"Belə olan təqdirdə, Ermənistanı çıxmaq şərtilə, əhatəmizdə olan bütün ölkələr Türkiyə və bizimlə birgə formatda təmsil olunacaq"
Türkiyə Azərbaycan-Türkiyə-Qazaxıstan üçtərəfli formatının yaradılması üzərində işləyir. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. O bildirib ki, Türkiyə tərəfindən yaradılan üçtərəfli formatlar Qafqaz və Balkan regionlarında çox səmərəli işləyir.
Onun sözlərinə görə, cari ildə rəsmi Ankara regionda həlli yubanmış münaqişələrin nizamlanmasını aktivləşdirmək üçün iş aparacaq. Nazir qeyd edib ki, Türkiyə, Azərbaycan və Türkmənistan arasında üçtərəfli iclas yaxın aylarda keçiriləcək.
Qeyd edək ki, hazırda regionda bir sıra üçtərəfli formatlar, o cümlədən Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-Türkiyə-İran və Türkiyə-Azərbaycan-Türkmənistan əməkdaşlıq formatları fəaliyyət göstərir.
Anonsu verilən yeni üçtərəfli əməkdaşlıq formatının ölkələrimiz üçün nə kimi əhəmiyyəti olacaq?
Ekspert Qulu İsmayılov qəzetimizə açıqlamasında bildirdi ki, deyilən formatın ölkələrimiz üçün yalnız xeyri ola bilər: "Bilirsiniz ki, bizim Türkiyə ilə qardaşlıq münasibətlərimiz var. Eyni zamanda, yerləşdiyimiz coğrafi məkan bizə bir sıra əməkdaşlıq formatlarında birgə iştirak üçün əlavə zəmin verir. Türkiyə ilə bizim təmsil olunduğumuz belə formatlar çox olub və indiyə kimi hamısından razılıq ifadə olunur. Bilirsiniz ki, siyasi bağlantıların qurulmasında ikitərəfli əlaqələr bəzən kifayət edir. Ancaq iqtisadi layihələrdə bu təmas kifayət etmir. Türkiyəli nazir üçtərəfli formatların bizim regionda daha böyük effekt verdiyini dilə gətirib. Tamamilə haqlıdır. Çünki Orta Asiya respublikaları təbii sərvətlərlə zəngindir. Onlar alternativ variant kimi Avropa bazarına çıxmaqda maraqlıdır. Bu səbəbdən də onların həm Azərbaycan, həm də Türkiyə ilə yaxından əməkdaşlıq etməsi zəruridir. Onlar həm də türkdilli ölkələrdir, belə əməkdaşlıqda maraqlıdırlar. Ümidvarıq ki, Qazaxıstanla da analoji format seçiləcək və digər Orta Asiya respublikaları buna qoşulacaq. Belə olan təqdirdə, Ermənistanı çıxmaq şərtilə, əhatəmizdə olan bütün ölkələr Türkiyə və bizimlə birgə formatda təmsil olunacaq. Azərbaycan belə əməkdaşlıqlar üçün həm də ona görə cəzbedici ölkədir ki, bütün infrastruktur layihələrinə malikdir".
Məhəmmədəli QƏRİBLİ