"Rusiya həmin təyyarələri hazırda xarici bazara satır və antireklam olmasın deyə, bu versiyanın üzərindən sükutla keçir"
Rusiya Müdafiə Nazirliyinə məxsus Tu-154 təyyarəsinin qəzaya uğrama səbəbi ilə bağlı ilkin versiya açıqlanıb. Rusiya mətbuatı xəbər verir ki, xüsusi komissiya tərəfindən ilkin səbəb kimi göyərtədəki texniki nasazlıq göstərilir. Məlumata görə, nasazlıq kritik həddə olub və önləmək mümkün olmayıb.
Hadisə ilə bağlı terror versiyası istisna edilir. Qəzanın pilotların səhvi ucbatından baş verməsi də ehtimal edilmir. Belə ki, ekipaj üzvləri kifayət qədər peşəkar və təcrübəli olub.
Hadisənin baş verdiyi vaxt hava şəraitinin də uçuşun həyata keçirilməsi üçün uyğun olduğu bildirilir. Belə olan təqdirdə Suriyaya uçuş edən rus təyyarəsi niyə qəzaya uğrayıb?
Hadisənin Ankarada rus səfirinin qətlindən az sonra baş verməsi terror ehtimalının tərəfdarlarının mövqeyini xeyli gücləndirir. Azərbaycan ekspertləri nə düşünür? Bu ehtimalı bölüşürmü?
Təhlükəsizlik qurumlarının sabiq əməkdaşı Elşən Həsənov qəzetimizə açıqlamasında hava gəmisinin qəzaya uğraması ilə əlaqədar səslənən versiyalara aydınlıq gətirdi: "Hökumət komissiyası yaradılıb. Yaradılan komissiya Soçidə qəzaya uğrayan "Tu-154" təyyarəsində terror aktı törədilməsi versiyasını birmənalı şəkildə inkar edir. Terror versiyası ona görə aktuallıq kəsb edir ki, təyyarə Suriyaya doğru hərəkət edirmiş. Bundan əlavə, təyyarənin göyərtəsində 92 nəfər sərnişin arasında 8 hərbçi, Aleksandrov adına hərbi ansamblın 64 artisti, Rusiya telekanallarının 9 əməkdaşı, "Ədalətli yardım" xeyriyyə fondunun rəhbəri Yelizaveta Qlinka və iki federal məmur olub. Kontingentin bu şəkildə olması bir çox versiyalara yol açır. Hazırda Suriyadakı mövqeyinə görə, Rusiya bütün istiqamətlərdən hücuma məruz qalır. Türkiyədə öldürülən Rusiya səfiri də bu hadisələrin qurbanı oldu. Bu baxımdan da təyyarə ilə bağlı təxribat olduğunu düşünənlər daha çoxdur. Ancaq mən bunu mümkün variant kimi qəbul etmirəm. Hadisənin başvermə səbəbini daha çox Rusiya istehsalı olan "Tu-154" təyyarəsinin istismar müddətini başa vurması ilə izah edirəm. Düzdür, Rusiya həmin təyyarələri hazırda xarici bazara satır və antireklam olmasın deyə, bu versiyanın üzərindən sükutla keçir".
Məhəmmədəli QƏRİBLİ