"Hesab edirəm ki, Putin Dağıstan rəhbərinə çox doğru istiqamət göstərib"
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 26-da Rusiya Federasiyası Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı R.Abdulatipovun Azərbaycanın yüksək dövlət mükafatına layiq görülən Dağıstanın ilk rəhbəri olduğunu deyib və mükafatı təqdim etməkdən məmnunluğunu bildirib.
Azərbaycan Respublikası ilə Dağıstan Respublikası və xalqlarımız arasında əlaqələrin daha da yaxınlaşdırılmasında R.Abdulatipovun xidmətlərinə toxunan Prezident Dağıstanın inkişafında onun rolunu vurğulayıb. Bu il Dağıstanın əldə etdiyi uğurları qeyd edən dövlət başçısı gələn ildə də Dağıstanda yeni nailiyyətlərin qazanılacağına ümidvar olduğunu bildirib. Prezident İlham Əliyev Dağıstanla əməkdaşlığın uğurla inkişaf edən Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin daha da möhkəmləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib.
R.Abdulatipov vurğulayıb ki, Rusiya prezidenti Vladimir Putinlə görüşləri zamanı dəfələrlə qeyd edib ki, qonşu Azərbaycanın inkişafı yaxşı nümunədir. Dağıstanın rəhbəri bildirib ki, Azərbaycanın paytaxtında, ümumilikdə bütün respublikada olan sabitlik onlar üçün nümunədir. O qeyd edib ki, Rusiya dövlətinin başçısı onlara Azərbaycanın təcrübəsindən istifadə etməyin mümkünlüyünü bildirib və Dağıstanın Rusiya-Azərbaycan münasibətlərinin inkişafında rolunu vurğulayıb.
Göründüyü kimi, Dağıstan prezidenti səmimi şəkildə etiraf edib ki, Putin tərəfindən Azərbaycandakı inkişaf və stabillik onlara örnək kimi göstərilir. Bu nəyin əlaməti sayıla bilər?
Politoloq Qabil Hüseynli qəzetimizə açıqlamasında bildirdi ki, bu, Azərbaycandakı real vəziyyətdən irəli gələn nümunənin göstəricisidir: "Azərbaycanla Dağıstan həmsərhəd və qonşudur. Orada da müsəlmanlar kompakt yaşayır. Buna baxmayaraq, bizimlə müqayisədə stabillik fərqlidir. Dağıstanda milli və dini zəmində tez-tez qarşıdurmalar baş verir. Bizim ölkəmizdə olan multikultural təbliğatı isə bütün dünyaya örnək göstərirlər. Məhz bunun nəticəsidir ki, ölkəmizdə inkişaf və sabitlik təmin edilib. Hesab edirəm ki, Putin Dağıstan rəhbərinə çox doğru istiqamət göstərib. Çünki bu sahədə ölkəmizin əldə etdiyi təcrübədən yararlanmaq onlara müsbət mənada çox şeyləri bəxş edər. Biz Dağıstanla qonşu olduğumuz üçün bir çox sahələrdə informasiya mübadiləsi edə bilərik".
Məhəmmədəli QƏRİBLİ