"Bacardığımız qədər belə hallara etirazımızı bildirməliyik ki, ermənilər gördükləri işlərin müvəqqəti xarakter daşıdığının fərqinə varsın"
Azərbaycanın işğal olunmuş ərazilərindən çirkin məqsədlər üçün istifadə edən ermənilər yeni layihəyə start vermək istəyir. Qeyd edək ki, indiyədək işğal olunmuş ərazilərdə ermənilərin hansı əməllər törətdiyi barədə kifayət qədər faktlar açıqlanıb. Narkotiklərin tranziti, əkilib becərilməsindən tutmuş, qanunsuz miqrasiyaya qədər konkret faktlar təqdim olunub.
Qondarma qurumun rəhbərliyi indi də həmin ərazilərdə tütünçülüyü inkişaf etdirməyi düşünür. Ermənistan KİV-inin verdiyi məlumata görə, bu ideyanı reallaşdırmaq istiqamətində Bako Saakyanın "Qrand Holdinq" kampaniyasının prezidenti Mixael Vardanyan və "Masis Tobako" şirkətinin rəhbəri Qğanes Tadevosyanla görüşü olub. Bildirilir ki, görüşdə Dağlıq Qarabağ ərazisində tütünçülüyün inkişaf etdirilməsinə dair razılaşma əldə edilib. Hətta deyilən şirkətlərin Dağlıq Qarabağ ərazisində tütün emal edən zavad tikmək kimi planının olduğu da bildirilir.
Bu ideyalar reallaşarsa, Azərbaycanın ərazisinə ekoloji cəhətdən hansı təsiri ola bilər?
Ekoloq Telman Zeynalov qəzetimizə açıqlamasında bildirdi ki, ermənilərdən hər zaman "sürprizlər" görürük: "Həmin ərazilər Azərbaycana aid olduğu üçün, orada nəyinsə tikilməsinə mütləq biz icazə verməliyik. Amma əraziləri işğal edən kriminal rejim buna məhəl qoymur. Biz konkret faktlar əsasında həmin ərazilərdə hansı qanunsuzluqlarla məşğul olunduğunu dəfələrlə sübut etmişik. Həmin dəlillər beynəlxalq təşkilatlara təqdim olunub. Onlar bilirlər ki, ərazilərə müvəqqəti nəzarət edirlər. Bu səbəbdən də ağıllı layihələr reallaşdırmırlar. Bilirlər ki, nəsə tikib yaratsalar, sonda Azərbaycana qalacaq. Tütünçülüyün inkişafına gəldikdə isə, həmin ərazilər tütünçülüyün əkilib becərilməsi üçün məhsuldardır. Ancaq tütünü emal edib siqaret hazırlayan zavodun tikilməsi isə ekologiyaya çox ziyandır. Bunun üçün mütləq Azərbaycanın müvafiq qurumlarının icazəsi olmalıdır. Ermənilər işğal olunmuş ərazilərdə bizim ekologiyamıza onsuz da ciddi zərbə vurub. Nadir ağac növləri olan meşələrimizi belə məhv edib xaricə valyuta ilə satıblar. Hazırda bizim orada gedən proseslərin qarşısını almağa gücümüz çatmır. Amma bu o demək deyil ki, ağzımıza su alıb oturmalıyıq. Bacardığımız qədər belə hallara etirazımızı bildirməliyik ki, ermənilər gördükləri işlərin müvəqqəti xarakter daşıdığının fərqinə varsın".
Məhəmmədəli QƏRİBLİ