Teymur xanın nəvələrindən olan Zahirüddin Məhəmməd Babür şah 14 fevral 1483-cü ildə Fərqanədə anadan olub. Atası Sultan Əbu Səid xanın oğlu Fərqanə hökmdarı Ömər Şeyx Mirzə, anası Kulluğ Nigar xanımdır. Babür şahın gənclik illəri, mükəmməl təhsil və tərbiyə ilə yanaşı, siyasi mübarizələr içərisində keçib.
Babür şah Hindistanda ən böyük islam dövləti olan Gürqaniyyə dövlətinin qurucusudur. Atası vəfat etdikdən sonra o, Fərqanə taxtına oturub.
Tale yaxşı yetişən, döyüşkən və qorxusuz olan Babür şahın qarşısına daha döyüşkən və davakar bir başqa türk oğlunu çıxarıb. Bu böyük dava ustası Şeybani xandı. Bu iki böyük türk arasında öldürücü mübarizə başlayıb. 11 il döyüşdükdən sonra hökuməti əldə saxlaya bilməyəcəyini anlayan Babür şah cənuba üz tutub. Yəni bu böyük mübarizədə Şeybani xan qalib gəlib və Babür şah türk elini tərk edib. (O zaman türk türkü qırırdı! Şübhəsiz, hər bir hadisəni baş verdiyi zamanın şərtləri içərisində qiymətləndirmək lazımdır. Türk könlümüz, hansı səbəblə olursa-olsun, türkün türkü qırmasına heç razı olmaz. Teymurla İldırım, Toxtamışla Teymur, Yavuzla Şah İsmayıl, Şah İsmayılla Şeybani xan, Şeybani xanla Babür şah və daha bir çoxları arasında keçən mübarizələrdə tökülən qan türkün qanı olub! Türk xalqlarının "Siyasət ehtiyacı" və ya "Böyük xanlıq" uğrunda bir-birinə düşmən kəsilmələri hər halda türklüyün keçmişdəki zəifliyi olub. Atalarımız "ən yaxşı yol olaraq" müharibə yolunu seçiblər?!. Çox şükürlər olsun ki, bu gün türk xalqları birlik və qardaşlıq yolunu seçib).
Babür şah ordusu ilə Kabilə gedib və 1504-cü ildə Kabili fəth edərək özünün quracağı dövlətə paytaxt elan edib. Eyni zamanda Qəznəni alıb və qısa bir zamanda Əfqanıstanın böyük bir sahəsini də fəth edərək bir dövlət qurub, orada özünü padşah elan edib. 1511-ci ilin oktyabr ayında Səmərqənd imperatorluğunun taxtına çıxıb. Sonra Daşkəndi və Buxaranı alıb, bütün Maveraünnehrə hakim olub.
Babür şahın ağlında Şimali Hindistan da olub. Özünü Maveraünnehrə hakim elan etdiyi gündən etibarən Hindistana da hakim olma düşüncəsilə 1514-cü ildən başlayaraq uzun illər boyu Hindistana səfərlər təşkil edib. Nəhayət, 17 noyabr 1525-ci ildə Hindistanı fəth etmək üçün qurmuş olduğu o möhtəşəm ordusu ilə Kabildan hərəkət edib. 1526-cı ildə, yəni osmanlıların Mohaç zəfərindən bir neçə ay əvvəl Banipurt meydan döyüşündə Sultan İbrahim Ludinin 100 min nəfər əsgərdən ibarət böyük ordusuna qalib gəlib. Bu qələbə nəticəsində də Gürqaniyyə (Babürlülər) dövlətini qurub. Beləcə, Hindistan Türk imperatorluğunun tacı ludinlilərdən Babür şaha keçib. Bu müvəffəqiyyətlərdən sonra Dehli, Aqra və Harputu ələ keçirən Babür şah Aqranı paytaxt elan edib.
Hindlilər 1527-ci ildə öz aralarında ittifaq qurub 100 min nəfərdən artıq hərbi bir ordu ilə bir neçə yüz fili də önlərinə qataraq Hindistan fatehinin üzərinə səfərə çıxıblar. Çox gərgin və tarixi bir an olub bu an. Babür şahın bu döyüşdə məğlub olması Qanq vadisinin hindlilərin əlinə keçməsi nəticəsində türk hakimiyyətinin Hind qitəsindən atılması demək idi. Babür şah 13.500 nəfərlik bir Türküstan atlı birliyi ilə düşmənin üzərinə hücum edib. Yanında Osmanlı türklərindən Mustafa Ruminin komandanlığında olan bir topçu birliyi də vardı. Hindlilərdə isə nə top, nə də tüfəng vardı. Odlu silahlar və türk süvarisinin üstün döyüş qabiliyyəti Babürə bu döyüşü qazandırıb. Düşmən tamamilə məhv edilib. Bu, Babür şah üçün böyük bir zəfər olub. Biyana ətrafında baş verən bu Kanva meydan döyüşündə bir neçə saat içərisində düşməni yox edən Babür "Qazi" adı alıb. Məşhur Zeynuddin Hafinin nəvəsi Şeyx Zeyn Hafinin qələmə aldığı "Zərnamə" bütün islam dövlətlərinə göndərilib. Bundan sonra Audh əyaləti də fəth edilib. Dalbadal həyata keçirilən bu fəthlərlə Babür imperatorluğunun sərhədləri çox genişlənib.
