Azərbaycanın diplomatik müstəvidə Ermənistanı gedərək daha çox offsayt vəziyyətinə salması İrəvanda böyük narahatlığa yol açmaqdadır. İndi erməni politoloqlar belə Ermənistanın üzv olduğu, Azərbaycanın isə yer almadığı təşkilatlarda Bakının daha yüksək təsir imkanlarına malik olduğunu bildirir.
Buna sübut kimi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Sankt-Peterburqda baş tutan sammiti göstərilir. Bir daha xatırladaq ki, həmin samiitdə sözügedən hərbi bloka baş katib təyin etmək yenə mümkün olmayıb. Blokun hazırkı baş katibi Nikolay Bordyuja bildirib ki, məsələyə təşkilatın gələn ilin aprelində keçiriləcək növbəti sammitində baxılacaq. O, bunun səbəbini sammitdə Belarus nümayəndə heyətinin iştirak etməməsi nəticəsində kvorumun olmaması ilə izah edib: "Bildiyiniz kimi, nümayəndə heyətlərindən biri sammitdə iştirak etməyib və nəticədə baş katibin seçilməsi üçün kvorum olmayıb". Halbuki, KTMT-nin baş katibi postuna Ermənistan nümayəndəsinin təyin olunması razılaşdırılmışdı. Kremlin sözçüsü Dmitri Peskov isə bundan əvvəl demişdi ki, Belarusun sammitə qatılmaması nəzərdə tutulan sənədlərin imzalanmasını əngəlləməyəcək və həmin sənədlər imzalanmaq üçün Minskə göndəriləcək. Amma bu baş verməyib. Xatırladaq ki, baş katiblik məsələsi 2 ay əvvəl İrəvan sammitində də təxirə salındı. Həmin vaxt Qazaxıstan prezidenti Nursultan Nazarbayev sammitə gəlməmişdi və bunun səbəbi onun xəstə olması ilə izah edilmişdi. İndiki vəziyyətdə erməni politoloq Stepan Qriqoryan bildirib ki, Azərbaycanla yaxın hərbi-siyasi münasibətləri olan Belarus prezidenti Aleksandr Lukaşenkonun sammitə qatılmaması, ola bilsin ki, baş katibliyin Ermənistana keçməsi ilə bağlıdır:"Problem nədədir? Ondadır ki, Azərbaycan Belarus, Qazaxıstan, həmçinin Rusiyaya bildirib ki, Ermənistandan olan generalın təşkilata baş katiblik etməsinə qarşıdır. Belə çıxır ki, təşkilata üzv olmayan Azərbaycanın bu bloka təsiri Ermənistandan daha böyükdür". Xatırladaq ki, iki ay əvvəl Nursultan Nazarbayev KTMT-nin İrəvandakı sammitinə qatılmayanda rəsmi Astana bunu prezidentin soyuqlaması ilə əsaslandırmışdı. Lakin Ermənistanda belə şübhələr yarandı ki, Nazarbayev Azərbaycana görə və erməni generalın KTMT-yə baş katib olmasına səs verməmək üçün sammitə getməyib. Nazarbayev iclasda iştirak etmədiyi üçün KTMT-yə yeni baş katib seçilmədi. Həmin vaxt siyasi dairələr bunu "diplomatik xəstəlik" adlandırdılar. Bu, məntiqə uyğun idi. Çünki KTMT-yə erməni baş katibin gətirilməsi Azərbaycanın əleyhinədir. Buna görə də rəsmi Bakı manevrlərini artıraraq, bunun baş tutmaması istiqamətində addımlar atdı. Azərbaycanın böyük dostu Nazarbayev bu məsələdə böyük rol oynadı. Onun "xəstələnməsi"nin səbəblərindən biri də məhz Sarkisyanın istəyinin baş tutmamasına hesablanmışdı. İrəvandakı iclasda qərara alındı ki, yeni baş katib Sankt-Peterburqda təyin olunacaq. Lakin bu dəfə Nazarbayevin missiyasını Lukaşenko öz üzərinə götürdü. Ermənistanda açıq bildirilir ki, Lukaşenko Azərbaycanla müttəfiqlik münasibətlərini nəzərə alaraq sammitdə iştirak etməyib. Nəticədə Ermənistanın bu blokda "söz sahibi" olmaq planları pozulub. Bu fonda Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviçin verdiyi açıqlamalar da xüsusi maraq doğurur: "Rəsmi Minsk həll olunmamış Dağlıq Qarabağ münaqişəsi məsələsinə heç vaxt biganə olmayıb". Bu ilin aprel ayında qoşunların təmas xəttində gərginliyin artmasına toxunan G.Axramoviç xatırladıb ki, Belarus prezidenti Aleksandr Lukaşenko bu məsələ ilə bağlı öz prinsipial mövqeyini ortaya qoyan şəxslərdən biri olub.
Səfir, həmçinin, Azərbaycan və Belarusun həmişə müxtəlif beynəlxalq platformalarda bir-birini dəstəklədiyini bildirib və Belarusun mövqeyini dəstəklədiyinə görə Azərbaycana minnətdarlıq edib: "Azərbaycan da hər zaman Belarusa arxalana bilər".
Digər tərəfdən fikirlər səslənir ki, artıq Rusiya da Ermənistandan olan hərbçinin KTMT-yə rəhbərlik etməsinə müsbət yanaşmır. Buna səbəb Avrasiya İqtisadi İttifaqı ilə bağlı Rusiyanın planlarıdır. Rusiya bu quruma Azərbaycanı da daxil etmək istəyir. Amma bunun üçün Qarabağ məsələsində və erməni hərbçilərin irəli çəkilməsində Azərbaycana güzəştə getməli olduğunu da yaxşı bilir. Özü də bunlar o vaxt baş verir ki, Moskva Qarabağ məsələsində fəaliyyətini aktivləşdirməyə hazırlaşır. Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova da bildirir ki, Moskva Dağlıq Qarabağ məsələsinin həlli ilə məşğul olmaqda davam edir və ATƏT Minsk Qrupunun həmsədri qismində bu prosesin irəliləməsi üçün əlindən gələni edir: "Biz özümüzdən asılı olan addımları atacağıq ki, bu proses dayanmasın, əksinə, daha da sürətlənsin".
Nahid SALAYEV