"Çox istərdik ki, əlində Ermənistana təzyiq göstərmək üçün kifayət qədər təsir rıçaqları olan İran fransalı diplomatın dediyi kimi davransın"
İran prezidenti Həsən Ruhaninin Ermənistana səfəri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesində vacib rol oynaya bilər. Bu sözləri Fransa Senatının xarici işlər komitəsinin sədr müavini Natali Qule deyib. Onun fikrincə, həm Azərbaycan, həm də Ermənistanla yaxşı münasibətlər yaratmış İran Dağlıq Qarabağ məsələsində ədalətli həll yolunun tapılmasında yardım edə bilər.
O qeyd edib ki, ərazisində 40 milyon azərbaycanlının və çoxsaylı erməni icmasının yaşadığı İran bu məsələdə mərkəzi rol oynaya bilər.
N.Qule deyib ki, İran Dağlıq Qarabağ məsələsinin ədalətli həllini şərt olaraq təklif edərək Ermənistanın dağılan iqtisadiyyatına kömək edə bilər. Bunlar olduqca maraqlı fikirlərdir və həyata keçəcəyi təqdirdə böyük təsir göstərə bilər. İran bu istiqamətdə fransalı diplomatın dediyi rolu oynaya bilərmi?
Politoloq Qabil Hüseynli qəzetimizə bildirdi ki, İranın region ölkələrinə təsir imkanları çoxdur: "Ancaq biz uzun müddətdir İranın bu istiqamətdə səmərəli fəaliyyətini görmürük. Bəli, İran bu gün Ermənistan üçün yeganə nəfəslik rolunu oynayır. Yürütdüyü işğalçı siyasət səbəbindən iqtisadi blokadaya düşən Ermənistana İran bütün istiqamətlər üzrə kömək göstərir. Biz hələ ki, İranın Ermənistana təzyiq etdiyini görməmişik. Halbuki, özünü islam təəssübkeşi sayan ölkə haqqı-ədaləti müdafiə etməyə borcludur. Hazırda Ermənistanın İranın köməyinə böyük ehtiyacı var. İran bunun müqabilində müəyyən şərtlər irəli sürə bilər. Ancaq biz əksini görürük. İran bizə şərt qoyur və deyir ki, İsraillə əlaqələr kəsilməlidir. İran prezidentinin Ermənistana etdiyi səfərin tarixinə baxın. Netanyahu Azərbaycana səfər edəndən sonra bu reallaşdı. Görünən odur ki, İran Ermənistan vasitəsilə bizə təzyiq göstərməyə çalışır. Amma çox istərdik ki, əlində Ermənistana təzyiq göstərmək üçün kifayət qədər təsir rıçaqları olan İran fransalı diplomatın dediyi kimi davransın".
Məhəmmədəli QƏRİBLİ