ilə tanış olub, dil və ədəbi mədəniyyət mövzularını öyrənib, qısa bir zamanda düzgün mənzumələr söyləyəcək qədər ədəbiyyatını inkişaf etdirib.
Topxana yarı avropalı bir müəssisə olaraq qurulmuşdu. Burada fransız mütəxəssislər olduğu kimi, fransızca bilən türklər də var idi. Şinasi burada yüksək rütbəli dövlət və mədəniyyət adamları ilə tanış olub, müxtəlif mövzularda onlardan çox şeylər öyrənib. Məsələn o, İbrahim bəyin köməyi ilə Şərq elmi-fəlsəfi dəyərlərini və mədəniyyətini yaxından mənimsəyə bilib. Şinasi eyni zamanda Qərb mədəniyyətinə də rəğbət bəsləyib, xüsusilə fransız dili və ədəbiyyatını öyrənməyə meyl göstərib. Bir fransız zabiti ona fransız dilini öyrədib. Həmin zabit sonralar müsəlmanlığı qəbul edib və Türkiyədə Rəşad bəy adı ilə tanınıb. Qeyd edək ki, sarayda məsul vəzifədə çalışan Böyük Rəşid paşanın da Şinasinin həyatında mühüm rolu olub. Şinasi Rəşid paşadan daim qayğı görüb, ona həsr etdiyi bir qəsidəsində Rəşid paşaya olan məhəbbətini özünəməxsus formada izhar edib. Beləcə, zaman keçdikcə dil və mədəniyyət marağı sayəsində Şərq elmləri yanında Qərbə də üz tutan Şinasinin Topxanadakı mövqeyi və etibarı yüksəlib.
Şinasi 24-26 yaşlarında ikən fransızcasını mükəmməlləşdirmək və oxumaq üçün Topxana müşaviri Fethi paşa və Mustafa Rəşid paşanın vəkaləti və Sultan Əbdülməcid xandan alınan iradə ilə 1849-cu ildə iqtisad təhsili almaq üçün Parisə gedib. Şinasi Türk imperatorluğunun Parisə göndərdiyi ilk tələbələrdən idi. O, təxminən 5 il müddətində Fransa həyatı ilə tanış olub, Avropa iqtisadi və mədəni modelinin ölkəsində tətbiqinə maraq göstərib. Sonralar maliyyə işlərini öyrənmək üçün rəsmi göstəriş alan Şinasi, təhsil almaqla yanaşı, maliyyə nazirliyində də işləməyə başlayır. Şinasi burada həm fransızcasını mükəmməlləşdirir, həm də maliyyə sahəsində çalışaraq bir müddət də Fransa Maliyyə Nazirliyində təcrübə keçir. Bu arada məşhur fransız şairi Lamartine ilə dostlaşaraq onun məclislərində iştirak edir.
1854-cü ildə İstanbula dönən, digər tənzimatçı gənclər kimi dövlət tərəfindən Avropaya təhsilə göndərilən Şinasi də yaxşı bir iqtisadçı olmaqdan ziyadə qəzetçi, teatrçı, şair olmuşdu. Bir müddət yenə Topxanada çalışır. Sonra Məclisi-maarif azamlığına gətirilən Şinasi Avropadan döndükdən sonra yeni üslubda yazdığı bədii əsərlərini çap etdirir, fransızcadan tərcümə etdiyi mənzum əsərlərdən ibarət bir toplusu işıq üzü görür. Bu əsərlər onun Avropa ədəbiyyatına doğru ilk addımı hesab olunur. Rəşid paşanın sədarətdən düşməsilə yerinə keçən Əli paşa tərəfindən azad edilsə də, Rəşid paşanın təkrar vəzifəyə gəlməsilə köhnə vəzifəsinə qaytarılır.
Şinasi türk cəmiyyətlərində tənzimatın elanı ilə başlayan qərbləşmə surəsinin ən önəmli yazıçılarından biri olub. Bu da bir həqiqətdir ki, Şinasi türk cəmiyyətini Qərb tərzində şeirlə tanış edən və teatr, məqalə kimi Qərb ədəbi modellərin ilk nümunələrini verən, yenilikçi fikirləri və ədəbiyyat sahəsindəki fəaliyyətilə öz dövrünün aydınlarına təsir edən önəmli bir şəxsiyyət olub.
Şinasini ən çox həvəsləndirən iş Avropada aldığı təhsil və tərbiyə ilə Türkiyədə ilk xüsusi qəzeti çıxarmaq idi. Qayəsi burada xalqa xalq dili ilə xitab etmək, onlara Qərbin yeniliklərini və yeni fikirlərini anlatmaq idi. Bu məqsədlə Şinasi 1860-cı ildə "Tercümani Ahval" qəzetinin nəşrini təşkil edir. Bu qəzetin nəşr edilməsilə türk qəzetçiliyi və Avropa türk ədəbiyyatı başlamış oldu.
