ABŞ prezidenti Barak Obamanın 35 Rusiya diplomatını ölkədən çıxarmaq qərarı, dünyanın əsas gündəminə çevrilib. Baki-xeber.com xəbər verir ki, Vaşınqtonun bu addımına ilk başdan Moskvanın adekvat cavab verəcəyi gözlənirdi. Hətta bununla bağlı Rusiya Xarici İşlər Nazirliyi ölkə başçısına müraciət də etmişdi. Ancaq Rusiya prezidenti Vladimir Putin fərqli mövqe nümayiş etdirib.
Ilk öncə onu qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi ölkə başçısına ABŞ-ın bu addımına adekvat cavab vermək tələbilə müraciət edib. Rusiya xarici işlər naziri Sergey Lavrovun verdiyi məlumata görə, Putinə verilən, ABŞ-ın Moskva səfirliyindən 31, Sankt-Peterburq konsulluğundan isə 4 diplomatın daxil edildiyi siyahıda ümumilkdə 35 nəfər yer alır. Rəsmi Moskvanın da 35 ABŞ diplomatını ölkədən çıxaracağı gözlənirdi. Bundan başqa, Moskvadakı Amerika məktəbi və ABŞ səfirliyinin Moskva yaxınlığındakı yay evinin də bağlanması nəzərdə tutulurdu. Bu məktəbdə ABŞ, Britaniya və Kanadanın Rusiyadakı səfirlik əməkdaşlarının uşaqları təhsil alır.
Lavrov, qarşılıqlı cavab diplomatiyanın və beynəlxalq hüququn qaydası olduğunu deyib.
Ancaq Rusiya Xarici İşlər Nazirliyinin eyni sayda ABŞ-lı diplomatı deportasiya etmək təklifini Vladimir Putin qəbul etməyib. Putin deyib ki, “ABŞ-ın sanksiyalarına cavab olaraq heç kimi deportasiya etməyəcəyik".
Vaşinqtonun addımını təxribat kimi xarakterizə edən Rusiya lideri, buna yanvarın 20-də vəzifəsinin icrasına başlayacaq Donald Tramp administrasiyasının atacağı addımlara görə qərar verəcəklərini deyib.
"Ölkəyə geri dönəcək rusiyalı diplomatlar yeni il tətilini qohum və yaxınları ilə evdə qarşılayacaq. Biz, amerikalı diplomatlar üçün problem yaratmayacağıq. Heç kimi deportasiya etməyəcəyik. Yeni il tətilində amerikalı diplomatların ailələrinə və uşaqlarına da məhdudiyyət gətirməyəcəyik" - deyən Putin, Rusiyada akkreditə olan bütün ABŞ-lı diplomatların uşaqlarını Kremldəki yeni il şənliyinə dəvət edib.
Obama rəhbərliyinin vəzifə müddətini bu şəkildə sonlandırmasından təəssüfləndiyini ifadə edən Putin, ABŞ prezidenti Barak Obama və ailəsinin yeni ilini təbrik edib. Putin, Trampı və bütün ABŞ xalqının da yeni ilini təbrik edib.
Xatırladaq ki, RF XİN sözçüsü Mariya Zaxarova dünən özünün facebook səhifəsində Kremlin olaya gün ərzində cavab verəcəyini yazmışdı. Eyni zamanda Kremldən verilən açıqlamada da Rusiyanın bu olaya uyğun şəkildə cavab verəcəyi bildirilmişdi.
Dekabrın 29-da ABŞ Moskvadakı Amerika diplomatlarının sıxışdırılmasına cavab olaraq Rusiyanın 35 diplomatını ölkədən qovub və Rusiyanın Nyu-York və Merilənddəki iki diplomatik nümayəndəliyi bağlayıb. Bunula yanaşı Ağ Ev 6 Rusiya rəsmisinə də sanksiya tətbiq edib.
Amerikalı rəsmilər Rusiyanı ABŞ-da ötən prezident seçkilərinə müdaxilə məqsədilə siyasi qurumlara haker hücumlarında, D.Trampın qələbəsini təmin etməkdə günahlandırırlar.