Babür şah Hindistanda qurduğu türk dövləti ilə hindlilərə də sevinc, xoşbəxtlik gətirib. O, adil, dürüst rəhbərliyi ilə könüllərdə taxt qurub. Onun zamanında bütün hindlilər türklərə qardaş gözü ilə baxıb. Babür hakim təbəqənin türk olduğunu bilsə də, yerli xalqa - hind xalqına hörmət edib. O bu ölkənin adət-ənənəsinə, idarəçilik sisteminə əsla toxunmayıb. Bununla da əhalinin və məmurların rəğbət və dəstəyini qazanıb. Hindli filosof Kebir belə deyib: "Ürək təmizliyi qanda yuyunmaqdan daha əhəmiyyətlidir. Hindlilər və türklər eyni torpaqdan düzəldilən iki saxsı kimidir. Allahı sevənlər və Onun tövsiyələrinə əməl edənlər qardaşdır..."
Hindistanda qurulan bu türk dövləti dərin izlər buraxıb. Babür şah hakimiyyəti ərzində tikintiyə böyük maraq göstərib. Onun zamanında geniş tikinti işləri aparılıb, memarlıq inkişaf edib. Məşhur Tac Mahal Babur oğullarının əsəridir. Dövlət Alemgir şah zamanında dağılmağa başlayıb. Çünki ingilislərin XVII əsrdən etibarən başlatdıqları ticarət fəaliyyətləri siyasi mahiyyət kəsb edib. Beləcə, ingilislər sakitliyi pozmağa başlayıblar.
Alemgir şahın oğlu Bahadır şah zamanında SİH-lər üsyan edib. Əfqanlar isə dövlətdən ayrılıblar. 1766-cı ildə ingilislərlə bağlanan Allahabad müqaviləsilə dövlət ingilislərin xeyrinə xidmət edəcək vəziyyətə gətirilib. Bu tarixlərdə ruslar Orta Asiyanı, ingilislər isə Hindistan və onun şərqini, türk xalqlarının birlik içərisində olmamasından istifadə edərək, öz təsirləri altına alıblar. Bahadır şah zamanında sipahilərin üsyanını yatırdan ingilislər 1858-ci ildə Kraliça Viktoriyanı Hindistan Kraliçası elan ediblər. Beləliklə, Babürün min bir əməklə qurduğu dövlət yıxılıb. Hindistan ingilislərin əlinə keçib. Amma türkün Şimali Hindistandakı təsiri uzun zaman davam edib. Yəni Kişanların, Ağ Hunların, Qəznəlilərin, Timurluların və Babürün əməyi boşa getməyib.
Babür şahın 1526-cı ildə qurduğu dövlət 1858-ci ildə ingilislərin işğalına qədər 332 il boyunca varlığını davam etdirib. Babür şahın qəbri üzərində Cahan şah tərəfindən 1646-cı ildə möhtəşəm bir türbə tikdirilib. Babür şahın 1528-ci ildə Ayodyo şəhərində öz adına tikdirdiyi Babür şah camisi 1992-ci il dekabr ayının 6-da fanatik hindlilər tərəfindən uçurulub. Bu hadisə Hindistanda və digər islam ölkələrində yaşayan müsəlmanlar arasında böyük narazılığa və ölümlə nəticələnən hadisələrə səbəb olub.
Babür şah barəsində yazı yazan tarixçilər və tədqiqatçılar bu böyük insanın hansı keyfiyyətini əsas götürməkdə, onu qiymətləndirməkdə hey tərəddüdə düşüblər. Çünki onlar onun həyatını tədqiq etdikdə elə bir şəxsiyyətlə qarşılaşırdılar ki, çaş-baş qalırdılar. Babür şah həm güclü bir əsgər, həm yüksək səviyyəli bir dövlət adamı, həm də zamanının ən böyük şair və yazıçısı idi. Uca Yaradan onu bir çox müsbət xüsusiyyətlərlə şərəfləndirmişdi. O, xoş söhbətli, nəşəli bir dövlət adamı olmaqla yanaşı, yüksək qabiliyyətli bir əsgər olaraq da polad intizamlı idi! Şair, yazıçı, ədəbiyyat və botanika mütəxəssisi, zoologiya alimi, gözəl yazı dəst-xətti olan, bağça memarı... Bu xüsusiyyətlərlə Babür şah yalnız türk dünyasında deyil, bütün dünyada tanınıb.
