ABŞ 35 rusiyalı diplomatı ölkədən çıxarır. Baki-xeber.com xəbər verir ki, Vaşinqton, aralarında Rusiya kəşfiyyat direktorunun də olduğu 6 nəfərə də sanksiya tətbiq edib.
Bundan başqa Rusiyanın Merilənd və Nyu-Yorkdakı diplomatik nümayəndəlikləri isə kəşfiyyat məqsədilə istifadə edildikləri iddia edilərək bağlanması barədə qərar verilib. Vaşinqton və San Fransiskoda olan 35 rusiyalı diplomata isə 72 saat ərzində ölkədən ayrılması üçün vaxt verilib.
“Reuters” agentliyi yazır ki, Vaşinqtondakı səfirlikdən və San Fransiskodakı konsulluqdan diplomatların qovulması bundan az əvvəl Amerika hökumətinin Rusiyanı ABŞ seçkilərinə müdaxiləyə görə cəzalandıracağı barədə elan etdiyi vədlə bağlıdır.
ABŞ prezidenti Barak Obama, sanksiyaların ardından bəyan edib ki, bu tədbirlər, Rusiyanın aqressiv hərəkətlərinə verilən reaksiyanın hamısı deyil. Obama deyib ki, Rusiyaya qarşı daha çox tədbir görüləcək, ancaq onların bəziləri ictimaiyyətə açıqlanmayacaq.
Obama Rusiyaya qarşı sanksiyaları, ABŞ-ın maraqlarına zidd addımlara qarşı uyğun və önəmli cavab adlandırıb. ABŞ prezidenti, məlumatların oğurlanıb yayılmasının ancaq Rusiya hökumətinin göstərişilə edilə biləcəyini iddia edib.
Seçkilərə müdaxilənin qisasının alınacağını deyən Obama, bütün amerikalıları Rusiyanın addımlarına qarşı hazır olmağa çağırıb.
Dövlət Departamentinin Merilənd və Nyu-Yorkdakı Rusiya diplomatik nümayəndəliklərini bağlayacağını ifadə edən prezident, ABŞ kəşfiyyat qurumlarının, Rusiyanın mülki və hərbi kəşfiyyat xidmətlərinin mülki fəaliyyətlərinə dair məlumatları yayacağını da deyib.
Moskvadakı amerikalı diplomatların, son bir il ərzində Rusiya təhlükəsizlik xidmətlərinin və polisin “qəbul edilməz” dərəcədə sıxışdırıldığını iddia edən Obama, bu hərəkətlərin cavabsız qalmayacağını bəyan edib.
Nümayəndələr Palatasının spikeri Paul Ryan isə deyib ki, bu, səkkiz il davam edən uğursuz Rusiya siyasətini bitirməyin ən adekvat yoludur.
Qeyd edək ki, bir qədər əvvəl Obama administrasiyası ABŞ seçkiləri ilə əlaqədar Amerika siyasi qurumlarına haker hücumları ilə bağlı Rusiyaya qarşı daha bir neçə cavab tədbiri görəcəyini elan edib. Barak Obama və ABŞ kəşfiyyatı bu qənaətdədirlər ki, Rusiya ABŞ seçkilərinə Donald Trampa dəstək vermək məqasədilə elektron müdaxilə edib.
Bir müddət əvvəl isə ABŞ Dövlət Departamenti Rusiya təhlükəszilik xidmətlərinin və yol polisinin Rusiyadakı Amerika diplomatlarını təqib etməsini qətiyyətlə pisləyən bəyanat yayıb.