Avropada baş verən proseslər burada vahid valyuta olan avronun taleyinə də ciddi surətdə təsir etməkdədir. Hesab olunur ki, müəyyən Avropa ölkələrində ultrasağçı qüvvələrin popularlıq qazanaraq hakimiyyətə gəlmək şanslarının artması Avropa İttifaqının (Aİ) taleyini ciddi sual altına alıb və bu vəziyyətdə avro gələn il ərzində əhəmiyyətli dərəcədə dəyərdən düşüb dövriyyədən çıxa bilər.
Qeyd edək ki, ABŞ-da Donald Trampın qələbəsindən sonra bir çox Qərbi Avropa ölkələrində də ultrasağçılar fəallaşıb. Məsələn, İtaliyada Rusiyapərəst "Şimal Liqası" seçkilərdə qalib gəlmək planlarını elan edib. Fransada ultrasağçıların lideri, Rusiyadan kredit alıb siyasi fəaliyyətini maliyyələşdirən Marin Le Pen də qələbə anonsu verib. Hollandiyada gələn il keçiriləcək parlament seçkilərində isə ultrasağçı Geert Vildersin qalib gəlmək şansı böyükdür. Amma indi əsas diqqət Fransaya yönəlib. Fransanın "Milli cəbhə" partiyasının lideri Marin Le Pen ölkəsinin Avropa İttifaqı, NATO və avrozonadan çıxmasının zəruri olduğunu bəyan edib. "Kommersant" qəzeti yazır ki, bu barədə o, Yunanıstanın "Demokratiya" qəzetinə müsahibəsində bildirib: "Frexit" mənim siyasətimin əsasını təşkil edəcək. İnsanlar azad səsvermə hüququna malik olmalı, Brüsselin qulu olmaqdan və şantajlarından qurtulmalıdır. Mən öz ölkəmin suverenliyini qaytaracağam". Beləliklə, Britaniyanın Avropa İttifaqından çıxmasını nəzərdə tutan "Brexit"dən sonra indi də "Frexit", yəni Fransanın bu ittifaqdan çıxması həyata keçə bilər. Seçkilərdə qalib gəlmək şansları yüksək olan Le Pen vahid valyuta, yəni avronu şantaj aləti kimi qiymətləndirir: "Harada avro var, orada işsizlik, yüksək qiymətlər, yüksək vergi, azalan pensiya və müavinətlər, aşağı maaş və kasıb insanlar var". Siyasətçi, həmçinin Portuqaliya, İspaniya, İrlandiya, Yunanıstan və Kiprin də Aİ-dən ayrılmasının vacibliyini və onları Fransa ilə eyni gündə Aİ-dən çıxmasına çalışacağını qeyd edib: "Fransa ilə bərabər, Aİ-dən Portuqaliya, İtaliya, İspaniya, İrlandiya, Yunanıstan və Kipr də çıxmalıdır. Onların Fransa ilə eyni anda ittifaqdan uzaqlaşması daha yaxşı olardı. İnsanlar gərək Brüsseldəki texnokratlardan azad olmaq üçün səs vermək imkanına sahib olsunlar. Biz ölkənin suverenliyini qaytarmalıyıq. İngilislər bunu başa düşdülər və Aİ-dən çıxmağa səs verdilər. Avro valyuta yox, şantaj vasitəsidir. Avronun olduğu hər yerdə qiymətlər, vergilər, işsizlik artıb. Avropa İttifaqı gərək milli suverenliyə hörmət edən dövlətlərin azad konfederasiyası olsun. Beynəlxalq Valyuta Fondu isə ləğv edilməlidir. Biz NATO-da qalmayacağıq. Alyans SSRİ-yə qarşı yaradılmışdı, amma indi SSRİ yoxdur. Vaşinqton bu alyansı özünün Avropadakı hədəflərinə çatmaq üçün saxlayır".
Xatırladaq ki, Le Pen sağ mühafizəkar "Respublikaçılar" partiyasının sədri Fransua Fiyonla Fransada keçiriləcək prezident seçkilərində yarışacaq. Seçkilər aprel-may aylarında iki turda keçiriləcək. Ekspertlər bildirir ki, aprel ayı yaxınlaşdıqca vahid Avropa valyutası ciddi təzyiqlərlə üzləşəcək. Buna səbəb isə Aİ-nin ikinci böyük iqtisadiyyatı olan Fransanın Aİ-dən ayrılması təhlükəsidir. Belə ki, Le Penin seçilməsi digər Aİ ölkələrini də ittifaqdan ayrılmağa həvəsləndirəcək. Bu səbəbdən avronun məzənnəsinin artıq gələn ilin ilk rübün sonunda 1 dollar üçün 0,90 avro səviyyəsinə enməsi ehtimal edilir. Avronun ucuzlaşmasına, həmçinin, iqtisadi amillər də mənfi təsir göstərir. Belə ki, ABŞ və Aİ-nin uçot dərəcələri arasındakı fərq getdikcə dollar lehinə artır. Digər tərəfdən son bir il ərzində avrozonadan rekord həcmdə kapital axını baş verib. Avropa Mərkəzi Bankının statistik hesabatına əsasən, bu, avrozona yaradılandan sonra ən iri həcmdə kapital axını olub. Belə ki, hesabat dövründə avrozona investorları xaricdə 497,5 milyard avro həcmində səhm və istiqrazlar alıb. Qlobal investorlar isə avrozonada 31,3 milyard avroluq maliyyə aktivi satıb. Beləliklə, xalis kapital axını 528,8 milyard avro təşkil edib. Nəticədə, avro dollar qarşısında daha çox ucuzlaşıb. Qeyd edək ki, ABŞ Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini artıraraq 0,75%-ə çatdırması və 2017-ci ildə daha 3 dəfə artımla bağlı gözləntisinin olduğunu söyləməsindən sonra dollara tələbat ciddi şəkildə artıb. Avrozonada isə faizlərin sıfır və mənfi diapazonda olması avrodan qaçışı sürətləndirib. Təbii ki, ucuzlaşan avro, digər ölkələr kimi, valyuta ehtiyatlarında bu pulun həcmi yüksək olan Azərbaycana da təsirsiz ötüşməyəcək. Ekspertlər hesab edir ki, avronun ucuzlaşması Avropadan Azərbaycana idxalın artmasına səbəb ola bilər. Söhbət burada avtomobillərdən, məişət və ofis texnikasından, geyimlərdən və digər idxal mallarından gedir. Digər tərəfdən, baş verən proses Azərbaycanın ixracına da mənfi təsir edə bilər. Eləcə də bu valyutanın ucuzlaşması Avropada daşınmaz əmlak bazarının cəlbediciliyini artıracaq. Xaricdən daşınmaz əmlak alışına maraq göstərən vətəndaşlarımız köhnə qitənin daşınmaz əmlakına yatırım edə bilər. Bununla yanaşı, valyuta ehtiyatlarımızdakı həm depozit, həm də qiymətli kağız şəklində yerləşdirilmiş avro aktivləri dəyərini xeyli itirə bilər. Eləcə də Azərbaycan banklarında avro ilə yerləşdirilən əmanətlər dəyərini itirə bilər.
Nahid SALAYEV