Türkiyə və ABŞ arasında son aylarda xeyli sərinləşən münasibətlər Yaxın Şərqdə baş verən proseslər fonunda gedərək daha gərgin xarakter almağa başlayır. Belə görünür ki, iki dövlət arasında yaşananlar onlar arasında mütəffiqlik əlaqələrinin tezliklə başa çatmasına gətirib çıxara bilər.
NATO-nun iki mühüm dövləti arasında münasibətlərin gün keçdikcə daha da korlanması beynəlxalq miqyasda da xüsusi diqqətlə izlənir. Hazırda tərəflər arasında ziddiyyətlərin dərinləşməsinə rəvac verən əsas amil isə kürd yaraqlıları ilə bağlıdır. Rəsmi Ankara ABŞ-ın PKK terror təşkilatının Suriyadakı qolu olan YPG və PYD-yə silah verdiyini dəfələrlə bəyan etsə də, ABŞ hər dəfəsində bunu təkzib edir. Ağ Ev kürd separatçılara, sadəcə hərbi ləvazimatlar göndərdiyini, bu yardımı İŞİD-dən qoruna bilmələri üçün onlara verdiyini iddia edir.
ABŞ-dan verilən bu açıqlamalar isə türk rəsmiləri heç cür qane etmir. Hətta Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu günlərdə İstanbulda keçirilən konfransdakı çıxışında Vaşinqtonun ünvanına sərt ifadələr səsləndirib: "Qərb dövlətlərini ayrıseçkilik etməməyə çağırırıq. Amerika başda olmaqla, Qərb ölkələri günahsız insanların qatillərinə dəstək verir. Bizdən media vasitəsilə onlara sataşmamağımızı istəyirlər. Bəs, bunları harada danışacağıq? İkitərəfli görüşlərimizdə sizə açıq söyləmişik. Siz terror qruplaşmalarına yardım edirsiniz. Bizim də təhlükəsizlik orqanlarımız var. Terrorçularda hansı silah və sursatın olduğunu sizin qədər yaxşı bilirik. Biz NATO-da sizinlə birlikdəyik, ancaq siz dəstəyi bizə yox, separatçı terror qruplaşmalarına verirsiniz. Terrorçu kimi tanıdığınız qruplaşmaları necə dəstəkləyirsiniz? Bizim bunu qəbul və həzm etməyimiz mümkün deyil. Strateji ortağıqsa, onların deyil, bizim yanımızda yer almalısınız. Bundan fərqli ifadələri bizdən gözləməyin. Siyasət apararkən xalqınızın sizdən bir şeylər tələb etdiyini deyirsiniz. Bizim də xalqımız var və onlar da bizdən nə isə gözləyir".
ABŞ-la Türkiyə arasındakı gərgin münasibətləri "Sputnik"ə şərh edən türkiyəli politoloq Güngör Gökdağ da vəziyyətin yaxşı olmadığını bildirir. O, ABŞ-ın Yaxın Şərqdəki varlığının çox ciddi problem yaratdığını qeyd edib: "Bu dövlətin girmiş olduğu bütün bölgələrdə bombalar partlayır, insanların canına qıyılır, terror təşkilatları daha da güclənir. Tək Suriya və İraqda yox, analoji problem Liviyada da yaşanır. Amerikanın müdaxiləsindən sonra liviyalılar bir-birini öldürməyə davam edir. Ancaq nəyə görə, kimə görə öldürdüklərini belə bilmirlər. Öldürən də "Allahu-Əkbər" deyir, ölən də. Amerika İraqa girməzdən öncə orada Səddam Hüseyn var idi. Mən Səddamın yaxşı lider olduğunu, demokratiyaya bağlı rəhbər olduğunu iddia etmirəm. Amma onun dövründə ölkədə birlik var idi. Nə vaxt ki, ABŞ ora müdaxilə etdi, ölkə bölünüb parçalandı. 