Alim və ədib olan Babür şah özü öz həyatını qələmə alıb. "Tüzüki Babüri (Babürnamə)" adını verdiyi kitab Əkbər şah zamanında çağatay dilindən farscaya, sonra ingiliscəyə tərcümə edilərək nəşr edilib. Babür şah yazdığı şeirlərini də bir divanda toplayıb. Ayrıca, onun orijinal yazı tərzi "Xətti Babüri" adı altında məşhurdur. Babür şah türkcədən başqa farsca, ərəbcə və monqolca da bilirdi.
Babür şah Çağatay türkcəsinin ən usta şairlərindəndir. "Divan"ı, "Əruz"u, "Risalə"si, "Mübeyyen" adlı iki misralı mənzumələri, "Risale-i Validiyyə"si və o böyük, müəzzəm "Babürnamə"si hələ də maraqla incələnməkdədir.
Doğulduğu vaxt ona Babür adını verən Xoca Ubeydullah Ahranın farsca yazdığı "Qanunlar məcmuəsi" kitabını türkcə olaraq nəzmə çəkməsi döyüş meydanlarında gün keçirən bir insanın, bir dövlət adamının fövqəladə qabiliyyətlərinin varlığını ifadə edir.
Babür şah xatirələrini topladığı "Babürnamə" əsəri ilə bütün dünyanın heyranlığını qazanıb. Bu əsərdə Babür uşaqlığından həyatının sonlarına qədər olan hadisələrdən bəhs edərək, gəzib-gördüyü yerlər, tanış olduğu insanlar və mədəniyyətlər haqqında yazıb, bir çox sərkərdə və dövlət xadimlərini səciyyələndirib. Babürün bu xatirələri necə və nə zaman yazdığı barədə dəqiq məlumat yoxdur. Məlum olan budur ki, memuarlar müəllifin illər uzunu müntəzəm olaraq yazdığı xüsusi gündəlik əsasında qələmə alınıb. Əkbər şahın hakimiyyəti illərində çağataycadan farscaya tərcümə olunan bu əsər daha sonralar urducaya, ingiliscəyə, fransızcaya, yaponcaya və başqa dillərə tərcümə olunub. Macar türkoloq Rasoyi "Babürnamə" barəsində belə deyib: "O, dünya ədəbiyyatının ən maraqlı əsəridir." Fransız alimi Qrenard "Babürnamə"ni Sezarın "Qaya səfəri" adlı xatirələrindən daha üstün tutub.
Bəstəkar, memar, biologiya mütəxəssisi olan Babür "Hatti-Babüri" adını verdiyi bir yazı çeşidi icad edib. Onun bəstələrinin də olduğu deyilir, fəqət onlardan bizə çatanı yoxdur.
Babür şah türk dünyasının yetişdirdiyi dahi şəxsiyyətlərdən biri olub. Müdrik və ağıllı dövlət xadimi, siyasətçi, mahir sərkərdə olmaqla yanaşı, həm də incə ruhlu bir şair idi. Babürün idealı belə idi: "Əgər atan gözəl bir qanun yaratmışsa, onu saxla, əgər bu qanun pisdirsə, yenisini yarat".
Babür şah Anadolu türkləri ilə davamlı əlaqə saxlayıb. Osmanlılar, xüsusilə əsgəri təchizat baxımından Hindistan türk dövlətini müdafiə edib və ona kömək əli uzadıblar. Sözgəlişi, onlar topçu Mustafanı Babür şahın əmrinə veriblər.
1530-cu il dekabr ayının 25-də Aqrada vəfat edən Babür şahın vəsiyyətilə onun nəşi çox sevdiyi Kabilə aparılıb və orada dəfn edilib. Türkiyədə Babürün xatirəsinə büstlər qoyulub və yanında ona aid olduğu iddia olunan bayraq dalğalanmaqdadır. İlk sınaqları 2005-ci ildə həyata keçirilən Pakistana aid qanadlı raket Babür adlandırıldı. Özbəkistanda Babürə heykəllər qoyulub. Qırğızıstanın Oş şəhərində yerləşən Süleyman dağındakı Babürün evi pir kimi ziyarət olunur. O, vəfat etdiyi zaman Hindistan Türk dövlətinin sərhədləri bugünkü Pakistan, Banqladeş, Əfqanıstan, Hindistan torpaqlarını əhatə edirdi.
Biz bu tarixi şəxsiyyətimizin xidmətlərini həmişə yad etməyə borcluyuq.
Ruhu şad olsun!
Fazil QARAOĞLU professor