Arzu Nağıyev: "Belarus heç vaxt Ermənistanın KTMT-nin rəhbəri kimi fəaliyyət göstərməsinə razı ola bilməz"
Rusiyanın Sankt-Peterbuq şəhərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) növbəti toplantısı keçirilib. Toplantıda növbəti katiblik rotasiya qaydası ilə Ermənistana verilməli idi.
Bu il İrəvanda keçirilən konfransda Ermənistan ümid edirdi ki, Peterburq toplantısında katibliyi ələ alacaq və Azərbaycana qarşı növbəti təxribatçı hərəkətlərə yol verəcək. Belarus prezidentinin iclasa getməməsi Ermənistanın arzusunu puç etdi. Yenidən katiblik Rusiyada qaldı və bu məsələ bir neçə ay təxirə salınmış oldu. Görünən budur ki, Azərbaycanla sıx siyasi əlaqələri olan Qazaxıstan və Belarus prezidentləri KTMT-də Azərbaycanın maraqlarını nəzərə almaqdadırlar. Bu, təşkilatın vahid konsensusa malik olmadığının göstəricisidir. Qazaxıstan və Belarusun bu cür davranışı nəyin göstəricisi sayıla bilər?
Ekspert Arzu Nağıyev hesab edir ki, KTMT-yə daxil olan ölkələrin öz aralarında problemləri var: "Son zamanlar təşkilata daxil olan ölkələr tam tərkibdə iclaslar keçirə bilmir. Bura daxil olan dövlətlər arasında Suriya və digər ölkələrə birgə qoşun növlərinin çıxarılması məsələsində fikir ayrılığı yaşanır. Belarus tərəfi dəfələrlə bəyan edib ki, heç bir dövlətin ərazisində konfliktə qarışmaq fikri yoxdur. Məhz buna görə təşkilata daxil olan dövlətlər arasında narazılıqlar mövcuddur".
A.Nağıyev hesab edir ki, Qazaxıstan və Belarus Azərbaycanla müharibə şəraitində yaşayan Ermənistanın KTMT-yə rəhbərlik etməsində maraqlı deyil: "Ermənistan KTMT-ni öz maraqlarına alət etmək niyyətindədir. Bu dövlətlər isə Ermənistana görə Azərbaycan kimi tərəfdaşı itirmək istəmirlər. Azərbaycan və Belarusu həm hərbi, həm də digər müqavilələr bağlayır. Belarus heç vaxt Ermənistanın KTMT-nin rəhbəri kimi fəaliyyət göstərməsinə razı ola bilməz. Bu, Azərbaycan-Belarus münasibətlərinə xələl gətirə bilər. Eyni zamanda Rusiyanın özü də Ermənistanın KTMT-yə rəhbərlik etməsində maraqlı deyil. Çünki Rusiyanın bu təşkilatı qurmaqda məqsədi özünü hərtərəfli şəkildə qorumaqdır".
Məhəmmədəli QƏRİBLİ