"Bu baxımdan da pravoslav icmasına təbrikində belə məqamlar vurğulanmalı idi"
Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib. Təbrikdə deyilir:
"Hörmətli həmvətənlər!
Sizi, Azərbaycanın xristian icmasını İsa Peyğəmbərin mübarək mövludu - Milad bayramı münasibətilə ürəkdən təbrik edir, bu əziz gündə hər birinizə ən xoş arzu və diləklərimi yetirirəm.
Xristianlıq Azərbaycanda çox qədim tarixə malikdir. Təsadüfi deyil ki, Qafqazda ilk xristian məbədləri məhz bizim ölkəmizdə təşəkkül tapmışdır. Səmavi dinlər burada əsrlər boyu dinc yanaşı fəaliyyət göstərərək, insanlar arasında əminamanlığın, dostluq və qardaşlıq münasibətlərinin yaranmasında misilsiz tarixi rol oynamışdır. Azərbaycanda məskunlaşmış xalqlar və etnoslar arasında heç vaxt milli-irqi ayrıseçkilik, etnik-dini dözümsüzlük halları mövcud olmamışdır.
Müstəqil Azərbaycan Respublikası bu gün də öz tolerantlıq və multikulturalizm ənənələrinə sadiqdir. Dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanın bütün vətəndaşları beynəlxalq prinsiplərə əsaslanan hüquq və azadlıqlara, o cümlədən, vicdan və dini etiqad azadlığına malikdir. Ölkəmizdə yaşayan bütün etnik azlıqlara öz dini-mənəvi dəyərlərini, milli adət-ənənələrini qoruyub saxlamaq, dil və mədəniyyətini inkişaf etdirmək üçün bərabər demokratik şərait yaradılmışdır.
Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, çoxkonfessiyalı və çoxmillətli Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsi olan xristian icması, həmişə olduğu kimi, bu gün də, sabah da ölkəmizin tərəqqisi və inkişafı naminə öz vətəndaşlıq borcunu ləyaqətlə yerinə yetirəcək.
Əziz dostlar!
Şəfqət və mərhəmət duyğularının, təmiz və nəcib idealların rəmzi olan müqəddəs Milad bayramı münasibətilə hamınızı bir daha təbrik edir, hər birinizə cansağlığı və xoşbəxtlik, ailələrinizə firavanlıq arzulayıram.
Bayramınız mübarək olsun!"
Göründüyü kimi, təbrik məktubunda Qafqazda ilk xristian məbədlərinin məhz bizim ölkəmizdə təşəkkül tapması qeyd edilir. Prezidentin belə fikri fakt olaraq vurğulaması ermənilərin bu yöndə apardığı təbliğatın alt-üst edilməsi baxımından nə dərəcədə əhəmiyyətli sayıla bilər? Onlar daim iddia edir ki, Qafqaz regionunda ən qədim xristian məbədləri məhz onlara aiddir.
Tarixçi-alim Məhərrəm Zülfüqarlı qəzetimizə açıqlamasında bildirdi ki, ölkə başçısının təbrik məktubunda məhz bu məqama işarə edilməsi olduqca önəmlidir: "Gəlin hətta xristianlığın ən çox yayıldığı Rusiya ilə müqayisə aparaq. Onlarda dövlətçilik 9-cu əsrdə yaranıbsa, bizdə eramızdan əvvəl dövlətlər olub. Xristianlığın yayılmasında da biz onları qabaqlayırıq. Rusiyada xristianlıq 9-cu əsrdə yayılmağa başlayıbsa, Azərbaycanda bu proses 500 il əvvəl olub. Azərbaycanda xristianlığın yayılması 4-cü əsrə təsadüf edir. Mən məhz Rusiya ilə bu paraleli ona görə apardım ki, Ermənistanla müqayisə üçün yer yoxdur. Çünki onların özü Qafqaza gəlmədir. Özü də bunun tarixi yaxın keçmişə təsadüf edir. Prezident tamamilə doğru qeyd edir ki, Qafqazda xristianlığın ilk yayıldığı ərazi məhz Azərbaycandır. Bu baxımdan da pravoslav icmasına təbrikində belə məqamlar vurğulanmalı idi".
Məhəmmədəli QƏRİBLİ