Son günlər Rusiyada da bu ölkə ilə bağlı sui-qəsdlər, müəmmalı ölümlər və qəribə qəzalar dünya gündəmindən düşmür.
Baki-xeber.com xarici KİV-ə istinadən xəbər verir ki, Ankara səfiri Andrey Karlovun sui-qəsdlə öldürülməsi, Xarici İşlər Nazirliyində çalışan diplomat Pyotr Polşikovun evində ölü tapılması, xüsusi əməliyyatlara şahidlik etdiyi deyilən NATO müfəttişi Yves Çandelonun başından vurulması və Qırmızı Ordu hərbi xorunu aparan təyyarənin Qara dənizə düşməsinin ardından indi də Rusiya enerji nəhəngi "Rosneft"in ikinci adamı müəmmalı şəkildə dünyasını dəyişib.
Şirkətin rəhbəri İqor Seçinin sağ əli olan Oleq Erovinkinin cəsədi avtomobilində tapılıb. Rusiya kəşfiyyatının keçmiş generalı Erovinkin "Kremlin qara qutusu" kimi də tanınır.
Məlumata görə, dörd ildir Seçinin yanında olan Oleq Erovinkin Rusiya prezidenti Vladimir Putin vəzifəyə gəldikdən sonra öz ətrafındakı şirkətlərin rəhbərliyinə gətirdiyi şəxslərdən biri olub. "Novaya Gazeta"nın "kəşfiyyat çəpəri" kimi təqdim etdiyi "enerji şirkətlərinin agent mənşəli ikinci adamları" Kremllə məsləhətləşmədən qərar verə biləcək adamlardan formalaşır. Bunlardan biri olan Erovinkinin öldürülməsinin birbaşa Putinə verilən mesaj olduğu və işin arxasında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) dayandığı iddia edilir. Beləliklə, keçmiş rus agenti Erovinkin üzərindən İqor Seçin və Moskva rəhbərliyinə mesaj verildiyi təxmin edilir. Hələ 2003-ci ildə Qərb və ABŞ-la yaxın əlaqələrilə tanınan Mixail Xodorkovski YUKOS neft şirkəti ətrafında vergi qalmaqalı zamanı "Rosneft"in rəhbəri Seçini ona tələ qurmaqla günahlandırmışdı. Xodorkovskinin şirkəti 2006-cı ilin avqustunda iflas etmişdi. Qərb tərəfdarı Xodorkovskinin çöküşünün ardından isə ABŞ Seçini hədəfə almışdı. 20 mart 2014-cü ildə Vaşinqton rəhbərliyi "Rosneft" rəhbəri İqor Seçinə Ukraynadakı hadisələrdə barmağı olduğuna görə sanksiya tətbiq etmişdi.
Avtomobilində ölü tapılan keçmiş kəşfiyyatçı Erovinkinin çalışdığı enerji nəhəngi "Rosneft" Rusiyanın Avropadakı radikal sağcılara maliyyə dəstəyi verərkən istifadə etdiyi şirkətlərdən biridir. Fransız radikal sağçı partiya Milli Cəbhəyə 9 milyon avro yollayan "First Czech-Russian Bank" ilə "Rosneft" arasında da əlaqə var. Belə ki, islam əleyhdarı kimi tanınan Milli Cəbhəyə maliyyə ayıran bankın 94 faiz hissəsinə sahib olan enerji şirkəti "Stroytransgaz" eyni zamanda Erovinkinin ikinci şəxs olduğu "Rosneft" şirkətilə ortaqdır. Hər iki şirkətin ikinci şəxsləri isə Putinə yaxın keçmiş kəşfiyyatçılardır.
Vaşinqtonun Ukrayna hadisələrinə görə sanksiya tətbiq etdiyi İqor Seçinin ABŞ-ın yeni prezidenti Donald Trampın komandası ilə münasibətlərinin çox yaxşı olduğu bildirilir. Amerika şirkətləri ilə ticarət qadağasına baxmayaraq, Seçinlə Trampın dövlət katibi Reks Tillersonun rəhbəri olduğu "Exxon Mobil" arasında böyük bir ortaqlıq mövcuddur. Hətta Tillerson dövlət katibi seçildikdən sonra Seçin Qərb mediası tərəfindən ən güclü iş adamlarından biri kimi göstərilirdi.
TAHİR