Hərbi sahədə Azərbaycan və Ermənistan arasında fərqin böyük ölçüdə ölkəmizin lehinə dəyişməsi düşmən ölkədə də açıq etiraf olunur. O da vurğulanır ki, Azərbaycanın hər il hərbi sahəyə Ermənistanın dövlət büdcəsindən daha çox vəsait ayırması hərbi müstəvidə fərqi getdikcə artırır.
Bu şəraitdə Ermənistan Rusiyadan nə qədər güzəştli şərtlərlə silah alsa belə, yenə Azərbaycanla müqayisədə bu fərqi azalda bilməyəcək. Hazırda düşmən ölkənin yeganə təsəlli yeri olan "İsgəndər" raketləri də vəziyyəti dəyişmir. Hətta Rusiya Dövlət Dumasının deputatı, general Viktor Vodolaskinin bu şəraitdə ermənilərdə yalançı ümid yaradan açıqlamaları da vəziyyətə təsir etmir. Onun sözlərinə görə, Rusiya Azərbaycana "İsgəndər" raketləri satmayacaq: "Vaxtilə Rusiya Dövlət Dumasının Müdafiə məsələləri üzrə komitəsinin sədr müavini olduğumdan, çox şeydən xəbərdaram. Buna görə də mən çox şeyi yaxşı bilirəm. Bu məsələ müdafiə, təhlükəsizliklə, Rusiyanın hərbi sənaye kompleksi ilə bağlıdır. Biz "İsgəndər" raketini yalnız bir ölkəyə satmışıq, o da Ermənistandır. "İsgəndər" başqa heç bir ölkəyə satılmayacaq. Biz dünyada əsas silah təchizatçıyıq. Biz rekatləri yaxşı hazırlayırıq. Aydındır ki, biz dünyanın bir çox ölkəsinə, həmçinin Azərbaycana silah satırıq. Ancaq biz onlara hücum xarakterli silahlar satmırıq. Mən bilirəm ki, bu silahlar Qarabağ münaqişəsi zonasında istifadə edilməyəcək". Amma elə erməni mediası yazır ki, Azərbaycan artıq "İsgəndər" raketlərinə qarşı etibarlı müdafiə sistemi yarada bilib. Söhbət Azərbaycan Silahlı Qüvvələrinin 5 il əvvəl sifariş verdiyi "İldırım", başqa sözlə, orijinal adı "Barak-8" olan uzaq mənzilli zenit-raket komplekslərindən gedir. "Jewishpress.com" saytının İsrailin Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, Azərbaycan uzaq məsafəli "Barak-8" raket əleyhinə müdafiə sistemini uğurla sınaqdan çıxarıb. Sayt yazır: "Azərbaycan İsrailə uzaq məsafəli operativ raket sisteminin yerüstü versiyasını sifariş edib. Sifarişə ümumilikdə 12 raketburaxma qurğusu və 75 raket daxilir. Sistem dərə-təpə ərazidə MAZ 6x6 yük avtomobilinin şassisinə birləşdirilib. "Barak-8" raket əleyhinə müdafiə sistemi hava təhlükələrindən, o cümlədən təyyarələrdən, helikopterlərdən, qanadlı raketlərdən və pilotsuz uçan aparatlardan müdafiə üçün nəzərdə tutulub. Raketlər 70-90 kilometrədək məsafədən təyyarələri vurmaq iqtidarındadır".
Xatırladaq ki, bu günlərdə hərbi təlimlərdə "Barak-8" komplekslərinin atışı həyata keçirilib. Ekspertlər diqqəti ona yönəldir ki, hazırda Azərbaycanın hava hücumundan müdafiəsi, demək olar ki, pilləli şəkildə müasir hava hüjumundan müdafiə sistemləri hesabına tam bağlanır. HHQ-nin silahlanmasına uzaq mənzilli S-300 PMU-2 "Favorit", Belarusdan alınan "Buk-MB", orta mənzilli S-125 "Peçora TM-2", "Osa-AKM", İsraildən alınan "Spider", qısa mənzilli "Kruq", "Strela" və digər zenit-raket kompleksləri daxildir. İndi bura "Barak-8" kompleksləri də əlavə olunub. "Azəridefens" portalı bildirir ki, adıçəkilən komplekslər Azərbaycanın satın almaq istədiyi "Dəmir Qübbə" kompleksinin əsas elementidir. Onu da qeyd edək ki, İsrail versiyasında "Dəmir Qübbə" əsasən 122 və 155 mm-lik "yer-yer" tipli raketlərə qarşı tətbiq edildiyi halda, Azərbaycanın əldə edəcəyi sistem bunun əksinə, hava hücumundan müdafiə üçün nəzərdə tutulur. Yəni düşmənin "Qrad" və bu tip raketlərinə qarşı deyil, operativ-taktiki raketlərinə və hava vasitələrinə qarşı. "Barak-8" komplekslərinin atış mənzili 90 km, "Barak-8ER" konfiqurasiyasınınkı isə 150 kilometrə yaxın, hədəfi məhv etmə yüksəkliyi isə 16 000 metrə yaxındır. Yüksək manevr qabiliyyətinə malik "Barak 8" iki pilləli raket mühərrikinə sahibdir və şaquli atışla buraxılır. Raket aktiv arayıcı başlıq sayəsində hədəfə yönəlir. Zenit-raket kompleksinin istehsalçısı İsrailin "Rafael" şirkəti olsa da, kompleksin nəzarət-müşahidə radarı İsrailin əsas dövlət hərbi sənaye müəssisəsi olan "Israel Aerospace Industries" holdinqinə daxil olan "Elta Systems" tərəfindən istehsal olunur. Bütün bunlar isə Azərbaycanın Ermənistan qarşısında üstünlüyünü əhəmiyyətli dərəcədə artırır.
Nahid SALAYEV