Xəzər Teyyublu: "Sevindirici haldır ki, həmin abidənin məhv edilməsilə bağlı qərar qəbul olundu"
Məlum olduğu kimi, Türkiyənin Tunceli bölgəsinin Aşağıdoluca kəndində yerləşən, erməni terrorçularının adını "əbədiləşdirən" abidə Azərbaycanda ciddi narazılıqla qarşılandı. Erməni və PKK üzvlərinin qoyduğu abidənin üzərində ötən əsrin 90-cı illərində Qarabağda, Xocalıda azərbaycanlılara qarşı soyqırımlar törətmiş, azərbaycanlılara qarşı qəddarlığı ilə seçilən və 1993-cü ilin yayında öldürülən terrorçu Monte Melkonyanın da adı olub.
Bu məsələyə Türkiyənin özündən də ciddi reaksiyalar verildi.
Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksal Gülbey açıqlamasında deyib ki, erməni terrorçusuna abidə qoymaq ASALA-nın şəhid etdiyi türk diplomatlara, Azərbaycanın Qarabağ şəhidlərinə təhqir və hörmətsizlikdir: "ASALA terror təşkilatının liderlərindən olan Monte Melkonyan 1993-cü ildə Qarabağ müharibəsində erməni milislərinin komandiri olaraq iştirak edib. 1980-ci ildə ASALA terror təşkilatının üzvü olaraq Avropada türk diplomatları şəhid edib. Bu qatillərin adlarının yazıldığı abidə bölgədə HDP və DBP bələdiyyələrinin kimlərlə əməkdaşlıq etdiklərinin, həmçinin, "Böyük Ermənistan" ideyasına xidmət etməsinin sübutudur. Daxili İşlər Nazirliyi və Tunceli Valiliyi buna son qoymalıdır. Terror təşkilatları ilə mübarizəyə başladığımız bir vaxtda bu terrorçuların adına abidənin qoyulmasına icazə verilməməlidir".
G.Gülbey bu məsələ ilə bağlı Türkiyə prezidentinə və baş nazirə müraciət edəcəklərini açıqlayıb: "Bu qondarma abidənin sökülməsini və bunu edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını istəyirik".
Bütün bu narazılıqlardan sonra Türkiyənin əlaqədar qurumlarının sözügedən abidəni sökmək haqda qərar qəbul etdiyi bildirilir.
Son qərarla bağlı fikirlərini qəzetimizlə bölüşən Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini Xəzər Teyyublunun sözlərinə görə, Türkiyə məhz bu cür qərar verməli idi: "Çünki ucqar bir kənddə aşkarlanan abidə hər iki ölkədə böyük narazılıqla qarşılandı. Biz deyə bilmərik ki, bundan Türkiyə rəhbərliyinin məlumatı olub. Ancaq, istənilən halda, bu yaxşı nəsə vəd etmirdi. Hətta buna görə Türkiyədən inciyən vətəndaşlarımız belə vardı. PKK heç zaman ermənilərdən ayrı olmayıb və bu gün də ayrı deyil. PKK ilə erməni ASALA terror təşkilatı həmişə iç-içə olublar. Türkiyədə kürd təşkilatları adı ilə fəaliyyət göstərən əksər qurumların birbaşa rəhbərliyi, ya da rəhbərliyində təmsil olunan şəxslərin kimliyini yoxlasanız, əksəriyyəti ya ermənilərlə qarışıq nikahlı, ya da erməni kökənlidir. Sadəcə, bu şəxslər kürd kimliyi altında fəaliyyət göstərir, özlərini kürd adlandırır. Ona görə də bu cür abidənin ortalığa çıxması da təəccüblü deyil və Türkiyə əleyhinə atılan növbəti bir təxribat hadisəsidir. Bu təkcə Türkiyəni əhatə edəcək bir olay deyil, həm də Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirmək məqsədilə atılmış addımdır. Sevindirici haldır ki, həmin abidənin məhv edilməsilə bağlı qərar qəbul olundu".
Məhəmmədəli QƏRİBLİ