Fələstin ərazilərində yaşayış məskənlərinin salınmasına son qoymağa çağıran BMT Təhlükəsizlik Şurasının bir neçə gün əvvəl qəbul etdiyi qətnamə İsraillə Obama administrasiyası arasında gərginliyə səbəb olub.
Baki-xeber.com xəbər verir ki, Vaşinqton bundan əvvəl bənzər qətnamələrə veto qoyurdu. Ancaq son səsvermədə ABŞ-ın bitərəf mövqe sərgiləməsi və buna müdaxilə etməmək qərarı İsraili qəzəbləndirib. İsrail baş naziri Benyamin Netanyahunun sözçüsü qətnamənin hazırlanması və qəbul edilməsində Ağ Evin iştirakı barədə məlumat əldə etdiyni bəyan edib. ABŞ Dövlət Departamentinin sözçüsü isə iddiaların qətiyyən doğru olmadığını deyib, lakin qətnamənin İsrailə xəbərdarlıq olacağına ümid bəslədiyini bildirib.
Netanyahu səsvermədən sonra ABŞ səfirini çağıraraq Obama administrasiyasını sərt tənqid edib. İsrailin ABŞ-dakı səfiri Ron Dermer isə ölkəsinin özünə qarşı ədalətsizliyə yol verməyəcəyini və bunu cavabsız qoymayacağını deyib: “Biz ziyarətə gələn rəsmilərlə heç nə olmayıbmış kimi görüşə bilmərik. Bu, İsrailə qarşı ciddi addımdır".
Dermer bildirib ki, BMT Təhlükəsizlik Şurasındakı səsvermə İsrail və fələstinlilər arasında “iki dövlət” həll yolu ilə bağlı uzunmüddətli planlara xələl gətirib.
Bu arada, Şərqi Qüds şəhərinin bəzi ərazilərində yəhudi məskənləri üçün təxminən 500 yeni evin tikilməsinə icazə verəcək səsvermə şəhər hakimiyyəti tərəfindən təxirə salınıb. Qüds şəhərinin Planlaşdırma və Mənzillə Təminat Komitəsi Ramat Şlomo və Ramot məskənlərində 492 yeni evin tikilməsi barədə səsvermənin keçiriləcəyinə işarə etmişdi. Lakin çərşənbə günü, planlaşdırma komitəsinin üzvü Hanan Rubin səsvermənin təxirə salındığını bildirib. Rubin BBC-yə deyib ki, səsvermənin təxirə salınma qərarı ABŞ dövlət katibi Con Kerrinin çıxışından bir neçə saat öncə Vaşinqtonla münasibətləri daha da gərginləşdirməməyə görə baş nazirliyinin xahişindən sonra qəbul edilib.
Kerri isə BMT TŞ-də İsraillə əlaqədar verilən qərarın ABŞ-ın maraqlarına uyğun olduğunu deyib. Kerri Obamanın hər zaman İsrailə və İsrailin təhlükəsizliyinə önəm verdiyini bildirib. O, indiyə qədərki heç bir rəhbərliyin İsrailin hüquqlarını Barak Obama qədər müdafiə etmədiyini ifadə edib. Kerry həmçinin, İsrailin sözügedən bölgədə yalnız öz maraqları çərçivəsində məskunlaşma siyasəti apardığını vurğulayıb: "İki dövlətli həll, israillilər və fələstinlilər arasında daimi və ədalətli sülhün tək yoludur".
İsrail tənqidlərinə cavab verən Kerri, ABŞ-ın onlara illərdir verdiyi milyardlarla dollarlıq hərbi müdafiə yardımlarını xatırladıb və qeyd edib ki, ölkəsinin beynəlxalq hərbi yardım büdcəsinin yarısı yalnız İsrailə gedir.
Dövlət katibi, İsrail və Fələstin arasında razılaşılması vacib olan iki dövlətli həll şansının, iki xalq arasında da yüksək dəstək almasına baxmayaraq, təhlükəyə düşməyə başladığını qeyd edib. Kerri deyib ki, Qüds şəhəri həm İsrail, həm də Fələstin dövlətinin ortaq paytaxtı kimi qəbul edilməlidir.
Yeni seçilmiş ABŞ prezidenti Donald Tramp isə Obama administrasiyasını İsrailə "nifrət və hörmətsizliklə" yanaşmaqda günahlandırıb. Tramp, BMT TŞ qərarı, həmçinin 15 yanvarda Parisdə keçiriləcək sülh konfransında Fələstin və İsrail arasında iki dövlətli həll variantının müzakirə ediləcəyinə dair xəbərlərin ardından, İsrailə səslənərək “Mən prezident postunu təhvil alana qədər səbr edin və güclü olun" mesajını verib: "İsrailə qarşı bu qədər alçaldıcı və hörmətsiz davranmağa davam edə bilmərik. İsrailin keçmişdə ABŞ-da çox yaxın bir dostu var idi ... amma artıq yoxdur. Sonun başlanğıcı İranla əldə edilən razılaşma idi, indi də BMT TŞ! Güclü ol İsrail, 20 yanvar yaxınlaşır".
Bu arada, “Haaretz” qəzeti yazır ki, İsrail baş naziri Binyamin Netanyahu, layihəni BMT TŞ-yə çıxaran ölkələrdən biri Yeni Zelandiyadan geri addım atmağı tələb edib. "Bu mübahisəli qərardır. Sizdən bu qərara dəstək verməməyinizi istəyirəm. Əgər bu qərara dəstək verməyə davam etsəniz, bunu müharibə elanı kimi qəbul edəcəyik. Bu davranış münasibətləri pisləşdirəcək və bunun bəzi nəticələri olacaq" deyə Netanyahu Yeni Zelandiyanın xarici işlər naziri Murray Makkalli ilə telefon danışığı zamanı bildirib.
Ancaq Netanyahunun sərt sözlərinə rəğmən Yeni Zelandiya naziri geri addım atmayıb və bu qərarın ölkəsinin maraqlarına uyğun olduğunu deyib.
Qeyd edək ki, İsrail BMT Təhlükəsizlik Şurasında səsə qoyulmuş qətnamənin lehinə səs vermiş ölkələrin səfirlikləri ilə bütün işgüzar münasibətləri müvəqqəti məhdudlaşdırdığını bəyan edib. Bu barədə açıqlama verən iki İsrail rəsmisi bildirib ki, Böyük Britaniya, Fransa, Rusiya, Çin, Yaponiya, Ukrayna, Anqola, Misir, Uruqvay, İspaniya, Seneqal və Yeni Zelandiyanın səfirlikləri ilə işgüzar əlaqələr dayandırılacaq. İsrail rəsmiləri əlavə ediblər ki, Netanyahu bu ölkələrin xarici işlər nazirləri ilə görüşməyəcək və onların səfirləri İsrailin Xarici İşlər Nazirliyində qəbul edilməyəcəklər. Bundan əlavə, İsrail nazirlərinin həmin ölkələrə səfərlərinin məhdudlaşdırılacağını deyən rəsmilər vurğulayıblar ki, İsrailin səfirləri bu hökumətlərlə işləməyi davam etdirəcəklər. Digər tərəfdən, İsrail qətnaməyə səs vermiş Yeni Zelandiya və Seneqaldakı səfirlərini geri çağırıb və Seneqala göndərilən bütün yardımların dayandırıldığını bəyan edib.
TAHİR