Qarabağ münaqişəsinin həllinin uzanması Ermənistanda getdikcə daha çox narazılıq predmetinə çevrilir. Bunun əsas səbəbi sadə ermənilərin yaşadıqları bütün əsas problemlərin, xüsusən də ağır sosial-iqtisadi vəziyyətlərinin kökündə Qarabağ münaqişəsinin durduğunu gedərək daha açıq etiraf etmələridir.
Hadisələrin bu səpkidə inkişafı isə hakimiyyətə məhz Qarabağ münaqişəsinə görə gələn indiki erməni iqtidarına sərf etmir. Amma konfliktin həllini sürətləndirmək istəyən ermənilərin də sayı artır. Bu fonda eks-prezident Levon Ter-Petrosyanın Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çağıran mövqeyini dəstəkləyənlərin də sayında artım qeydə alınır. Onların sırasına hətta erməni diasporunun nümayəndələrindən belə qatılanlar var. Məsələn, Ermənistan prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri olmuş diplomat, hazırda ABŞ-ın Miçiqan universitetinin professoru olan Jirayr Libaridyan Levon Ter-Petrosyanın mövqeyinin tam haqlı olduğunu vurğulayır.
Xatırladaq ki, Ter-Petrosyana görə, münaqişənin mərhələli həllindən başqa həlli yolu yoxdur və hakimiyyət status-kvonu saxlamağa yönəlmiş siyasətini davam etdirsə, indikindən də əlverişsiz nizamlama variantı ilə qarşılaşmalı olacaq. Jirayr Libaridyan isə bildirir ki, Ter-Petrosyanın çıxışında əksini tapan faktlarla, ortaya qoyduğu məntiqlə və gəldiyi nəticələrlə tam razıdır. "Bəzi reallıqlar var ki, onu görməmək mümkün deyil. Münaqişə ətrafındakı indiki situasiya bizim düşmənlərimiz, qonşularımız və beynəlxalq ictimayyət üçün qəbuledilməzdir. İndiki situasiya yeni müharibəyə aparıb çıxarır. Keçmişdə olduğu kimi, beynəlxalq birlik hərbi əməliyyatların yenidən başlamasına laqeyd qalacaq, eynən apreldə olduğu kimi. İndiki situasiya isə Ermənistan və Dağlıq Qarabağ üçün daha təhlükəlidir". Onun sözlərinə görə, Ter-Petrosyanın bəhs etdiyi nizamlama variantı Rusiya xarici işlər naziri Sergey Lavrovun təklif etdiyi planla demək olar eynidir. Üstəlik bu, heç Lavrovun da irəli sürdüyü plan deyil, ABŞ, Avropa həmin variantı dəstəkləyir. Və bu, erməni tərəfi üçün 1997-ci ildəki mərhələli həll planından daha pis plandır. Keçmiş milli təhlükəsizlik müşavirinin bildirdiyinə görə, 1997-ci ildə Ter-Petrosyanı mərhələli həllə razılıq verdiyi üçün devirənlər indi daha əlverişsiz situasiyanın yaranmasına görə məsuliyyət daşıyır.
Yeri gəlmişkən qeyd edək ki, Ermənistanın siyasi-ictimai və diaspor dairələrində bir sıra sağlam qüvvələrin Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həll edilməsinə yönəlik çağırışları müsbət addımlar olsa da, Ermənistanın indiki siyasi-hərbi rəhbərliyi yenə də hər vəchlə danışıqlar prosesinin irəliləməsinin qarşısını almağa çalışır. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev də bildirir ki, Ermənistan rəhbərliyinin məqsədi münaqişənin həlli və regionda davamlı sülhün təmin edilməsi deyil, Ermənistanın danışıqlarda iştirakı yalnız imitasiya məqsədi daşıyır: "Ermənistan rəhbərliyi Azərbaycana qarşı təcavüz və işğala əsaslanan mövcud status-kvonu saxlamağa xidmət edən siyasət yürüdür. Bütün beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb etsələr də, Ermənistan buna məhəl qoymur və münaqişənin həllinin əsasını təşkil edən bu kimi köklü məsələdən yayınmaq üçün yeni-yeni təxribatlara əl atır". Bu vəziyyət isə münaqişənin hərbi yolla həlli ehtimalını artırır və bu, heç də ermənilər üçün sərfəli deyil. Çünki yeni müharibədə ermənilər Rusiyadan gözlədikləri dəstəyi də ala bilməyəcəklər. Erməni politoloq İqor Muradyan bu xüsusda bildirir: "Qarabağda yeni müharibəyə hazırlıq gedir. Rusiya bu müharibəni dəstəkləyə bilər. Çünki Moskva NATO-nu Cənubi Qafqaza buraxmamaq üçün hər şeyə hazırdır. Bu baxımdan, kiçik müharibə ruslar üçün maraqlıdır". Erməni politoloq etiraf edib ki, Azərbaycan Dağlıq Qarabağın qaytarılması üçün bütün vasitələrdən ən sərt şəkildə istifadə edəcək: "Azərbaycan ordusunun vəziyyəti də bunu deməyə əsas verir. Rusiya ekspertlərinin açıqlamalarından belə anlaşılır ki, Azərbaycan hücuma köklənmiş mobil ordu yaradıb. İdeologiya, struktur və operativ planlar təsdiq edir ki, Azərbaycan ordusu hücum hədəflərinə malikdir. Azərbaycan rəhbərliyi Qarabağı qaytarmaq üçün ordunun gücündən istifadə edəcək. Bu, Ermənistan üçün arzuolunmaz variantdır". Onun sözlərinə görə, Azərbaycan həm də Türkiyə ilə strateji müttəfiqliyə görə əlavə üstünlüklərə malikdir: "İki ölkə arasında strateji əməkdaşlıq sazişinin tələblərində də qeyd olunur ki, hər hansı müharibədə birgə hərəkət edəjəklər". Bu günlərdə isə Rusiya prezidenti yanında İctimai Palatanın üzvü, politoloq Sergey Markov bildirib ki, yaranmış vəziyyətdə Ermənistan-Azərbaycan sərhədində toqquşma yeni gərginliyin işartıları ola bilər: "Mənim proqnozuma görə, Qarabağda yeni müharibə yazda baş verə bilər". Onun sözlərinə görə, Ermənistan cəmiyyəti parçalanıb: "Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına qəti köklənmiş və Qarabağın qaytarılmasını heç vaxt bağışlamayacaq dairələr var. Serj Sarkisyan bu iki dairənin arasında qalıb. Ermənistan prezidenti "Kazan düsturu" əsasında hazırlanmış şərtlərə hazır idi, lakin daxildəki dairələrin təzyiqindən sonra o, sənədi imzalamaqdan imtina etdi. Sadəcə qorxdu. Lakin Sarkisyan radikal dairələrə tərəf meyllənməyə başlayanda münaqişənin həllinə tərəfdar olan dairələr fəallaşmağa başladı. Bu gün Ermənistan cəmiyyətində Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Bakının təşəbbüslərini dəstəkləyən böyük qrup var". Politoloq hesab edir ki, Levon Ter-Petrosyan seçkiqabağı dövrdə cəmiyyətin Qarabağ məsələsinin həllini dəstəkləyən qrupun dəstəyini qazanmaq üçün ərazilərin qaytarılmasının vacibliyi haqqında bəyanatlarla çıxış edib: "Ehtimal ki, bu, Petrosyanın strateji xəyalı deyil, sadəcə seçkiqabağı kampaniyasıdır".
Nahid SALAYEV