Geniş xalq kütləsini təhsilləndirmək üçün qəzeti bir vasitə kimi görən Şinasi ilk türkcə xüsusi qəzet olan "Tercümani Ahval" qəzetini Ağan bəylə birlikdə nəşr etdirdikdən sonra bir mətbəə qurur və "Tasvir-i Efkar" adlı qəzeti də nəşr etdirməyə başlayır.
Şinasi yeni ədəbiyyatın kitab halında nəşr olunan ilk teatr əsəri "Şair evlənməsi"ni 1860-cı ildə "Tercümani Ahval" qəzetində hissə-hissə nəşr etdirib. Lakin 24-cü sayından sonra bu qəzetlə əlaqəni kəsib. Böyük həvəslə çalışdığı bu qəzetdən 6 ay sonra ayrılmaq məcburiyyətində qalıb. 28 iyun 1862-ci ildə öz adına çıxardığı qəzeti "Tasviri Efkar" adı ilə nəşr etdirib. "Təsviri Efkar" qəzetçilik sahəsində özündən əvvəlki "Tercümani Ahval"dan daha çox iş görüb və böyük problemlərə toxunub.
Bu dövrdə "Ruzname-i Ceride Havadis" qəzetində dil məsələsi ilə əlaqəli olaraq Şinasiyə qarşı yazılan imzasız yazılar önəmli bir qələm savaşı başladıb. Başqalarının qatılması ilə böyüyən və ədəbiyyat tarixində "Mesele-i Mehbusetü Anha" olaraq keçən bu mühasibədə "Ruzname"dgki yazıların dil mövzusunda mühafizəkar bir vəziyyətdə olan Kiçik Səid paşaya aid olduğu bilinir. Bu mübahisə Şinasinin fikri və ortaya qoyduğu xüsusi qaydalar baxımından çox əhəmiyyətlidir. Şinasi "Tasvir-i Efkar" qəzetinin tirajını o günə qədər heç bir qəzetə nəsib olmayan bir şəkildə yüksəldib 20 minin üzərinə çıxaran mübahisəni 4 ay sonra kəsib və qısa bir zamandan sonra Parisə qaçıb.
"Tasvir-i Efkarı" Namık Kamala buraxıb Fransaya qaçan Şinasinin bu qaçışının arxasında 1 yanvar 1865-ci ildən ortaya qoyulacaq Mətbuat Nizamnaməsində ağır şərtlərin olduğu təxmin edilirdi.
Şinasi Parisə qaçdıqdan sonra lüğət çalışmalarına başlayıb. Xərcləri Mustafa Fazıl paşa tərəfindən qarşılanıb, Jean Pietri vasitəsilə Namik Kamal ilə əlaqə saxlayıb. Ancaq Namik Kamal və digər yeni Osmanlılar Parisə getdiklərində onlardan uzaq durar, öz çalışmalarına davam edərdi.
Şinasi bu fəaliyyətlərilə ətrafına topladığı gənclərə Avropadakı siyasi fikirlərin və Qərb mədəniyyətinin təbliğini edirdi. Eyni zamanda avropalılar tərəfindən dəstəklənən İxtilalçı Yeni Osmanlılar Cəmiyyətinin rəisi sayılacaq qədər bu cəmiyyətin siyasi fikirləri üzərində təsirli olurdu. Bu və başqa səbəblərlə Məclisi-maarif azadlığından ikinci dəfə qovulur və "Tasviri Efkarı" Namik Kamala buraxaraq yenə də Parisə gedir. Şinasi şahzadə Fazıl Mustafa paşanın yardımı ilə ikinci dəfə Parisə yerləşir. Onun Parisdə qaldığı bu ikinci dövrdə vaxtının çoxunu böyük bir türk lüğəti hazırlamaqda keçirdiyi məlumdur. Onu da qeyd edək ki, Namik Kamalın Parisə getməsindən sonra "Təsviri Efkar" qəzetini Ricaizadə Əkrəm çap etdirib.
