"Hiss olunur ki, Ermənistan daxilində məhz bu müstəvidə hakimiyyət dəyişikliyi reallaşa bilər"
Ermənistanın ilk prezidenti, "Ermənistan Milli Konqresi" partiyasının sədri Levon Ter-Petrosyan deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzadılması Ermənistanı daha da zəiflədəcək. Onun sözlərinə görə, aparılan danışıqlarda heç bir nəticə yoxdur.
Ter-Petrosyan danışıqlar masasında olan konkret planla bağlı fikirlərini ifadə edib: "İlk mərhələdə Azərbaycana 5 rayon qaytarılacaq. Kəlbəcər və Laçın istisna olmaqla. 2-ci mərhələdə qoşunların təmas xəttində sülhməramlılar yerləşdiriləcək. 3-cü mərhələdə Dağlıq Qarabağın statusunun tanınması məsələsinə baxılacaq. 4-cü mərhələdə Qarabağ və Ermənistanın blokadası aradan qaldırılacaq, Azərbaycan, Qarabağ, Ermənistan və güman ki, Türkiyə arasında münasibətlər yaranacaq. 5-ci mərhələdə Qarabağın son statusuna baxılacaq. 6-cı mərhələdə Laçın dəhlizi istisna olmaqla, Azərbaycana qalan 2 rayon qaytarılacaq".
Faktiki olaraq görünür ki, Ter-Petrosyan sadaladığı planın baş tutmamasından narahatlıq keçirir və münaqişənin həll edilməməsini tənqid edir. Bu o anlama gələ bilərmi ki, Ermənistanın ən güclü siyasi qüvvəsi ilə Sarkisyan hakimiyyəti arasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələyə baxışda ciddi fikir ayrılığı mövcuddur?
Politoloq Qabil Hüseynli qəzetimizə açıqlamasında bildirdi ki, Ermənistanın eks-prezidenti son vaxtlar konkret mövqe ortaya qoyur: "Ter-Petrosyan qərbmeylli siyasətçi kimi xarakterizə olunur. Onun son açıqlamaları dərin təhlilə əsaslanır. Bundan əvvəl də partiyasının qurultayında bildirdi ki, münaqişənin həlli ilə bağlı Ermənistanın tutduğu inadkar mövqe onun ölkəsini məhvə aparır. Son açıqlamasında mərhələli həll planının tərkibini açıqlayıb. Hiss olunur ki, bunu məqbul sayır. Həmin planın tərkib hissəsində olan variantla Azərbaycan da razılaşır. Ən ali səviyyədə bəyan edildi ki, biz Dağlıq Qarabağa status verməyə də hazırıq. Ter-Petrosyanın bu mövqeyi Sarkisyan tərəfdarları tərəfindən aqressiya ilə qarşılanır. Onlar hiss edir ki, xalq bu varianta razıdır. Çünki Ermənistan günü-gündən acınacaqlı vəziyyətə yuvarlanır. Artıq bu fikir ayrılığı dərinləşir. Hiss olunur ki, Ermənistan daxilində məhz bu müstəvidə hakimiyyət dəyişikliyi reallaşa bilər".
Məhəmmədəli QƏRİBLİ