2003-cü ildən bu yana orada hələ də bombalar susmayıb". Onun sözlərinə görə, Amerikanın Suriyada nə işi olduğunu anlamaq hələ də mümkün deyil: "Suriyada da eyni vəziyyətdir. Amerikanın bu ölkədə nə işi olduğunu biz hələ də anlamış deyilik. Heç kim o dövləti orada görmək istəmədiyi halda, ABŞ bölgəyə demokratiya gətirəcəyini iddia edərək nizam yaradacağını söyləyir. Ancaq görürük ki, Suriya da bölünüb parçalanmış vəziyyətdədir. Hazırda Suriya beynəlxalq güclərin rəqabət apardığı ərazi mövqeyindədir. Bütün söz sahibi dövlətlər orada öz gücünü göstərir. Fərqli ittifaqlar qurulur". Məhz belə bir vaxtda Suriyanın Əl-Bab şəhəri ətrafında baş verənlər Türkiyə-ABŞ ziddiyyətlərini daha da dərinləşdirə bilər. Məsələ burasındadır ki, Türkiyə həmin şəhəri tutmaqda israrlıdır. Bu xüsusda həyata keçirilən əməliyyata 8 min Türkiyə əsgəri qatılacaq. "Yeni Şafak" nəşri yazır ki, Türkiyə hərbçiləri Əl-Bab əməliyyatında Azad Suriya Ordusuna dəstək verəcək. Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahı əməliyyat üçün bütün hazırlıqları başa çatdırıb. Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl Əl-Bab əməliyyatını qısa müddətdə başa çatdıracaq planın hazırlandığını bildirib.
Türkiyənin "Haber7" saytının yazarı Taha Dağlı isə ABŞ-ın kürdlər üzərindən qurduğu planın Türkiyənin məqsədlərinə maneə olduğunu bildirir: "Pentaqon səlahiyyətlisi "Sizə Əl-Babda dəstək verək, amma PYD-dən uzaq durun, məsələn, Əl-Babdan sonra Münbiçə getməyin" dedi. Bizim elə bir dəstəyə ehtiyacımız yoxdur. Cerablusda işi təkbaşına gördük, eyni işi Əl-Babda da, Münbiçdə də görərik. Amma Əl-Babda dəstək məsələsi ABŞ-ın gerçək niyyətini ortaya çıxardı. Münbiç, Rakka, Kobani və Haseke Şimali İraqa qədər uzanan xəttin üzərində yerləşir. Türkiyə sərhədində yerləşən bu bölgələrə ABŞ göz qoyub. Haseke onsuz da hazırda PYD-nin, daha doğrusu ABŞ-nin işğalı altındadır. Bura Suriyanın ən zəngin neft ərazilərinin başında gəlir. Rimelan və Şedadi neft yataqları Haseke sərhədləri daxilindədir. Bundan başqa, burada zəngin təbii qaz ehtiyatları da var". Taha Dağlı qeyd edir ki, ABŞ bölgədə 7 hərbi baza qurub. Bunların ən böyükləri Rimelanın Alacafal kəndində və Suriya-Türkiyə-İraq sərhədinin birləşdiyi Malikiyedəki hərbi bazalardır: "ABŞ əsgərləri, MKİ agentləri və diplomatlar vertolyotlarla bu bazalara girib-çıxır, orada PYD terrorçuları ilə toplantılar keçirirlər. Bundan başqa, PYD terrorçularına verilən silahlar da bu bazalardan paylanır. Suriyanın şimalında bir ABŞ işğalı var. Bu işğal əvvəllər PYD terror təşkilatı üzərindən həyata keçirilirdisə, 2016-cı ildən etibarən ABŞ öz əsgəri ilə birbaşa bu bölgələri işğal etdi". Yaranmış vəziyyət isə Yaxın Şərqdə ABŞ və Türkiyəni daha çox üz-üzə gətirir.
Tahir TAĞIYEV