Soltan Əbdüləzizin 1867-ci ildə Parisə gəlişi zamanı Şinasinin dostu və himayədarı Fuad paşa onunla görüşür və Şinasini Türkiyəyə geri dönməyə razı salır. Padşaha rəfaqət edən Fuad paşa ilə görüşüb İstanbula dönməsi barədə söz verən Şinasi padşahın ətarafındakılarla bərabər Peşteye gedir. Padşahın ayrılmasının ardından orada bir müddət qalıb Macar dil alimləri və şərqşünaslarla görüşür. 24 sentyabr 1867-ci ildə Köstence yolu ilə İstanbula dönən Mustafa Fazıl paşanın Peştedən onu da alıb İstanbula gətirdiyi bəllidir. Sadəcə bir neçə ay İstanbulda qalan Şinasi qısa bir zamandan sonra təkrar Parisə dönür. Burada qaldığı iki ilə yaxın bir zamanda Fransanın Milli kitabxanasında Osmanlı lüğəti üçün çalışır. Hardasa həyatının tək məqsədi halına gələn bu əsər "t" hərfinə qədər hazırlanır. Amma bu çalışmaların günümüzə qədər heç bir parçası ələ keçməyib.
Şinasi 1869-cu ildən sonra mətbəə işlərilə məşğul olub. "Müntehebati Eşar" və "Durubi Emsali Osmaniye" əsərlərini ikinci dəfə nəşr etdirib. Həyat yoldaşından ayrıldıqdan sonra uşağı ilə yalnız qalmanın qüssəsi onu xəstələndirib. O, lüğət çalışmasını tamamlamaq üçün çox çalışıb, fəqət bu çox mühüm işini tamamlamadan 1871-ci il sentyabr ayının 12-də vəfat edib.
Şinasinin vəfatından sonra Ebüzziya Tevfik, "Muntahabat-ı Tasvir Efkar" adlı kitabı hazırlanır. Yenə Ebüzziya Tevfik tərəfindən eyni adla 1894-cü ildə nəşr edilən başqa bir kitabda isə Şinasinin "Tasviki Efkar"da çıxan bəzi məqalələri bir yerə toplanıb.
Fransız ədəbiyyatının ədəbiyyatımıza təsiri Şinasi ilə başlayıb. Bu təsir əvvəl tərcümə şəklində olub, daha sonra onun şeirlərində özünü göstərib.
Şeirləri "Müntehebati Eşar" adı altında yayımlanıb. O, beş qəsidə yazıb. Bunlar daim onu qoruyan və ona qayğı göstərən məşhur Mustafa Rəşid paşanın şərəfinə yazılıb. Bu tarixi insanımız qəsidələrində öyməyə və tərifə ölçülü davranıb və gerçək xüsusiyyətlərə bağlı qalıb, ədalət, haqq, hüquq, qanun və mədəniyyət kimi sosial anlayışları şeirlərində istifadə edib. Sadə və açıq üslubdan istifadə edərək lirizm axışına uyğun tərzdə qəzəllər yazıb. Yenə şeir sahəsində fransızcadan etdiyi tərcümələr və La Fontenin fabl tərzi yazdığı mənzum hekayələri vardır.
Şinasi əsərlərində dilə artıq dərəcədə əhəmiyyət verib, uzun və çətin anlaşılan cümlə yerinə qısa, açıq və düşüncə yönündən qüvvətli cümlədən istifadə edib. Nəsrlərinin ən çox sevilən nümunələri məqalələrilə dramlarıdır. Dramlarında türkcədə ilk dəfə nöqtələmə işarətlərindən istifadə edib.
Şinasinin müəyyən yönləri qəzetçilik və teatrçılıq olub. O, qəzeti cəmiyyətə məlumat verərək onu aydınladan bir vasitə olaraq qəbul edərdi. Teatra da çox böyük əhəmiyyət verən Şinasi ilk teatr töhfəsini 1859-cu ildə "Şair evlənməsi" adı ilə Avropa zövqünün təsiri altında verib. Hadisə yerli və realistdir. Qısası, Şinasi yaşadığı cəmiyyətin inam, yaşayış, mədəniyyət və ənənələrini, kökündən olmasa belə, dəyişdirərək Qərbin yaşayış, mədəniyyət və ənənələrinə uyğunlaşdırmaq üçün sənət ideologiyası uğrunda istifadə edib. Bu cəhəti ilə Şinasi şübhəçi, qərarsız və Qərb sevgisi kompleksinə qapılıb. Dinə sayğılı görünməklə birlikdə, müdafiə etdiyi fikir və yeniliklərin ziyadəliyi, hətta dini yaşayış və hökmlərə tərs düşməsi pis qarşılanıb. Siyasi və ideoloji fəaliyyətlərilə Osmanlı dövlətinin çöküşündə ağır məsuliyyət sahibi olanlardandır.
Bu tarixi türk övladını rəhmətlə yad edirik.
Ruhu şad olsun!
Fazil QARAOĞLU professor